Hidrometeorologiya

ÖLKƏNİN AQROMETEOROLOJİ ŞƏRAİTİ

Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə və zəngin təbii ehtiyyatlara malik ölkədir. Qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar respublikamızın əsas relyef formalarıdır. Ölkə ərazisində təbiətin uzunmüddətli iqlimi bölgədə yaşayan xalqların ənənəvi iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır.
Təbii amillərin məkan-zaman bölgüsü, iqlimin ayrı-ayrı ünsürlərinin ekspozisiyasından asılı olaraq günəş enerjisi paylanmasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir.  Kür-Araz ovalığında günəş işıqlandırmasının davamiyyəti  il ərzində 2200-2400  saat, FFR-in(foto-sintetik fəal radiasiya) illik kəmiyyəti isə 64 kkal/sm2-dən çox olur.  Bu göstəricilərin maksimum qiyməti  Arazboyu düzənlikdə  müşahidə olunur .
Milli Hidrometeorologiya Departamentində aqrometeoroloji şəbəkədən daxil olan müşahidə məlumatları əsasında yazda havanin orta sutkalıq temperaturunun 0°,5°,10°,15°- dən keçmə tarixləri və həmin temperaturların cəmi, şaxtasız dövrün başlanması və bitməsi, quraq günlərin sayı, ən isti ayda havanın orta temperaturu, havanın mütləq minimum temperaturlarının orta kəmiyyəti, qar örtüyünün maksimimum hündürlüyü, qar örtüyünün yaranma tarixləri təyin edilir. Bitkilərin vegetasiyası dövründə aran və dağətəyi rayonlarda bir sıra kənd təsərrüfatı bitkilərinin, o cümlədən payızlıq dənli bitkilərin müəyinə və müşahidəsi aparılır. Bu müşahidələr əsasında buğda və arpanın faktiki inkişaf fazası, bitkinin hündürlüyü, 1m² sahəyə düşən bitkilərin sayı, 1m² sahədə və bir bitkidə gövdələrin sayı, bitkilərin sıxlığı, əkinin və kök sisteminin ümumi vəziyyəti, zədələnmiş və ya məhv olmuş əkin sahələrinin ölçüsü təyin edilir, bitkilərin zədələnmə və ya məhv olma səbəbləri araşdırılır.
Aran rayonlarında pambıq, Lənkəran-Astara zonasında limon, feyxoa və çay bitkisi, Gəncə, Şəmkir və Qazax rayonlarında üzüm bitkisi üzərində fenoloji müşahidələr aparılır. Üzüm, pambıq və yonca əkilən sahələrdən götürülmüştorpaq nümunələri əsasında 10, 20, 50, 100 sm dərinlikdə məhsuldar rütubət ehtiyatları hesablanır. Vegetasiya müddətində həmçinin aparılan aqrotexniki tədbirlər haqqında qeydiyyatlar aparılır.
Aqrometeoroloji müşahidələrin nəticəsi olaraq hər ay Respublika ərazisinin aqrometeoroloji şəraiti və onun kənd təsərrüfatı bitkilərinə təsiri haqqında aylıq icmal və hər 10 gündən bir dekadalıq aqrometeoroloji bülleten tərtib edilərək Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji bülleteninə daxil edilir.