Xəzər Dənizi

Dəniz ətraf mühitinin mühafizəsi sahəsində keçirilən monitorinqlər

Xəzər dənizində ekoloji problemlərin vaxtında aşkar olunması və aradan qaldırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi  Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun şimaldan-cənubadək 955 km-lik sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlərin keçirilməsini təşkil edir və onu həyata keçirir.
Monitorinqlər zamanı Xəzər dənizinin dəniz ətraf mühitinə mənfi təsirlərin öyrənilməsi məqsədi ilə dənizdə və sahil zolağında yerləşən müəssisə və təşkilatlarda, yaşayış massivlərində formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması müəyyənləşdirilir, dənizə atılan və axıdılan tullantıların kəmiyyət və keyfiyyət göstəricilərin müəyyən olunması elmi əsaslarla aparılır, tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi mənfi təsirlər təhlil və tədqiq edilir, məlumat bankı hazırlanır, çirklənmənin minimuma endirilməsi istiqamətində müvafiq və mütəmadi tədbirlər həyata keçirilir.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin çirklənməsinin monitorinqi – dənizin çirklənmədən mühafizə edilməsi məqsədilə onun çirklənmə mənbələrinin, dənizə atılan/axıdılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, dənizin çirklənmə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə aşağıdakılar daxildir:
  • dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi;
  • dənizin Azərbaycan Respublikasına mənsub olan bölməsində daha intensiv çirklənməyə məruz qalan sahələrində, kurort-sağlamlıq və balıqçılıq zonalarında suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin fiziki, kimyəvi və hidrobioloji göstəricilərinə daimi nəzarət edilməsi;
  • çirkləndirici maddələrin qatılıqlarının zaman və məkan dinamikasının tədqiq edilməsi və bu dinamikanın təbii sirkulyasiyası prosesləri, dənizin hidrometeoroloji rejimi və təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılılığının öyrənilməsi;
  • açıq dənizdə, sahil zonalarında və dəniz sərhədi boyunca suyun və dib çöküntülərinin çirklənmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə müntəzəm və mütəmadi müşahidələrin aparılması;
Dənizin dib çöküntülərinin çirklənməsi üzrə müşahidələr I və II kateqoriyalı monitorinq stansiyalarında aparılır. Kateqoriyasından asılı olmayaraq monitorinq stansiyalarının hamısında dəniz mühitinin çirklənməsi üzrə aparılan tam həcmli müşahidələr zamanı hidrometeoroloji parametrlər (suyun temperaturu, su axımının istiqaməti və sürəti, atmosfer təzyiqi, küləyin istiqaməti və sürəti, atmosfer yağıntıları, nisbi rütubət) öyrənilir/ölçülür.
Monitorinq nöqtələrindən götürülmüş nümunələr Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin laboratoriyasına təhvil verilir. Laboratoriyada monitorinqlər zamanı götürülmüş su, dib çöküntüsü, şlam və qazma məhlulu nümunələri üzərində analitik, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılır:
  • Analitik Tədqiqatlar - nümunələr üzərində fiziki-kimyəvi və kimyəvi  təhlillər aparılır.
  • Ekotoksikologiya - nümunələr üzərində Dahpnia maqna və Pontoqammarus maeoticus test orqanizmlərindən istifadə edilməklə su nümunələri, qazma məhlulu, şlam və dib çöküntüləri üzərində ekotoksikoloji təhlillər aparılır.
Hidrobiologiya - su nümunələri üzərində ümumi Bağırsaq Çöpü Bakteriya Qrupunun və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarının təyini, zooplankton və zoobentos orqanizmlərinin say və kütləsinin öyrənilməsi, təmizləyici qurğuların işinin səmərəliliyini yoxlamaq məqsədi ilə aktiv lil və su nümunələri üzərində bioloji təhlillər aparılır.