Radiometeorologiya və Aerologiya Mərkəzi

Radiometeorologiya və Aerologiya Mərkəzi

Radiometeorologiya və Aerologiya Mərkəzi (bundan sonra Mərkəz) Ekologiya və Təbii Sərvətlər Nazirinin 3 avqust 2012-ci il tarixli 439/ü saylı əmri ilə yaradılmışdır. Onun tərkibinə Radiometeoroloji və aeroloji müşahidələrin təşkili şöbəsi, Təhlükəli atmosfer hadisələrinin təhlili və statistikası şöbəsi, Ağstafa, Şamaxı, Göygöl, İsmayıllı, Şəki, Tovuz, Füzuli, Zəngilan və Agdərə radiometeoroloji stansiyaları (RMS), Maştaga aeroloji stansiyası (AS) və Atmosfer proseslərinə fəal təsir dəstəsi daxildir.

Füzuli, Zəngilan və Ağdərə RMS-larının xidmət etdiyi ərazilər və müvafiq meteoroloji radiolokatorlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır.

Mərkəzin yaradılmasında əsas məqsəd müasir computer, informasiya texnologiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqilə radiolokasiya və aeroloji müşahidələrinin keyfiyyətinin yüksəldilməsini və müvafiq müşahidə məlumatlarının operativ olaraq istifadəçilərə çatdırılmasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrome- teorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyalarında yerləşən «MRL-5» tipli meteoroloji radiolokatorlar, 2003-cü ilin axırlarında isə Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokator əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji və aeroloji müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilmişdir Bundan sonra Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyaları tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri (şək. 1, 2), Maştağa Aeroloji Stansiyasından isə hər gün 40 km hündürlüyə qədər qalxan radiozond buraxılmaqla aeroloji radiolokatorların vasitəsi ilə atmosferin troposfer və stratosfer qatlarının aeroloji müşahidələri aparılır (şək. 3). Hazırda stansiyanın radiozondla təminatında çətinliklər yarandığından müşahidələrin aparılması müvəqqəti olaraq dayandırılmışdır. Radiometeoroloji və aeroloji müşahidə məlumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır. Radiometeoroloji müşahidələr vasitəsilə 250 km-lik radiusda müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağıntı düşən ərazilər, dolunun təxmini ölçüləri və dolu yağan ərazilər, bulud və yağıntı zonalarının hərəkət xarakteri və s. müəyyən edilir ki, bunlardan da ən qısamüddətli hava proqnozlarının hazırlanmasında, aviasiyanın meteoroloji təminatında, sel və daşqınların proqnozlaşdırılmasında istifadə olunur.

Şəkil 1. Ağstafa radiometeteoroloji stansiyasında MRL-5 radiolokatoru

Şəkil 2. AİS-MRL sistemi ilə operativ iş prosesi

Şəkil 3. Maştağa aeroloji stansiyasında radiozondun buraxılması

 
Radiometeorologiya və Aerologiya Mərkəzi yaradıldıqdan sonra 2013-cü ildə Göygöl və Şəki radiometeoroloji stansiyalarında, 20 ildən artıq bir müddətdə istifadəsiz və nasaz vəziyəətdə qalan MRL-5 radiolokatorları, Mərkəzin mütəxəssisləri tərəfindən əsaslı təmir olunaraq işə hazır vəziyyətə gətirilmiş və onların bazasında və müvafiq proqram-texniki kompleksin tətbiqilə yeni avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemləri yaradılmışdır.

Şəki radiometeoroloji stansiyasında şəbəkə elektrik xətti mövcud olmadığından burada AİS-MRL sisteminin enerji təminatı dizel generatoru vasitəsilə həyata keçirilir. Stansiyada dizel yanacağına qənaət və infrastrukturun qismən yaxşılaşdırılması məqsədilə həmin ilin əvvəlində Mərkəzin mütəxəssislərinin köməyilə alternativ enerıi mənbələri olan külək aqreqatı və günəş batareyaları quraşdırılmışdır.

Şəkil 4. Şəki radiometeoroloji stansiyasında quraşdırılmış külək aqreqatı və günəş batareyaları.

 
Beləliklə, hazırda Respublika ərazisində fəaliyyət göstərən 4 avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemi bulud və atmosfer yağıntıları, həmçinin onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələri yüksək keyfiyyət və etibarlıqla izləməyə və bu hadisələrin ən qısamüddətli proqnozlarını hazırlamağa imkan verir (şək. 5).

Şəkil 5. Göygöl radiometeoroloji stansiyasının radar məlumatlarına əsasən, 10 iyun 2014-cü ildə Respublikanın qərb ərazilərində baş vermiş fəlakətli dolu-leysan buludunun radioəksinin dəniz səviyyəsindən 6000 m hündürlükdə üfüqi kəsiyi.

 
AİS-MRL proqram kompleksi vasitəsilə respublika ərazisində baş verən atmosfer yağıntıları, o cümlədən güclü dolu–şimşək və leysan prosesləri izlənilir. Radiometeoroloji şərait təhlil olunaraq faktiki və yaxın saatlarda gözlənilən təhlükəli leysan, dolu, şimşək və onlarla əlaqədar olan daşqın və sel hadisələri haqqında məlumatlar Hidrometoroloji Proqnozlar Bürosuna, digər istifadəçilər üçün isə Mərkəzin müvafiq azmeteoradar@gmail.com elektron ünvanı-na göndərilir.

Gün ərzində baş vermiş təhlükəli atmosfer yağıntıları, o cümlədən leysan, dolu haqqında radar məlumatları müvafiq kompüter animasiyaları və şərhlər şəklində, bundan başqa radiozond məlumatıarı əsasıında hazırlanmış aeroloji diaqramlar Mərkəzin www.azmeteoradar.com elektron saytında yerləşdirilir.