Hidrometeorologiya

XƏZƏRİN HİDROMETEOROLOGİYASI

Xəzər dənizinin iqlimini təyin edən əsas faktorlar - dənizin coğrafi vəziyyəti, atmosfer sirkulyasiyalarının xarakteri, ətraf quru ərazilərin təsiri - şərqdə Aral-Xəzər ovalığı, qərbdə Qafqaz dağları və dənizin müxtəlif hissələri arasında su mübadilələridir. Xəzərin iqliminin əsas xarakterik cəhəti antitsiklonlu hava şəraitinin üstünlük təşkil etməsi, il boyu temperaturun kəskin dəyişmələri, Şimali Xəzərdə qışın soyuq və küləkli, Cənubi Xəzərdə isə isti olması və yayın bütün Xəzər üzrə isti, quru və sakit olmasıdır.
Xəzər dənizinin suyu okean mənşəlidir və orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ - dir). Duzluluğun aşağı olması dənizin qapalı olması və əsasən çay axımları ilə qidalanması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır.
Xəzər dənizinin temperatur rejimi istilik balansı elementlərinin illik dəyişmələrinin təsiri nəticəsində formalaşır. Əsas istilik mənbəyi Günəşdən daxil olan qısadalğalı radiasiyadır. Şimali Xəzərdə mart-avqust aylarında dəniz istiliyi toplayır, sentyabr-fevral aylarında isə sərf edir. Orta və Cənubi Xəzərdə istilik balansı Şimali Xəzərə nisbətən bir ay sonra işarəsini dəyişir. Şimali Xəzərin səth qatlarında suyun orta illik temperaturu 11-12oC, Orta Xəzərdə 13-14oC təşkil edir. Cənubi Xəzərdə temperaturun orta illik dəyişməsi dənizin digər sahələrinə nisbətən daha intensiv baş verir.
Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır. Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15-20 m/s giymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir.
Ən sürətli küləklər (tufanlar) Abşeron, Mahaçqala və Manqışlaq ərazilərində müşahidə edilir. Abşeron dəniz rayonunda “Bakı nordu” (yerli adı “Xəzri”) adlanan küləyin sürəti 30 m/s - dən də çox olur, davam etmə müddəti isə 10 saatdan artıqdır.
Xəzər dənizinin hidrometeoroloji şəraitinin öyrənilməsi məqsədi ilə dəniz müşahidə şəbəkəsində suyun səviyyəsi, suyun temperaturu, duzluluğu, rəngi, şəffaflığı, dalğanın hündürlüyü, uzunluğu və dövrü, havanın temperaturu, rütubət, buludluluğun miqdarı, küləyin sürət və istiqaməti, atmosfer təzyiqi, yağıntının miqdarı məlumatları üzərində müşahidələr aparılır. Xəzər dənizinin Azərbaycan sektorunda müşahidə şəbəkəsi şimaldan cənuba yerləşərək Neft Daşları ixtisaslaşmış hidrometeoroloji stansiyası, Çilov adası, Nabran, Sumqayıt stansiyaları və  28 May, Bakı,  Banka-Darvın, Qum adası, Xəzər, Qızılburun, Xərə-Zirə, Xəzər, Lənkəran dəniz məntəqələrindən ibarətdir. Sahil zonasında və açıq dənizdə yerləşən stansiya və məntəqələrdə 4 müşahidə vaxtında (00\03, 06\09, 12\15, 18\21) Xəzər dənizinin hidrometeoroloji rejimini əhatə edən müşahidələr  aparılır. Müşahidə şəbəkəsindən alınan fasiləsiz, davamlı informasiya sayəsində Xəzər dənizinin çoxillik hidrometeoroloji şəraitini təhlil etmək mümkündür. Milli Hidrometeorologiya Departamenti Xəzəryanı ölkələrin koordinasiya mərkəzi olan KASPKOM ilə əmakdaşlıq edərək, məlumat mübadiləsi aparır.