Beynəlxalq əməkdaşlıq

Beynəlxalq Əməkdaşlıq

Təbii sərvətlərdən səmərəli istifadə ölkənin dayanıqlı iqtisadi inkişafının ayrılmaz hissəsidir. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Bununla yanaşı, demoqrafik artım nəticəsində istehlakın kəskin artması, bərpa olunmayan təbii ehtiyatların tükənməyə başlaması kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer mühitinin çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.
Ölkədə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə əlaqələrin genişləndirilməsi Azərbaycanın ekoloji siyasətinin əsas istiqamətləridir.
Ölkə müstəqillik qazandıqdan sonra bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Ətraf mühit sahəsi üzrə konvensiyaların tələblərinə uyğun olaraq müsbət nəticələr ilə səciyyələnən öhdəliklərin və eləcə də düzgün ekoloji siyasətin yürüdülməsi üçün köklü dəyişikliklər edilmişdir.
Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi beynəlxalq proqramlar çərçivəsində, eləcə də milli imkanlardan istifadə etməklə həyata keçirilir.
Ətraf mühitin mühafizə olunması, ekoloji vəziyyətin yaxşılaşdırılması məsələləri hazırda aktual olduğundan yerli, regional və qlobal səviyyədə əməkdaşlıq edilməklə həyata keçirilir və ölkəmizdə dövlət siyasətinin diqqət tələb edən əsas məsələsi kimi dəyərləndirilir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilir, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur, beynəlxalq sahədə mühüm tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT sisteminin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Hazırda Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və protokollara qoşulmuşdur. Bu istiqamətdə fəaliyyət davam etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır.
Ətraf mühitin mühafizəsi sahəsində xarici ölkə və təşkilatlarla ikitərəfli hüquq müqavilə bazası yaradılmışdır. Bu xüsusda müxtəlif ölkələr və təşkilatlarla           30-dən çox ikitərəfli müqavilə imzalanmışdır.
Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq layihələr və proqramlar vasitəsilə milli potensialın artırılması və beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olunması əsas məqsədlərdəndir.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı Azərbaycanın qədim Qarabağ bölgəsinin nadir ekosistemləri üçün ciddi təhlükədir. Ermənistanın yuxarıda göstərilən qanunsuz hərəkətləri ölkəmizin ümumbəşəri davamlı inkişaf məqsədləri və iqlim dəyişmələrinə qarşı tədbirlərlə qətiyyətli şəkildə ziddiyyət təşkil edir.
 
Ölkəmizin ekoloji potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər bundan sonra da davam etdiriləcəkdir.