Hidrometeorologiya

Yerüstü su ehtiyatları

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir.

Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənmişdir. Çay sularının ehtiyatlarının 67-70%-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5-30,5 km3, qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,0-20,5 km3,  yerli axım 9,5-10,0 km3 təşkil edir. 

Quraqlıq illərdə su ehtiyatları 22,6-27,0 km3-ə qədər azalır. Müvafiq olaraq, bu suların 17,1–14,3 km3 transsərhəd çaylarına aiddir. Kür və Araz çaylarının su ehtiyatları qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində 20% qədər azaldılır. Bu da ölkədə su çatışmazlığının artmasına gətirib çıxarır (ildə təqribən 4-5 km3) və Azərbaycanda su tələbatının ödənilməsində çətinlik yaradır.

İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat artan templə irəliləyir.

Son 30 ildə yerli çaylarda 1991-2020-ci illərdə sululuğun 1961-1990-cı illərlə müqayisəli 4%-dən 20 % dək, tranzit çaylarda isə 6%-dən 22 %-dək azalmışdır.



      Tranzit çaylarda 1991-2020-ci illərdə sululuğun 1961-1990-cı illərlə müqayisədə dəyişməsi qrafiki

Yerli çaylarda 1991-2020-ci illərdə sululuğun 1961-1990-cı illərlə müqayisədə dəyişməsi qrafiki

Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur.


Tranzit çaylarda son 10 ildə orta illik su sərfinin çoxillik dəyişməsi

Respublikanın yerli çaylarında son 10 ildə orta illik su sərfinin çoxillik dəyişməsi