İşğal olunmuş ərazilərin faydalı qazıntıları
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası əraziləri özünəməxsus geoloji quruluşu, filizsaxlayan kompleksləri, geoloji-tektonik inkişaf şəraiti, metallogenik xüsusiyyətləri və bunlarla əlaqədar müxtəlif formasiyalarda təşəkkül tapmış bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malik olan Kiçik Qafqaz meqaantiklinoriumunun cənub-şərq hissəsini əhatə edir.
Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən qızıl yataqları ilə zəngin olmasıdır. Hələ 1920-ci ildə geniş təbii sərvətlərə malik olan Zəngəzur quberniyasının ilhaq edilməsi də bunun nəticəsidir. Zəngəzur əyalətində münbit torpaqları, sıx meşələri, qiymətli mineral su və yeraltı şirin su yataqları ilə yanaşı, bu gün də istismar edilən nəhəng Qafan, Qacaran mis-molibden və Liçgivaz - Tey qızıl yataqları vardır.
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərində ərazilər işğal olunanadək müddətdə ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.
Ümumiyyətlə isə, Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilmişdi.
Mövcud filiz və geyri-filiz faydalı qazıntı yataqlarının ehtiyatlarının sənaye əhəmiyyətinin və perspektivliyinin qalıb-qalmamasının qiymətləndirilməsi üçün ərazilərimiz işğaldan azad edildikdən sonra burada geoloji-kəşfiyyat işlərinin aparılması zəruridir.
Qondarma «DQR» prezidentinin təbii sərvətlər üzrə məsləhətçisi, keçmiş SSRİ-nin sonuncu geologiya naziri işləmiş Qriqori Qabrielyantsın 2014-cü ilə aid məlumatında göstərilir ki, qondarma «DQR» Geoloji fondunda 285 faydalı qazıntı yatağı qeydiyyata alınmışdır ki, onlardan da 83-ü filiz, 197-si qeyri-filiz, 5-i yanar faydalı qazıntı yataqlardır. Həmçinin o, faydalı qazıntılara dair 78 proqram tərtib edildiyini, bunların 64-nin hasilatla, 14-nün tədqiqatlarla (11 filiz, 1 qeyri-filiz və 2 yanar faydalı qazıntıları) bağlı olduğunu qeyd edirdi.
Ermənilər 1990-cı illərin sonlarına qədər işğal edilmiş ərazilərdə azərbaycanlı əhaliyə aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib satmaqla və meşələrimizi qırıb məhv etməklə dolanırdılarsa, sonrakı illərdə bu talançılığın digər istiqaməti – faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət aldı.
1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda filizçıxarma üzrə dağ-mədən işlərinin aparılması üçün Ermənistanın Sənaye və Ticarət Nazirliyi ilə Kanadanın aktivləri «STERLİTE GOLD LTD»şirkətinə məxsus, baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən və səhmləri isə Toronto fond birjasında hərraca çıxarılan «First Dynasty Mines» («FDM») şirkəti arasında bağlanmış 63,3 milyon ABŞ dolları məbləğində müqavilə ilə işğal altında olan Azərbaycan Respublikasının ərazilərindəki təbii mineral-xammal ehtiyatlarının rəsmi talanına başlanılmışdır.
Keçən dövr ərzində qondarma Dağlıq Qarabağ rejimi tərəfindən təbii sərvətlər və onun istifadəsinə dair bir çox fərman və sərəncamlar verilmişdir ki, bunlar da mahiyyət etibarilə təbii sərvətlərin dağıdılmasına xidmət edir. Bu sərəncamların ciddi təhlil edilməsi və araşdırılması gərəkdir. Məsələn, 4-cü sərəncam strateji sərvətlərlə, 5-ci sərəncam ağac emalı məsələləri ilə, 7-ci sərəncam ərazinin su problemləri və mineral sulardan istifadə ilə bağlı olmuşdur. 19-cu sərəncam icazə verir ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlar da Dağlıq Qarabağda torpaq və yaxud ayrı mülkiyyət sahibi ola bilərlər.
Sayca 21-ci olan “Dağlıq Qarabağ və ətraf ərazilərdə təbii sərvətlərdən və torpaqlardan istifadə haqqında” 02 iyun 2006-cı il tarixli sərəncamda Dağlıq Qarabağın təbii sərvətlərindən istifadənin qaydaları təsdiq olunmuşdur. Sərəncamın 7-ci maddəsində qeyd olunur ki, strateji cəhətdən daha qiymətli olan təbii sərvətlərin bölüşdürülüb daşınması məsələsi qondarma rejimin nəzdində yaradılmış Təbii Sərvətlərə Nəzarət Komissiyasına həvalə edilir və bu komissiyanın icazəsi olmadan ərazidən heç bir sərvət çıxarıla bilməz. Sərəncamın 9-cu maddəsinə əsasən ərazidə fəaliyyət göstərən xarici şirkətlərə mənsub olduğu ölkələrdən mütəxəssis və digər işçi qüvvəsi gətirməyə və gəlmiş xarici vətəndaşın 3 ildən 5 ilədək Dağlıq Qarabağın istənilən yaşayış məntəqəsində qeydiyyata götürülməsinə icazə verilir. İşçi milliyyətcə ermənidirsə ona bu vaxt bitdikdən sonra daimi vətəndaşlıq hüququ verilir.
Qondarma separatçı rejimin o zamançı lideri A.Qukasyan tərəfindən imzalanmış bu sərəncamda ABŞ, İsveçrə və Fransadan gələn şirkətlərin fəaliyyəti ilə bağlı ayrıca maddə (3-cü maddə) vardır. Həmin 3-cü maddəni təhlil edən “Asun” İnformasiya Agentliyi qeyd edirdi ki, Artsaxda yaradılmış “İnkişaf Agentliyi” (İqtisadi İnkişaf Agentliyi) fransız iş adamlarının layihələri əsasında yaradılmışdır. Fransız iş adamlarına səlahiyyət verilir ki, onlar bu ərazilərdə həm də başqa obyektlər tiksinlər.
Sərənmcamla bağlı separatçı rejim işğal olunmuş ərazilərdə qızıl yataqlarının istismarı və istehsalı ilə məşğul olan “Manex and Valex”, həmçinin “Base Metals” səhmdar cəmiyyətlərinin başçıları olan Valeri Məzlumyanı və Artur Mkrtışyanı da qəbul etmişdi.
Verilən sərəncamlar və qarşıya qoyulan çirkin məqsəd az bir vaxtda Azərbaycan Respublikasına mənsub olan təbii sərvətlərin sürətli talanına təkan verdi. Qısa müddətdə iki fransız şirkəti qondarma rejimin “Dasko” hərbi aviasiya kompleksi üçün iş görməyə başladı.
Hazırda və Azərbaycan Respublikasının Ermənistanın işğalında olan Dağlıq Qarabağ və qonşu yeddi rayonda yeraltı sərvətlərin hasilatı ilə məşğul olan 30-dan çox müəssisə fəaliyyət göstərir. "Sterlite Gold Ltd", "Sirkap Armenian", "Base Metals", "Manex and Valex", "Armenian Copper Programme", “GeoProMining LTD” və s. şirkətlər 2001-ci ildən bəri Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərimizdən mineral-xammalı çıxarıb Ermənistana daşıyırlar.
İşğal altında olan Azərbaycan Respublikası ərazilərindəki təbii mineral-xammal ehtiyatlarının rəsmi talanına daha çox ABŞ, Rusiya, Kanada, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edilmişdir ki, onlardan da ən böyüyü «STERLİTE GOLD LTD» «Base Metals» və “GeoProMining LTD”-dir.
Rusiyalı araşdırmaçı Aleksey Valiyev iddia edir ki, Dağlıq Qarabağda 30-dan çox şirkət qızıl və digər resursların hasilatı ilə məşğul olur.
Qondarma «DQR» rejimi üçün dağ-mədən sənayesi ən çox gəlir gətirən perspektivli sahədir. 2002-ci ilin avqust ayında yaradılmış «Base Metals» MMC şirkəti artıq 17 ildir ki, bir sıra əsaslı filiz mədənlərini işlədir.
2019-cu ilin məlumatlarında göstərilir ki, 2015-ci il dekabrın 26-da açılışı olmuş Kaşen filiz emalı fabrikinində 2000 nəfərdən çox işçi çalışır və illik istehsal gücü 5 milyon ton filizə bərabərdir.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki mövcud faydalı qazıntı yataqlarının işlənməsinin texniki iqtisadi göstəriciləri istismar müəssisələrinin yüksək rentabelliliklə fəaliyyət göstərəcəyini təsdiq edir. Odur ki, milyardlarla ABŞ dolları gəlir gətirəcək mineral-xammal ehtiyatları ermənilər tərəfindən asanlıqla talan edilir.
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində olan filiz yataqları genezisi baxımından hidrotermal mənşəlidir və yataqlardakı filiz cismi əsasən damar, bəzən linza və ştokverk formasındadır, faydalı komponentlərin yayılma miqdarı qeyri-bərabərdir. Bu isə o deməkdir ki, bu yataqların filizlilik baxımından zəngin yerləri talan edilməklə, qısa müddətdə daha çox gəlir əldə edilir və bununla da yataqlar yararsız hala salınır. Həmçinin, inşaat materialları yataqlarında da daha zəngin blokların istismarı əslində yatağın perspektivliliyinin bütövlükdə məhvinə gətirib çıxara bilir.
2014-cü ildə aparılmış qiymətləndirmənin nəticələrinə görə 22 illik işğal dövründə (01.01.2014-cü ilədək) faydalı qazıntıların talanı nəticəsində dəymiş zərərlərinin məbləği 72 779 189 151 AZN-dir. Həmin dövrdə 1 dollar =0,784 manat nisbətində idi.