Xəzər Dənizi

Dəniz ətraf mühitinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlərin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
AR Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün AR Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət etmişdir.
Bakı şəhəri ərazisində Buzovna qəsəbəsində layihə gücü 10 min m3, Şüvəlan qəsəbəsində layihə gücü 18 min m3 olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək gün ərzində 200 min m3 gücə malik yeni bioloji təmizləmə qurğuları tikilərək layihə gücü 600 min m3/gün-dən 800 min m3/gün-ə çatdırılmışdır. Sumqayıt şəhərində layihə gücü 200 min m3/gün olan yeni bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir.
Bundan başqa dənizdə fəaliyyət göstərən neft-qazçıxarma müəssisələrində “28 May” NQÇİ-də Çilov adasında layihə gücü 300 m3/gün, “Neft Daşları”nda isə layihə gücü 500 m3/gün olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn tullantı sularının təmizlənməsi məqsədilə ümumi sahəsi 2 ha ərazini əhatə edən yeni Təmizləyici Qurğu tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı sularının (məişət tullantı suları ~300 m3/gün, kimyəvi tullantı suları ~1700 m3/gün) təmizlənməsi həyata keçirilir.
Xəzər dənizinə antropogen təsir göstərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir. İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır.
Hər il avqust ayının 12-si “Xəzər günü” və sentyabr ayının son həftəsi “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilir, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur.
Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.

Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri

Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci və 2008-ci illərdə imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamlarından irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində gün ərzində təqribən 10 000 m3 həcmində tullantı sularını təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulmuşdur. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.