Ətraf mühitin radioaktivliyinin monitorinqi

Ətraf mühitin radioaktivliyinin monitorinqi

Radiasiya – kimyəvi elementlərin nüvələrinin parçalanması zamanı yaranan enerjinin alfa, beta, qamma şüaları  və Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanın ətraf mühitdə müxtəlif dalğa və hissəciklər formasında yayılmasıdır.  Ətraf mühitin təbii radiasiya fonu– kosmik şüalanmanın torpaq, hava, su və ətraf mühitin digər obyektlərindəki radioaktiv izotopların atmosferə səpələnən şüalarının miqdarının insan və digər canlı orqanizmlərə zərər verməyən ionlaşmış radiasiyasının təbii dərəcəsidir. Radiasiya fonunun təbii mühitdə formalaşmasında ilkin yeri kosmik şüalar, yəni atmosferə düşən böyük enerjili zərrəciklər tutur. Temperaturun dəyişməsi ilə əlaqədar  radiasiya fonu lokal olaraq dəyişir.
Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioaktiv çirklənməsi yaradır. Atmosferə radioaktiv maddələr təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxarıldıqda, reaktorların istismarı zamanı və atom partlayışları nəticəsində daxil olur. Qeyd etmək lazımdır ki, 1950-60-cı illərdə keçmiş SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin tərəfindən geniş miqyaslı yer üzərində və açıq okeanlarda nüvə silahı sınaqlarının aparılması nəticəsində atmosfer havası, su obyektləri və yerüstü torpaq qatları süni radioaktiv çirklənməyə məruz qalmışdır. Bununla yanaşı, ətraf mühitin radiasiya fonuna dünyanın müxtəlif ölkələrində Atom Elektrik Stansiyaları və digər obyektlərdə baş verən texnogen qəzalar da böyük təsir göstərir.
Bütün bunları nəzərə alaraq, Azərbaycanda 1965-ci ildən başlayaraq ölkə ərazisinin radiasiya fonu və ətraf mühitin radioaktiv çirklənməsinə 2 göstərici üzrə (təbii fon və atmosfer aerozollarının β-radioaktivliyi) mütəmadi müşahidələr aparılmağa başlanılmışdır. Hal-hazırda ətraf  mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr 40 məntəqədə gün ərzində 3 dəfə olmaqla  saat 09:00, 15:00, 18:00 radələrində radiasiya fonunun ölçülməsi ilə  aparılır ki, bu da respublikanın müxtəlif fiziki-coğrafi zonalarını və əksər inzibati rayonların ərazilərini əhatə edir. Digər 5 nöqtədə - Şərur, Şamaxı, Göy-göl, Zərdab, Kürdəmir rayonlarında radiasiya fonu haqqında məlumatların fövqəladə hallarda verilməsi nəzərdə tutulub.

2009-cu ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində nüvə texnologiyalarından istifadə edən ölkələrlə həmsərhəd olan Ağstafa, Sədərək, Beyləqan, Astara, Quba və Pirallahı rayonlarında yerləşən meteoroloji stansiyalarda radiasiya fonu üzərində tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sisteminin quraşdırılması təmin edilmişdir. Artıq 10 ildir ki, avtomatlaşdırılmış monitorinq nəzarəti sistemləri fəaliyyət göstərməkdədir və sistemlərdən ölçmə məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

Müşahidə məntəqələrindən daxil olmuş məlumatların nəticələrinə əsasən “Respublika ərazisində təbii mühitin faktiki radiasiya şəraiti” adlı gündəlik bülletenlər hazırlanaraq aidiyyatı üzrə dövlət orqanlarına çatdırılır, KİV-ə təqdim olunur və məlumatlar gündəlik olaraq Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.
Son illərin nəticələrinə əsasən Respublika ərazisinin radiasiya şəraiti aşağıda göstərilmişdir:
Günəş şüalarının fəallığından və dağlıq ərazilərdə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətindən asılı olaraq gündəlik radiasiya fonu Respublika ərazisində mövsümlər üzrə dəyişkəndir. Daxil olan ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron bölgəsində (Bakı-Əhmədli, Maştağa, Pirallahı, Xırdalan, Sumqayıt) gündəlik təbii radiasiya fonu qış fəslində 6-14 mkR/saat, yaz fəslində 6-14  mkR/saat, yay fəslində 6-14 mkR/saat, payız fəslində 6-13 mkR/saat arasında dəyişir və  təbii fondan kənaraçıxmalar müşahidə olunmur.
Naxçıvan MR-ın ərazisində (Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şərur, Sədərək) gündəlik təbii radiasiya fonu qış fəslində 10-15 mkR/saat, yaz fəslində 10-13  mkR/saat, yay fəslində 10-15 mkR/saat, payız fəslində 10-13 mkR/saat arasında, təbii fon daxilində dəyişdiyi müşahidə olunur.
Kiçik Qafqaz bölgəsində yerləşən məntəqələrdən (Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən) gündəlik daxil olan müşahidə məlumatlarına əsasən, bu bölgədə təbii radiasiya fonu qış fəslində 6-13 mkR/saat, yaz fəslində 7-14  mkR/saat, yay fəslində 6-15 mkR/saat, payız fəslində 7-13 mkR/saat arasında dəyişir və ümumilikdə bölgənin gündəlik radiasiya şəraitinin təbii fon daxilində dəyişdiyi müşahidə olunur.
Böyük Qafqaz bölgəsində (Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Xaçmaz)  gündəlik radiasiya fonu göstəriciləri qış fəslində 6-30 mkR/saat, yaz fəslində 7-27 mkR/saat, yay fəslində 6-30 mkR/saat, payız fəslində 6-30 mkR/saat arasında dəyişdiyi müşahidə olunur. Bu bölgədə gündəlik radiasiya şəraitində kiçik amplitudalarla kənaraçıxmalar olsa da (illik 5-26 mkR/saat),  təbii fon daxilində dəyişir. Qeyd etmək lazımdır ki, bu bölgənin dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir və xırda kənaraçıxmalar mövsümi xarakter daşıyır.
Mərkəzi Aran bölgəsindəki məntəqələrdən (Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Zərdab, Göyçay, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar) gündəlik daxil olan müşahidə məlumatlarına əsasən bu bölgədə təbii radiasiya fonu  qış fəslində 6-18 mkR/saat, yaz fəslində 6-20  mkR/saat, yay fəslində 6-22 mkR/saat, payız fəslində 6-18 mkR/saat arasında dəyişdiyi qeydə alınır və  təbii fondan kiçik kənaraçıxmalar müşahidə olunsa da, bunlar mövsümi xarakter daşıyır və ümumilikdə bölgənin radiasiya şəraiti təbii fon (illik 5-20 mkR/saat) daxilində dəyişir.
Lənkəran-Astara bölgəsindən daxil olan gündəlik müşahidə məlumatlarına əsasən  bu bölgədə təbii radiasiya fonu qış fəslində 7-20 mkR/saat, yaz fəslində 7-13  mkR/saat, yay fəslində 7-20 mkR/saat, payız fəslində 9-23 mkR/saat arasında dəyişdiyi müşahidə olunur. Bu bölgədə də mövsümi xarakter daşıyan kiçik kənaraçıxmalar müşahidə olunsa da, gündəlik radiasiya şəraiti ümumilikdə təbii fon (5-19 mkR/saat) daxilində dəyişir.
Atmosfer aerozollarının β–radioaktivliyi üzrə müşahidələr Respublika ərazisində yerləşən 11 məntəqədən (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan,  Ağstafa, Beyləqan və Xəzər dənizinin açıq akvatoriyası -Neft daşlarından) gündəlik olaraq götürülmüş  planşet nümunələrində Cs137, K40, Sr90 radionuklidlərinin analizi əsasında aparılır.
Respublikanın  ayrı-ayrı bölgələri üzrə yuxarıda qeyd olunmuş müşahidə məlumatlarından göründüyü kimi, bəzi bölgələrdə (Böyük Qafqaz,  Mərkəzi Aran, Lənkəran-Astara bölgələri) radiasiya şəraitində kiçik amplitudalarla kənaraçıxmalar olsa da, ümumilikdə təbii fon daxilində dəyişdiyi müşahidə olunur.

Qanunvericilik və metodologiya
Ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsində  fəaliyyət Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” kı Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” kı (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib)  Əsasnamə ilə həyata keçirilir.