İqlim bazası və Kommunikasiya Mərkəzi

İqlim bazası və Kommunikasiya Mərkəzi

İqlim bazası və Kommunikasiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirinin 14.02.2017-ci il tarixli 119/ü saylı əmri ilə yaradılmışdır. Mərkəzin tərkibinə İnformasiya təhlükəsizliyi şöbəsi, İqlim bazası şöbəsi, Kommunikasiya şöbələri daxildir. Mərkəzin yaradılmasında əsas məqsəd hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan müşahidə məlumatlarının ötürülməsi, paylanması və saxlanmasının yeni sistemin tətbiqi ilə həyata keçirilməsi məqsədilə , eyni zamanda informasiya texnologiyalarının istifadəsi imkanlarının genişləndirilməsi, hidrometeoroloji məlumatların müasir standartların tələblərinə uyğunlaşdırılması istiqamətində dünyanın aparıcı dövlətlərində geniş istifadə olunan bu sistemin respublikamızda tətbiqi məlumat mübadiləsi və meteoroloji təminat sahəsinin modernləşdirilməsində önəmli yer tutur.

Son dövrdə iqlim dəyişmələri təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsində və hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi və modernləşdirmə işləri sırasında hidrometeoroloji məlumatların toplanması üçün 2016 cı ildə Fransanın “Corobor” şirkəti tərəfindən Messir–Comm və Messir–Clim Serverləri İqlim Bazası və Kommunikasiya Mərkəzində quraşdırılmışdır.

Messir-Comm və Messir-Clim proqramları vasitəsilə hidrometeoroloji stansiyalardan avtomatik ötürülən sinoptik kodlar mərkəzin serverlərində arxivləşdirilir və istənilən vaxt informasiyanı arayış şəklində hazırlanması ən qısa zamanda yerinə yetirilir, həmçinin Corobor sistemi vasitəsilə məlumatların Ümumdünya Meteorologiya Təşkilatına ötürülməsi üçün mərkəzin RMDCN-ə (Regional Meteoroloji Rabitə Şəbəkəsi) qoşulması təmin olunmuşdur . İlkin olaraq hidrometeoroloji məlumatlar mübadiləsi Türkiyə Meteoroloji Xidməti ilə aparılacaqdır.

Bundan əlavə İqlim Bazası və Kommunikasiya Mərkəzində yeni Vaisala MAWS-310 tipli avtomat meteostansiyaların məlumatları avtomatik olaraq mərkəzin serverində arxivləşdirilir.

Qeyd edək ki, yeni avtomat meteostansiyaların məlumatları hər 10 dəqiqə ərzində mərkəzin serverinə avtomatik olaraq ötürülür və yalnız qeydiyyatdan keçdikdən sonra bu məlumatlara onlayn vasitəsilə baxmaq mümkündür.

Həmçinin mərkəz tərəfindən Regional Hidrometeorologiya Müəssisələrinin tabeçiliyində olan hidrometeoroloji stansiyalarda quraşdırılmış avtomat meteostansiyalara və İP kameralara nəzarət olunur və texniki xidmət göstərilir.