Geologiya

Monitorinq işləri

Geoekoloji tədqiqat işləri- Yeraltı suların monitorinqi

Yeraltı suların monitorinqi üzrə tədqiqatlar Respublika ərazisinin, əsasən düzənlik və dağətəyi sahələrini əhatə edir. İşlərin bir sıra növləri, o cümlədən, yeraltı suların çirklənməsinin öyrənilməsi Respublikanın bütün ərazisini əhatə edir.
Yeraltı suların hidrodinamik və hidrokimyəvi rejimləri təbii və texnogen amillərin təsirindən formalaşır. Böyük və Kiçik Qafqazın dağətəyi düzənliklərinin hipsometrik baxımdan yüksəklik ərazilərində və Kür-Araz düzənliklərinin əsas qış otlaqlarının yerləşdiyi ərazilərdə yeraltı suların hidrodinamiki rejiminin formalaşmasında təbii amillərin rolu ön planda durur. Respublikanın mərkəzinə doğru Kür və Araz çayları istiqamətində, habelə Xəzər dənizi istiqamətində təbii amillərin rolu tədricən zəifləyir və yeraltı suların formalaşmasında texnogen (xüsusilə də suvarmanın) amillərin rolu artır.
Respublikanın xalq təsərrüfatında mühüm əhəmiyyətə malik aşağıdakı işlər yerinə yetirilmişdir:

  • rejim müşahidə şəbəkəsi üzrə yeraltı suların səviyyəsi, temperaturu, sərfi və kimyəvi tərkibi öyrənilmiş, rejim müşahidələrinin nəticələri rejimi formalaşdıran amillərin çoxillik nəticələri ilə müqayisəli şəkildə araşdırılmış və sistemləşdirilmişdir;
  • mərkəzləşdirilmiş və qrup yeraltı sugötürücülərin təsir zonasında yeraltı suların istismarı ehtiyatlarının dəyişmə dinamikasının mövcud vəziyyəti, kimyəvi tərkibi və çirklənmə dərəcəsi öyrənilmişdir;
  • sənaye, kənd təsərrüfatı və digər obyektlərin təsir dairəsində yeraltı suların çirklənmə dərəcəsi, amilləri və mənbəyi müəyyən edilmişdir;
  • yeraltı suların geokimyəvi, geodinamik şəraitdə baş verən dəyişikliklər əsasında olayların inkişafının proqnozlaşdırılması və zərərli təsirlərin qarşısının alınması üzrə müvafiq təkliflərin hazırlanması üçün məlumatlar toplanmışdır;
  • suların sahələrdə ümumi su və yeraltı suların su-duz balansını tənzimləmək məqsədi ilə təkliflərin əsaslandırılması üçün mövsümü dəyişmə qanunauyğunluqları müəyyən edilmişdir;
  • təbii və süni amillərin təsiri altında qrunt və təzyiqli suların qarşılıqlı əlaqəsi öyrənilmişdir;
  • mövcud bölgəsəl və xüsusi şəbəkələr sistemi təkmilləşdirilmişdir;
  • Kür çayının aşağı axarlarında və onun ətrafında yaranmış mənfi ekoloji olayların araşdırılması məqsədi ilə yeraltı suların hidrodinamik və hidrokimyəvi göstəriciləri müəyyənləşdirilmişdir;
  • Yeraltı suların kimyəvi tərkibinin öyrənilməsi məqsədi ilə müşahidə məntəqələrindən su nümunələri götürülmüşdür.

Yeraltı sular üzərində monitorinq işlərinin aparılması və dəyişikliklərin elmi əsaslandırılması və proqnozlaşdırılması gələcəkdə baş verə biləcək hər hansı mənfi fəsadların qarşısının alınması üçün material bazasının yaradılmasını tələb edir. Yeraltı sular üzərində aparılmış müşahidələrdən alınan nəticələr və həmin nəticələrin xalq təsərrüfatının inkişafında vacibliyini nəzərə alaraq monitorinq işlərinin davamlılığının təmin edilməsi məqsədəuyğundur.
2019-2023-cü illərdə Azərbaycan Respublikası ərazisində suların monitorinqinin aparılması işlərinin davam etilməsi məqsədi ilə 610 müşahidə məntəqəsində  rejim müşahidə işlərinin davam etdirilməsi, sıradan çıxmış müşahidə quyularında təmir-bərpa işlərinin aparılması gündəmdə qalır.

 

Termal suların monitorinqi

2019-2023-cü illərdə Quba-Xaçmaz və Lənkəran İCR-ləri ərazilərində olan termal suların monitorinqi, resursların dəyərləndirilməsi və termal suların sənayedə alternativ enerji mənbəyi və yaxud müalicə məqsədləri üçün istifadə perspektivlərinin araşdırılması üzrə çöl monitorinq və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi planlaşdırılır.

 

Digər geoekoloji tədqiqat işləri

Ekoloji təhlükə yaranan ərazilərdə geoloji, geoekoloji, hidrogeoloji, mühəndisi-geoloji, geofiziki tədqiqatların aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat və Fövqəladə Hallar Nazirliyinin və s. hökumət təşkilatlarının göstəriciləri əsasında yerinə yetiriləcəkdir.

 

Ekzogen geoloji proseslərin öyrənilməsi

Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işlərinin mütəmadi olaraq davam etdirilməsi zərurətdir. Belə ki, mövcud monitorinq şəbəkəsinə daxil edilmiş sahələrdə EGP-lər üzərində müşahidələr davam etdiriləcəkdir, yeni EGP təzahürlərinin öyrənilməsi məqsədi ilə yoxlama-müayinə işləri aparılacaq, EGP-lərin vəziyyəti haqqında aylıq və rüblük bülletenlər tərtib olunaraq aidiyyəti dövlət orqanlarına çatdırılacaqdır.

 

Respublika ərazisinin geodinamik şəraitinin monitorinqi

Son illər Böyük Qafqazın Cənub və Cənub-şərq yamaclarının, İri geostrukturların təmas zonasının, Abşeron periklinalı və Kiçik Qafqazın şimal-şərq kəsimlərinin dərinlik geoloji-tektonik quruluşu və geodinamik şəraiti öyrənilmiş, mineragenik xüsusiyyətləri qiymətləndirilmişdir.  Alınmış nəticələr göstərmişdir ki, ölkə ərazisinin anoloji tədqiqatlar aparılmamış regionlarında da, dərinlik geoloji-tektonik quruluşun və geodinamik şəraitin öyrənilməsi üzrə tədqiqatların aparılması məqsədəuyğundur. Mineragenik və geodinamik şəraitin mürəkkəb qiymətləndirildiyi Kiçik Qafqazın cənub-şərq kəsimləri, Orta Kür depressiyası, Dağlıq Talış, Qusar-Şabran çökəkliyində kompleks tədqiqatlar icra edildikdən sonra ölkə ərazisi üçün müxtəlif təyinatlı vahid xəritələr toplusunun hazırlanması mümkün olacaqdır.Paralel olaraq regional və lokal xarakterli geodinamik zonallaşma, dinamik proseslərin xarakteri və trendinin öyrənilməsi, monitorinq məlumatlarına əsasən təbii və texnogen geoloji fəlakətlərin başvermə ehtimalı yüksək olan risk zonalarının proqnozlaşdırılması və qiymətləndirilməsi həyata keçirilməlidir. Hazırda ölkə ərazisində yaradılmış hidrogeodeformasiya şəraitinin öyrənilməsi və geodinamik şəraitin qiymətləndirilməsi üzrə lokal monitorinq şəbəkələri fəaliyyət göstərməkdədir.