Hidrometeorologiya

ÇÖL TƏDQİQAT EKSPEDİSİYA İŞLƏRİ
Azərbaycan ərazisində qarölçmə işləri 1950-ci ildən aparılır. Qarölçmə işləri Böyük və Kiçik Qafaqazın dağlıq ərazilərində 28 marşrut üzrə olmaqla 20 çayın hövzəsində aparılır.
Hər il sistematik olaraq hazırlanan yaz-yay gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində böyük əhəmiyyətə malikdir. Bu məqsədlə Milli Hidrometeorologiya Departamenti tərəfindən Azərbaycanın yüksək dağlıq ərazilərində yaz-yay (aprel-iyun) gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində qarölçmə işləri aparılır, qarın hündürlüyü, sıxlığı və qarda olan su ehtiyatı müəyyənləşdirilərək proqnoz  tərtib edilər və  müvafiq orqanlar bu barədə xəbərdar olunurlar.
Mütəmadi olaraq Kür çayının mənsəb hissəsində, Bankə, Salyan, Surra, Zərdab və Araz çayının Novruzlu hidroloji məntəqəsində ADP-Sontek cihazı vasitəsilə nəzarət su sərfləri ölçülür.
Yaz-yay gursululuq dövrü zamanı çaylardan keçən qısamüddətli daşqın və selin izinə görə maksimal su sərfini təyin etmək üçün iyul-avqust aylarında iki istiqamətdə (Böyük və Kiçik Qafqazın dağ çaylarına)  ekspedisiya təşkil olunur, selin izinə görə ölçü işləri aparılır və hesablamalar aparıldıqdan sonra maksimal su sərfi müəyyən edilir.
Azərbayjanın ərazisində dağ buzlaqları Qusarçayın hövzəsində müşahidə olunur. Buzlaqların öyrənilməsi ekspedisiya yolu ilə və mövcud xəritələrdən istifadə etməklə aparılır.Qusarçayın hövzəsində 8 buzlaq olmaqla Yatıqdərə çayının hövzəsində, Əbildərə çayının hövzəsində (Tufandağ buzlağı), Düzyurd çayının hövzəsində (Şahdağ buzlağı) yerləşir.
Hər ilin avqust ayında buzlaqlar üzərində müşahidələr dəniz səviyyəsindən 3755 m yüksəklikdə Tufandağ buzlağında aparılır. Aparılan  tədqiqatların nəticələri göstərir ki, buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunur. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir.

Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işlərinin aparılması

Kür və Araz çaylarında “Sontek ADP Dopler” cihazı vasitəsilə su sərfinin ölçülməsi

Selin izinə görə maksimal su sərfinin təyin edilməsi üçün ölçü işlərinin aparılması

Tufandağ ərazisində buzlağın yuxarı hissəsində aparılan ölçü işləri