Meşələr

Meşə anlayışı haqqında məlumat
Meşə - Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir- birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna Meşə deyilir.
Bircinsli və qarışıq meşə- Bir ağac cinsindən ibarət ağaclıq-bircinsli , iki və ya daha çox ağac cinsindən ibarət ağaclıq- qarışıq meşə adlanır.
Hakim və tabe cins- Meşədə üst mərtəbədə yerləşən ağaclar- hakim cins. Alt mərtəbədə yerləşən ağaclar isə tabeli cins(yəni ikinci dərəcəli cins) adlanır.
Yeniyetmə- Gələcəkdə mövcud meşəni əvəz edə biləcək cavan ağaclara yeniyetmə ağaclar deyilir.
Boyqovucu- Baş cinslərin boy artmasına kömək edən və onların gövdələrinin formasını yaxşılaşdıran ağac və kol yığımına boyqovucu cinslər deyilir.
Meşə altı- Eyni şəraitdə ağac mərtəbəsinin hündürlüyü qədər boy verə bilməyən kol və ağac yığımına meşəaltı deyilir.
Cavan ağaclar- Boyu ana ağacların hündürlüyünün yarısına qədər çatmamış 1 yaşdan yuxarı olan ağaclar cavan ağaclar adlanır.
Cücərti- Ağacların 1 yaşına qədər olan bitkilərinə cücərti deyilir.
Canlı torpaqüstü örtük- Meşə torpağını örtən otlar, şibyələr, göbələklər, mamırlar, yarımkollar və torpaq üstündə sərilərək inkişaf edən kollar yığımına deyilir.
Meşədöşəyi- Meşədə bitən ağac və kollardan tökülmüş quru yarpaq və budaqlardan ibarətdir.
Sadə və mürəkkəb meşə
- Yer səthindən nisbətən eyni hündürlükdədirsə, yəni birmərtəbəlidirsə, belə meşə sadə hesab olunur. Müxtəlif hündürlükdə yəni çox mərtəbəli olarsa, belə meşə çoxmərtəbəli mürəkkəb meşə hesab olunur.