Geologiya

Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 23 iyul tarixli 551s nömrəli Sərəncamının (“Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə) 3.5-ci bəndinin birinci “Yer təkinin geoloji öyrənilməsinə dair dövlət proqramının layihəsinin təqdim olunması” hissəsinin icrası məqsədi ilə “Yer təkinin 2019-2023-cü illərdə geoloji öyrənilməsinə dair Dövlət Proqramı”nın layihəsi  hazırlanmışdır.Belə ki, geologiya və faydalı qazıntılar üzrə müvafiq milli fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrindən biridir. “Yer təkinin 2019-2023-cü illərdə geoloji öyrənilməsinə dair Dövlət Proqramı” sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini özündə ehtiva edir.

Yerin təki haqqında “Azərbaycan Respublikası Qanunu”nun 28-ci maddəsində (Yer təkinin dövlət geoloji öyrənilməsi) qeyd olunur ki; “Azərbaycan Respublikasının mineral-xammal bazasının genişləndirilməsi və möhkəmləndirilməsini təmin etmək məqsədilə müntəzəm olaraq onun ərazisində yer təkinin dövlət geoloji öyrənilməsi həyata keçirilir. Dövlət geoloji öyrənilməsinin və xəritəalma işlərinin aparılması, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yerin təkində baş vermiş proseslərin proqnozlaşdırlması, mineral-xammal bazası haqqında informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanılması və digər işlərin həyata keçirilməsindən ibarətdir”.

Milli Geoloji Kəşfiyyat Xidməti Regional geoloji tədqiqatların aparılması yer təkinin geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geokimyəvi, geoekoloji, geodinamik şəraitinin öyrənilməsinə,strateji və yaxud ənənəvi növ faydalı qazıntı yataqlarının axtarışı üçün perspektiv sahələrin müəyyənləşdirilməsini həyata keçirir