Dövlət Geoloji İnformasiya Fondu
- Fonda Nazirliyin tabeli qurumlarından hesabatlar qəbul edilir. Qəbul edilmiş hesabatlar yoxlanılaraq qeydiyyata alınır, inventar nömrə verilir. O cümlədən məxfilik qrifi olan sənədlər də qəbul edilir və qeydiyyatı aparılır. Fondda geoloji 26677 adda sənəd ( 294 hesabata məxfilik qrifi verilib ) və mühasibat, kadr və kargüzarlıq üzrə 33000 sənəd yerləşir. Həmçinin Milli Hidrometeorologiya Departamentindən qəbul edilmiş 35000 ədəd sənəd nazirliyin zirzəmisində yerləşən saxlama kameralarında yeni alınmış qutulara yığılır, stelajlara səliqə ilə yerləşdirilir, sistemləşdirilir, qutuların üzərinə qutuların içərisində mövcud olan sənədlər haqqında məlumat vərəqələri yapışdırılır.
- Fonda Respublika ərazisində baş vermiş fövqəladə hadisələr üzrə ( zəlzələ, sürüşmə ) həftəlik və aylıq blütenlər daxil olur. Daxil olan bütün məlumatlar sistemləşdirilərək saxlanması və mühafizəsi təmin edilir. Nazirliyin tabeli qurumlarından Fonda daxil olan ətraf mühitin vəziyyəti və Xəzər dənizi üzrə ekoloji, hidroloji və hidrometeoroloji informasiyaların toplanması və sistemləşdirilməsi, Ətraf mühitin vəziyyəti və Xəzər dənizi üzrə toplanmış materiallar əsasında illik hesabatlar hazırlanır.
- Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Obyektlər planı üzrə və digər təşkilatlar tərəfindən il ərzində geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə Dövlət qeydiyyatı verilir. Dövlət qeydiyyatı verilmiş sahələrdə aparılan geoloji işlərin qeydiyyatı aparılır. Respublikanın mineral-xammal bazasının vəziyyətini hər il üzrə əks etdirən ehtiyatları Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasında təsdiq edilmiş Faydalı Qazıntı yataqlarının Balans kitabları tərtib edilir. Faydalı Qazıntı Ehtiyatları üzrə balansa daxil edilmiş faydalı qazıntı yataqlarının pasportları hazırlanır. Faydalı qazıntı yataqlarında istismar işləri ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilmiş hasilat haqqında hesabatları yoxlanılaraq, qəbul edilir.
- Fondun kitabxanasına ekologiya, geologiya, hidrometeorologiya, meşəçiliyə aid ədəbiyyatlar daxildir. Yeni daxil olan kitablar inventar və ümumi uçot kitabında qeydə alınır, elmi və texniki işləmədən keçir və kataloqa salınır, jurnal və qəzetlər isə kartotekalarda müvafiq qaydada qeydə alınır. Kitabxanaya yeni daxil olan kitablarla oxucuları tanış etmək üçün burada yeni ədəbiyyat sərgisi təşkil olunur və yeni ədəbiyyat siyahısı anotasiya ilə hazırlanır, lövhədə asılır. Həmçinin ilin sonunda kitabça şəklində məlumat bülleteni hazırlanır. Bu bülletenə kitabxanaya daxil olan yeni kitabların və dövrü mətbuat materiallarının biblioqrafiyası yerləşdirilir. İl ərzində jurnallardan və qəzetlərdən məqalələr seçilir və elektron kartotekalarda qeydə alınır. Kitabxanada tarixi, əlamətdar günlərə və müxtəlif aktual mövzulara aid kitab sərgiləri təşkil olunur. Kitabları qoruyub saxlamaq məqsədi ilə onlar skaynerdən keçirilir və elektron versiyada kitabxanada saxlanılır. Kitabxana mütəxəssislərə məlumat – biblioqrafiya və kitabxana xidməti göstərir.
- Fonda daxil olan məktublarda istənilən məlumatlar Azərbaycan Respublikası Nazirlər kabinetinin 1999-cu il, 15 oktyabr tarixli 164 №li Qərarına əsasən tərəflərarası müqavilə əsasında təqdim edilir.