Torpaqların çirklənməsi üzrə monitorinq

                                             Torpaqların çirklənməsi üzrə monitorinq

Torpaqların çirklənməsi üzrə monitorinq işləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
  • İri sənaye şəhərlərində yerləşən müəssisələrin ərazi və ətraf torpaqlarının sənaye-texnogen tullantılar- ağır metallarla (nikel, qurğuşun, manqan, xrom, sink, mis, kadmium, dəmir, alminium) çirklənməsi üzrə Bakı, Sumqayıt, Gəncə şəhərlərində;
  • Kənd təsərrüfatı torpaqlarının xlorüzvi, fosforüzvi pestisid və herbisidlərlə çirklənməsi üzrə hər il 3 rayonda (Ağdam, Ağdaş, Ağcabədi, Biləsuvar, Bərdə, Göyçay, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və s.) olmaqla yaz və payız aylarında;
  • Torpaqların ekoloji vəziyyəti, bərk sənaye (toksiki) və məişət tullantıları ilə çirklənməsi üzrə Respublika Regional Ekologiya İdarələrindən hər ay mütəmadi olaraq məlumatlarının daxil olması ilə;
  • Atmosfer yağıntılarından sonra götürülən torpaq nümunələrinin atmosfer çirkləndiriciləri ilə çirklənməsi üzrə 21 (RHM) məntəqədə (Bakı, Sumqayıt, Pirallahı, Quba, Qırız, Xaçmaz, Mərəzə, Gəncə, Daşkəsən, Lənkəran, Biləsuvar, Kəlvəz, Sabirabad, İsmayıllı, Neftçala, Ağstafa, Şəki, Qəbələ, Damarçın, Zaqatala, Mingəçevir, Zərdab) monitorinqlərin aparılması ilə.
 
Qanunvericilik və metodologiya
Torpaqların çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir. Torpaqların çirklənməsinin monitorinqinin əsas vəzifələri torpaqların təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısının alınması məqsədi ilə torpaqlara atılan (axıdılan) tullantılara nəzarətin elmi və qanuni əsaslarla həyata keçirilməsindən, torpaqların çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsindən, ondan səmərəli istifadə üzrə layihələrin hazırlanması və proqnozların verilməsindən ibarətdir.