Hidrometeorologiya

HİDROMETEOROLOJİ PROQNOZLAR

Gündəlik operativ olararaq hər 3 saatdan bir havanın parametrləri (havanın temperaturu, yağıntı, görünüş, rütubətlik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s.) üzrə 84 meteoroloji stansiyadan məlumat alınır. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 8 stansiyadan sutka ərzində 8 dəfə dəniz hidrometeoroloji müşahidələri (dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s), 41 hidroloji məntəqədən çaylar üzrə suyun səviyyəsi və su sərfi haqqında məlumatlar alınaraq təhlil edildikdən sonra gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Büroda aşağıdakı növdə hidrometeoroloji proqnozlar tərtib edilir:
  • Respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar;
  • Respublikanın 7 bölgəsi üçün aylıq hava proqnozu;
  • Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar;
  • Gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq;
  • Tibbi-meteoroloji proqnozlar;
  • Böyük su anbarlarına (Mingəçevir, Şəmkir) gündəlik axım proqnozu;
  • Kür çayının aşağı axınında Kür-Surra, Şirvan və Salyan məntəqələri üzrə 2- 3 günlük səviyyə proqnozu.
  • Çaylar üzrə ongünlük  proqnoz;
  • Çaylar üzrə aylıq proqnoz;
  • Böyük su anbarlarına fəsillik axım proqnozu
  • Yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozu;
Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqnda məlumatlar mütəmadi olaraq Nazirliyin veb səhifəsində (www.eco.gov.az) yerləşdirilir. Respublikanın bölgələri və Bakı və Abşeron yarımadası üzrə 2 və 3 günlük hava proqnozu, hava şəraitinin kəskin dəyişməsi və çaylarda gözlənilən qsamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara və xüsusən də  Fövqəladə Hallar Nazirliyinə faks və elektron poçt vasitəsilə göndərilir. Eyni zamanda Departamentin mütəxəssislər tərəfindən mütəmadi olaraq KİV-lərə faktiki və gözlənilən vəziyyətlə əlaqədar müsahibələr verilir.

Gündəlik proqnozların tərtibatında istifadə olunan
müxtəlif sinoptik xəritələr.

Büronun iş fəaliyyətində istifadə olunan texnologiyalar
TURKMETCAP-sinoptik vizuallaşdırma və təhlil sistemidir. Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilmiş, 2010-cu ildə ildə isə son versiyası gətirilmişdir. Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.
VSAT-Peyk Məlumat Mübadiləsi Sistemidir. Bu peyk systemi vasitəsilə Türkiyə Meteoroloji Xidmətin kompüter şəbəkəsinə qoşulmaq imkanı yaranmışdır.
Roshidrometin UniMASS-Məlumatların Kommutasiya Mərkəzi vasitəsi ilə informasiya mübadiləsini həyata keçirir, onun vasitəsilə ECMWF RUMS proqnostik xəritələri əldə olunur. Proqnozların hazırlanmasında ECMWF-in EPS meteoqramlarının (Ansambl metodu) nəticələrindən də istifadə olunur.
EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir.