Hesabatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2019-cu il ərzində görülmüş işlər
 

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Ölkə rəhbərliyinin ekoji məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində 2019-cu ildə bir sıra layihələr həyata keçirilib, ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”,  “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”,  “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Nazirliyin fəaliyyətinin əsas prioritet istiqamətləri tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə  olunmasında mütərəqqi üsullardan istifadə, çirklənmiş ərazilərin bərpası, istilik effekti yaradan qaz tullantılarının azaldılması, atmosfer havasının mühafizəsi və ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin, həmçinin monitorinq və laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi, yaşıllıqların mühafizəsi, tullantı sularının idarə olunması, Xəzər dənizinin çirklənmədən qorunması, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və hasilatı prosesində ətraf mühitə təsirlərin azaldılması, su ehtiyatlarının, o cümlədən transsərhəd suların inteqrasiyalı idarə olunması, su ehtiyatlarının qiymətləndirilməsi, onların dövlət uçotunun təkmilləşdirilməsi və sudan səmərəli istifadənin təmin edilməsidir.

2019-cu il ərzində plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə genişmiqyaslı təbliğat kampaniyası aparılıb, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici xarakterli çap və video materiallar hazırlanıb, bu materialların yayılması ilə bağlı tədbirlər görülüb,  kütləvi  informasiya vasitələrində davamlı olaraq maarifləndirici proqramlar və təbliğat-təşviqat tədbirləri həyata keçirilib, nazirliyin facebook və instagram səhifələrində polietilen torbalar, onların ətraf mühitə və sağlamlığımıza mənfi təsirləri, dünya ölkələrinin plastikdən imtina və onun istifadəsinin məhdudlaşdırılması ilə əlaqədar təcrübələri, eyni zamanda polietilen torbaların alternativləri barədə paylaşımlar edilib, nəticədə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb. Bu məsələ ilə bağlı ictimai fəallığı artırmaq üçün ölkəmizdəki səfirliklərin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici iməciliklər təşkil olunub, ərazilər plastik tullantılardan təmizlənib.

Bərk məişət və plastik tullantıların idarə edilməsinin gücləndirilməsi ilə bağlı Bakı, Sumqayıt, Gəncə daxil olmaqla ölkənin bütün regionlarında, o cümlədən 11 rayon mərkəzində İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyəti orqanları və sahibkarların iştirakı ilə regional görüşlər keçirilib.

Plastik tullantıların toplanıb təkrar emala çatdırılması üçün xüsusi konteynerlər hazırlanaraq 37 şəhər və rayonda yerləşdirilib.

Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, bu təcrübələr əsasında müqayisəli təhlil aparılıb, ölkə üçün məqbul variantlar seçilib və prioritetləşdirilib.

Yüngül çəkili (qalınlığı 15 mikrona qədər olan) polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı Qanun, həmçinin  qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihələri hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim olunub.

Çirklənmiş torpaqların ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftının bərpası, neftlə çirklənmiş torpaqların və müxtəlif maddələrlə çirklənmiş göl və gölməçələrin bərpası istiqamətində tədbirlər görülüb.

İtaliyanın “Wood Amec Foster Wheeler” şirkəti cəlb olunmaqla Abşeron yarımadasında gələcək istifadə təyinatından asılı olaraq təmizləmə metodologiyası nəzərə alınmaqla çirklənmiş ərazilərin beynəlxalq standartlara uyğun inventarlaşdırılması və qiymətləndirilməsi işləri görülüb.

“Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində ümumi sahəsi 66  ha olan ərazi tam bərpa edilib, lay suları, duz, yod və digər tullantılardan təmizlənib, drenaj şəbəkəsi çəkilib, yerli iqlim şəraitinə uyğun ağaclar əkilərək yaşıllıq zolağı salınıb. Ağaclar, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün Hövsan Aerasiya Stansiyasında təmizlənmiş su əlavə təmizlənərək istifadə olunur.

Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində ümumi  ərazisi 272 ha olan sahə bərpa edilib. Qeyd olunan sahələr neft və neft məhsulları ilə çiklənmiş şlamlardan  təmizlənib, çirkab su altında qalmış gölməçələr isə qurudularaq çirklənmiş ərazilərin bərpasından sonra 10 ha sahə yaşıllaşdırılıb.

İqlim dəyişmələrinə təsirlərin yumşaldılması məqsədilə istilik effekti yaradan qaz emissiyalarının azaldılması üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri həyata keçirilir, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü  ilə Koreya hökumətinin  KOİCA təşkilatı ilə birlikdə “İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı Milli Strategiya” sənədinin hazırlanması işlərinə başlanılıb.

BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçiriləcək “İqlim Dəyişmələrinə Milli Adaptasiya Planının hazırlanması üçün dəstək proqramı” üzrə Yaşıl İqlim Fondu ilə müvafiq müzakirələr aparılır.

İqlim Dəyişmələrinə təsirlərin yumşaldılması və uyğunlaşma fəaliyyətlərinin yerinə yetirilməsi üzrə BMT-nin İnkişaf Proqramı,   BMT-nin Ətraf Mühit Proqramı,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, həmçinin Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və digər inkişaf etmiş ölkələrlə əməkdaşlıq edilir.

Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıq layihəsi çərçivəsində  UNDP-nin dəstəyi ilə “Hazırlıq” (Readiness) layihəsi həyata keçirilmişdir. Hazırlıq layihəsinin məqsədi Fond ilə strateji əməkdaşlıq çərçivəsini müəyyənləşdirmək, iqlim dəyişmələri üzrə milli ekspertlərin texniki bacarıqlarının artırılması və Azərbaycanın İqlim dəyişmələrinin təsirlərinə adaptasiya həmçinin iqlim dəyişmələrinə təsirlərin yumşaldılması tədbirlərini həyata keçirilməsi üçün potensialın artırılmasından ibarət olmuşdur.Layihə çərçivəsində ölkə proqramının layihəsi hazırlanmışdır ki, bura İqlim dəyişmələri üzrə ölkə strategiyası, siyasəti, habelə adaptasiya və mitiqasiya ilə bağlı prioritetlər nəzərə alınmaqla müxtəlif sektorlardan layihə təklifləri daxil edilmişdir. ETSN-də bu layihə təkliflərinə baxılaraq Yaşıl İqlim Fonduna təqdim olunacaqdır.

Atmosfer havasının mühafizəsi məqsədilə ictimai iaşə obyektləri, o cümlədən restoran və şadlıq evlərindən atmosfer havasına atılan tullantıların qarşısının alınması istiqamətində maarifləndirmə və inzibati tədbirlər həyata keçirilir. Qoyulmuş tələblərə əməl etməyən müəssisələrin qanunvericilik çərçivəsində fəaliyyətlərinin dayandırılması istiqamətində işlər görülür.

Ümumilikdə 622 ictimai iaşə obyektinin ətraf ərazilərində monitorinqlər keçirilib, 161 akt və 166 protokol tərtib olunub, inzibati xətaya görə 160 vəzifəli şəxsə qarşı 474 800 manat cərimə tətbiq olunub, 6 şadlıq sarayının hüquqi şəxs qismində cərimə olunması üçün müvafiq sənədlər məhkəmə orqanlarına göndərilib. 55 ictimai iaşə obyektinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə orqanlarına müraciət olunub, 23 obyektin bağlanılması ilə bağlı müvafiq qərarlar çıxarılıb.

Atmosfer havasına atılan tullantıların qarşısının alınması üçün həmin obyektlərdə müvafiq avadanlıqların qurulması barədə göstərişlər verilmiş və ciddi nəzarətə götürülmüşdür. Bu istiqamətdə aparılmış tədbirlər nəticəsində 525 obyektdə qaz-toztutucu qurğular quraşdırılıb, digərlərində isə bu tip qurğuların quraşdırılması işləri gedir.

Atmosfer havasına atılan zərərli tullantıların əsas hissəsinin avtonəqliyyatın payına düşdüyünü nəzərə alaraq, avtomobillərdən atılan çirkləndirici maddələrin azaldılması məqsədilə aidiyyəti dövlət orqanları ilə işlər görülüb. Köhnə avtonəqliyyat vasitələrinin istismarının məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərdən və yanacaqdan (sıxılmış təbii qaz) istifadənin genişləndirilməsi üzrə beynəlxalq təcrübə araşdırılıb, müvafiq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı ilə birlikdə beynəlxalq ekspertlər cəlb olunmaqla “Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair Milli Meşə Proqramı” (2020-2030-cu illər) layihəsi və onun birinci mərhələdə həyata keçirilməsi üçün 2020-2025-ci illər üzrə Fəaliyyət Planı hazırlanıb.

2019-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında zeytun, badam, tut, xurma, ərik, heyva, iydə, qoz, fındıq, cökə, ərik, şabalıd, qarağat, nar, alma, alça, gavalı, şam, tuya, sərv, akasiya, katalpa, çinar, ağcaqayın və s. cinslərdən ibarət 1 764 min ağac əkilib.

Meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edərək əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə açıq meşə sahələrində 642 ha ərazidə aqrobağlar salınıb. Bununla yanaşı, aqrobağların salınması məqsədilə fiziki və hüquqi şəxslərə 7 619,7 ha ərazi icarəyə verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində 700 minə yaxın əkin materialı müraciət edənlərə əvəzsiz qaydada təqdim edilib.

Baramaçılığın inkişafı ilə məşğul olan  fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə tut bağlarının salınması üçün 2019-cu ildə daha 614 mindən artıq tut tingi ödənişsiz olaraq verilib.

Ümumilikdə 2019-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yetişdirilmiş 1 310 mindən artıq ağac tingi müraciət edən təşkilat və vətəndaşlara ödənişsiz qaydada verilib.

Nəsli kəsilmək təhlükəsi altında olan heyvanların reintroduksiyası və tarixi areallarının bərpası çərçivəsində 36 baş ceyran Şirvan Milli Parkından Korçay Dövlət Təbiət Qoruğunun və Qax Dövlət Təbiət Yasaqlığının ərazisinə köçürülüb. Bununla da, ötən dövr  ərzində reintroduksiya olunmuş ceyranların sayı 245 başa çatdırılıb.

İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyi ilə birgə nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə introduksiya olunması üçün   Şahdağ Milli Parkının ərazisində 305 hektar sahə ayrılıb və ərazidə bizonların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ildə Fransa və Belçika zooparklarından 12 baş Avropa bizonu gətirilərək bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılacaq. 2020-ci ildə daha 8 bizonun ölkəmizə gətirilməsi planlaşdırılır.

Balıqartırma fəaliyyətinin səmərəliləşdirilməsi üçün bəzi balıqartırma müəssisələrinin özəlləşdirilməsi işlərinə başlanılıb. Ölkədə fəaliyyət göstərən 605 balıqçılıq təsərrüfatının inventarlaşması və təhlili aparılıb, akvakultura subyektlərinin mövcud vəziyyəti, istifadə etdiyi torpaq sahəsi və su obyektləri qiymətləndirilib.

Azərbaycan Respublikasının Milli Su Strategiyası hazırlanıb. Strategiya sənədi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi prinsiplərinə əsasən qanunvericiliyin, institusional struktur və potensialın təkmilləşdirilməsi, transsərhəd sularla bağlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini əhatə edir. Strategiyanın məqsədi beynəlxalq standartlara uyğun olaraq ölkəmizdə su ehtiyatlarının idarə edilməsi, mühafizəsi, su təchizatı və tullantı sularının idarə olunması sisteminin inkişaf etdirilməsidir.

Aidiyyəti qurumlarla   birlikdə respublika üzrə illik su təsərrüfatı balansı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə 2 dəst Dopler radarı alınıb və quraşdırılması istiqamətində işlər gedir.

Kür və Araz çaylarının transsərhəd çirklənməsinin nəzarətdə saxlanılması üçün Qazax, Beyləqan və Neftçala  monitorinq laboratoriyaları, həmçinin Bakı şəhərində yerləşən laboratoriya mərkəzi müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Atmosfer havasının monitorinqi sisteminin  modernləşdirilməsi istiqamətində respublikanın iri  şəhərlərində atmosfer havasının avtomatik monitorinqi məntəqələrinin quraşdırlması istiqamətində  işlər aparılır.

Göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda “Balıq və digər su bioresursların sənaye ovuna kvota ayrılması və balıqovlama biletlərinin verilməsi, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi” və “Ovçuluq biletinin alınması və dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu” xidmətləri  “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməyə başlanılıb.

Meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə dövlət meşə fondu ərazilərində 14 030 ha sahədə meşəbərpa tədbirləri həyata keçirilmişdir. Bundan 1510 ha sahədə yeni meşə salınmış,  12520 ha sahədə isə təbii bərpa işləri aparılmışdır.

2019-cu il ərzində 60 693 м3 həcmində oduncaq tədarük olunub və təhsil, tibb müəssisələrinə, eləcə də hərbi hissələrə və əhaliyə müəyyən olunmuş qiymətləndirmə əsasında buraxılmışdır.

Hazırda ölkəmizdə ümumi sahəsi 892865,6 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

İl ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun  pozucularına qarşı 777 akt və 161 protokol tərtib edilərək cərimələr tətbiq olunub. 55 iş hüquq-mühafizə orqanlarına, 50 iş isə rayon məhkəmələrinə və icra və probasiya şöbələrinə göndərilib.

2019-cu il ərzində milli parkların ərazisinə daxil olan turistlərin sayı 98 837 nəfər olub ki, bu da 2018-ci illə müqayisədə 12 840 nəfər çoxdur.

Ötən ilin noyabr ayından başlayaraq milli parklarda idman, macəra turizmi, həvəskar balıq ovu, velo və piyada yürüşləri, qaçış marafonu, quşların müşahidəsi ilə əlaqədar tədbirlər həyata keçirilir.

Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi sahəsində balıqartırma müəssisələri tərəfindən 168 114 qızılbalıq, 3 417 208 çəkikimi və 342 000 nərəkimi balıqlar olmaqla, ümumilikdə 3 927 322 balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılıb.

İl ərzində 154 balıqçılıq subyektinə (o cümlədən, 10 hüquqi və 143 fiziki şəxs) 694 ton kilkə, 82  ton siyənək və 348,28 ton axçalı balıqların sənaye ovuna, 2 hüquqi şəxsə 4 000 ədəd göl qurbağasının və 2 fiziki şəxsə 5 500 ədəd tibb zəlisinin əmtəə məqsədi ilə akvakultura ovuna, habelə 1 hüquqi şəxsə 0,3 ton kütüm balıqlarının bərpa məqsədilə akvakultura ovuna kvotalar ayrılıb və balıqovlama biletləri verilib.

Ətraf mühitin mühafizəsi sahəsində 2019-cu il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3 617 akt və 1 227 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan  1 095 “məcburi göstəriş” verilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və sahil zolağında, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə ümumilikdə 3329 monitorinq (dənizdə 529, quruda isə 2 800 olmaqla) keçirilib. Monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə tökülən 128 axardan və dənizdən laborator təhlillər üçün götürülmüş 2 685 nümunə üzərində ümumilikdə 37 566 təhlil aparılıb.

Respublikanın cənub bölgəsindən fərqli olaraq şimal bölgəsinin sahil zolağı və ona yaxın ərazilərdə fəaliyyət göstərən bəzi xidmət sahələrində müvafiq təmizləyici qurğuların quraşdırılması istiqamətində artıq ilkin işlərə başlanılıb.

2019-cu il ərzində 26 obyekt üzrə geoloji-kəşfiyyat işləri yerinə yetirilib, müvafiq geoloji tapşırıqlar, layihə və smeta sənədləri hazırlanıb, ekspertizadan keçirilərək çöl geoloji-kəşfiyyat işlərinə başlanılıb.

Geodeziya və Kartoqrafiya sahəsində ölkənin müdafiəsinin, təhlükəsizliyinin və iqtisadiyyatının ayrı-ayrı sahələrinin ehtiyaclarının təmin edilməsi üçün tələb olunan əraziləri əhatə edən  rəqəmsal topoqrafik plan və xəritələr nəşr edilib.

“Qarabağın təbii ehtiyatları atlası”nın 1:700000 miqyasda elektron formatda tərtibatı, nəşrə hazırlanması və kağız formatında nəşri işləri yerinə yetirilib.

2019-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 6346 müraciət daxil olub, 4639 müraciət müvafiq qaydada baxılaraq cavablandırılıb.  Daxil olmuş sənədlərin bir hissəsi məlumat xarakterli olub, bir hissəsi isə hazırda icra mərhələsindədir.

Müraciətlərin böyük əksəriyyəti yaşıllıqların quruması, təhlükəli vəziyyətdə olması, tikinti işlərinə, kommunikasiya xətlərinə təhlükə yaratması və s. məsələlərlə əlaqədar olub.

Daha çox ictimai əhəmiyyət kəsb edən layihələr altına düşən yaşıllıqlara dair rəylərin bildirilməsi üçün ictimai dinləmələr keçirilib. Rəylərin bildirilməsi zamanı yaşıllıqların maksimum səviyyədə qorunması tələbləri nəzərə alınır.

Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təbiət istifadəçilərinin məsuliyyətini artırmaq məqsədi ilə ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə ödəmə normativlərinin, meşələrə dair qanunvericiliyin pozulması ilə bağlı tətbiq edilən maliyyə sanksiyalarının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində iş aparılıb. Eyni zamanda yerin təkindən istifadənin norma və qaydalarının təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb.

2019-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib.

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, BMT sisteminin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsi, xarici ölkə və təşkilatlarla ikitərəfli hüquq müqavilə bazasının genişləndirilməsi, Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq layihələr və proqramlar vasitəsilə milli potensialın artırılması və s. istiqamətlərdə işlər görülüb.

Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə, eyni zamanda xarici ölkələr və beynəlxalq təşkilatların nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir sıra görüşlər keçirilib, ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ətraf mühit problemlərinin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi, ictimaiyyətin məlumatlandırılması sahəsində əhalinin ekoloji maariflənməsinə xidmət edən 250-dən artıq kütləvi tədbir keçirilib. O cümlədən, dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməciliklər təşkil olunub, ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarələri və  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində birgə “Təmiz hava aylığı” ilə bağlı aksiyalar keçirilib. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib.

2019-cu il  17 iyun tarixdə Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması üzrə IDEA İctimai Birliyi ilə birgə Neftçalada yerləşən Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının suya buraxılması mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və BMT Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov iştirak edib.

Eyni zamanda 2019-cu il 27 sentyabr tarixində Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş 400 mindən artıq balıq körpələri Kür çayına buraxılmışdır.

22 oktyabrda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi  seçilib. Şurada Nazirliyin, vətəndaş cəmiyyəti institutlarının, ekspertlərin, elmi və beynəlxalq təşkilatların nümayəndələrinin də cəlb edilməsi ilə  ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə sahələri üzrə müzakirələr təşkil edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində  könülllük hərəkatına qoşulmuş 500-dən artıq könüllü gənc qısa zaman ərzində ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətə başlayıb.