Ətraf Mühit və Təbii Sərvətlər Üzrə İnformasiya-Arxiv Fondu Haqqında Nizamnamə

Azərbaycan Respublikasının
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin 2002-ci il
“ 15 ” 04 tarixli 1306/ü nömrəli
Əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondu haqqında
N İ Z A M N A M Ə

I. Ümumi müddəalar
1. Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondu (bundan sonra “İnformasiya-Arxiv Fondu”) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra “Nazirlik”) 28 noyabr 2001-ci il tarixli 139/Ü nömrəli əmri ilə yaradılmışdır.
2. İnformasiya-Arxiv Fondu Ətraf Mühit və Təbii Sərvətlər üzrə vahid informasiya sisteminin formalaşması, bərpası, idarə edilməsi, qorunması və dövlət məlumatlar fondunun yaradılması sahəsində fəaliyyəti həyata keçirən Dövlət müəssisəsidir.
3. İnformasiya-Arxiv Fondu öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və konvensiyaları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarını, Nazirliyin Əsasnaməsini, əmr, sərəncam və göstərişlərini, bu Nizamnaməni rəhbər tutur.
4. İnformasiya-Arxiv Fondu öz səlahiyyətlərinə aid olan məsələlərlə
əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.
5. İnformasiya-Arxiv Fondunun maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
6. İnformasiya-Arxiv Fondu müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan, Nazirliyin və öz adı yazılan möhürə, müvafiq ştamplara və blanka, bank hesabına malikdir.
7. İnformasiya-Arxiv Fondu Bakı şəhəri, B.Ağayev-100 “A” ünvanında yerləşir.

II. İnformasiya-Arxiv Fondunun əsas vəzifələri
8. İnformasiya-Arxiv Fondunun əsas vəzifələri aşağıdakılardır:
8.1. Ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin mövcud vəziyyəti, Respublikanın mineral-xammal bazasının vəziyyəti və perspektivləri, eləcə də Respublika ərazisinin geoloji cəhətdən öyrənilmə səviyyəsi, bioresurslar, biomüxtəliflik, həmçinin meşə fondu, sututarları, hidrometeorologiya və təbii
mühitin monitorinqi üzrə vahid informasiya sisteminin və bazasının formalaşmasını, yaradılmasını təşkil və təmin etmək;
8.2.İnformasiya-Arxiv Fondunda toplanan və sistemləşdirilən məlumatlar əsasında Nazirliyin Mərkəzi Aparatını və digər tabeli qurumlarını müvafiq informasiya ilə təmin etmək;
8.3. İnformasiya-Arxiv Fondunda toplanan, saxlanılan, istifadə olunan və istifadəyə verilən informasiyanın konfidensiallığını təmin etmək;
8.4.Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri həyata keçirmək.

III. İnformasiya-Arxiv Fondunun funksiyaları
9. İnformasiya-Arxiv Fondu, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
9.1. Ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə məlumatların toplanması, sistemləşdirilməsi, mühafizəsi və istifadəsini təmin edir;
9.2. Respublika iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyacının ödənilməsi, ətraf mühitin sağlamlaşdırılmasının təmin edilməsi, meşələrin mühityaradıcı, suqoruyucu və digər faydalı xüsusiyyətləri, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri, komplekslərin və obyektlərin bioloji müxtəlifliyi üzrə məlumatların toplanması, sistemləşdirilməsi, baxılması və
istifadəsini təmin edir;
9.3. Təbii ehtiyatların hər hansı növlərinin istismarı və istifadəsi, eləcə də ekzogen geoloji proseslər nəticəsində dövriyyədən çıxmış torpaqlar, ekoloji cəhətdən çirklənmiş və ya yararsız hala salınmış çaylar, su axarları, göllər, sututarları üzrə məlumatların toplanması, sistemləşdirilməsi, mühafizəsi
və istifadəsini təmin edir;
9.4. Xüsusi əhəmiyyət kəsb edən təbii landşaftların, meşə sahələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, o cümlədən dövlət təbiət qoruqlarının su mühafizə zonalarının uçotunun aparılmasını təşkil edir;
9.5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir və nəsli kəsilməkdə olan, habelə alınıb-satılması qadağan edilən və ya mühafizəsi beynəlxalq müqavilələrlə və konvensiyalarla tənzimlənən heyvan və bitki növlərinin mühafizəsi zonalarının uçotunun aparılmasını təmin edir;
9.6. Ölkə ərazisində təhlükə potensiallı obyektlərin uçotunun aparılması və Nazirlik tərəfindən müəyyən edilmiş qaydada müvafiq orqanları bu barədə məlumatlandırmaq məqsədi ilə informasiyanın toplanması və hazırlanmasını təşkil edir;
9.7. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə meteoroloji, aeroloji, dəniz hidroloji, aqrometeoroloji, heliogeofizik, sinoptik, çay, kanal, göl, su anbarları, buzlaqlar, qar uçqunları, sellər, dağlarda qar örtüyü, ətraf mühitin çirklənməsi və fon çirklənməsi barədə, eyni zamanda yerin süni
meteoroloji peyklərinin məlumatlarının və təbii mühitin vəziyyəti haqqında digər məlumatların toplanması, sistemləşdirilməsi, mühafizəsi və istifadəsini təşkil və təmin edir;
9.8. Yer təkinin geoloji öyrənilməsi üzrə bütün növ (geoloji, geofiziki, geokimyəvi, hidrogeoloji, mühəndis geoloji, geoekoloji və faydalı qazıntıların geoloji kəşfiyyatı, istismarı və s.) geoloji hesabat materiallarının vəməlumatların toplanması, sistemləşdirilməsi, mühafizəsi və istifadəsini təmin edir;
9.9. Tabeçiliyindən və təşkilatı-hüquqi formasından asılı olmayaraq, Respublikanın ərazisində bütün idarə, müəssisə və təşkilatlar tərəfindən yer təkinin geoloji cəhətdən öyrənilməsi və faydalı qazıntıların çıxarılmasının, eləcə də onların istismarı ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələrinin və onlarla əlaqədar aparılan müvafiq işlərin dövlət uçotuna və dövlət qeydiyyatına alınmasını təşkil edir;
9.10. Sənaye əhəmiyyətli yataqlar üzrə Azərbaycan Respublikasının faydalı qazıntı ehtiyatlarının Dövlət balansının aparılmasını təşkil və təmin edir;
9.11. Faydalı qazıntı yataqları, təzahürləri, yeraltı su mənbələrinin, geofiziki və geokimyəvi anomal sahələrin uçotunun aparılmasını və pasportlarının hazırlanmasını həyata keçirir;
9.12. Yerinə yetirilmiş geoloji-kəşfiyyat işləri əsasında Respublika ərazisinin geoloji, geofiziki, hidrogeoloji və mühəndis-geoloji öyrənilmə kartoqrammalarının və cari işlər üzrə geoloji öyrənilmənin operativ kartoqrammalarının tərtib edilməsini təmin edir;
9.13. Lisenziyalaşdırma sisteminin tətbiqi ilə əlaqədar olaraq obyektlər (obyektlər qrupu) üzrə müvafiq informasiyanın hazırlanmasını təmin edir;
9.14. Tikinti işləri layihələndirilən sahələrdə, yer təkində təsdiq edilmiş faydalı qazıntı ehtiyatlarının olub-olmaması haqqında arayışlar tərtib olunmasını həyata keçirir;
9.15. Xüsusi elmi və tarixi əhəmiyyətə malik olan nadir geoloji açılışlar, mineraloji törəmələr, palentoloji obyektlər yerləşən və müəyyən olunmuş qaydada təbiət abidələri elan edilmiş yer təki sahələrinin uçotunun aparılmasını təmin edir;
9.16. Tabeçiliyində fəaliyyət göstərən Elmi-Texniki Kitabxananın müvafiq elmi-texniki və dövrü nəşr materialları ilə zənginləşdirilməsi və sistemləşdirilməsini, onların mühafizəsi, mübadiləsi və istifadəyə verilməsinin həyata keçirir;
9.17. Tabeçiliyində fəaliyyət göstərən Topoxəritəxananın bütün növ və müxtəlif miqyaslı xəritə, planşet, topoplanla və sair müvafiq materiallarla zənginləşdirilməsi, onların sistemləşdirilməsi, mühafizəsi və istifadə edilməsini təşkil və təmin edir;
9.18. Tabeçiliyində olan Elektron İnformasiya Sistemini müasir tipli kompyuter avadanlığı, kompyuter proqramları və sair köməkçi avadanlıq və materiallarla təmin edir;
9.19. Tabeçiliyində fəaliyyət göstərən Coğrafi İnformasiya Sisteminin informasiya bazasının formalaşması, yaradılması və genişləndirilməsini təşkil və təmin edir;
9.20. Ətraf mühitin mühafizəsi və təbiətdən istifadə, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı ehtiyatlarının istismarı, meşələrin mühafizəsi, bərpası və genişləndirilməsi, hidrometeorologiya və təbii mühitin monitorinqi, bioloji, eləcə də su ehtiyatlarının artırılması üzrə icra olunan yerli və
beynəlxalq layihələrin (ayrılan yer təki sahələri və görüləcək işlər) dövlət uçotuna və dövlət qeydiyyatına alınmasını həyata keçirir;
9.21. Respublikanın ərazisində ətraf mühitin mühafizəsi, yer təkinin öyrənilməsi və təbii sərvətlərdən istifadə ilə məşğul olan təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlardan müəyyən edilmiş qaydada təsdiq olunmuş formalara uyğun olaraq təbii sərvətlərin
artımı, azalması, hasilatı, itkiləri və sair haqqında illik məlumatları qəbul edir;
9.22. Mədən vergisi ödəyicilərindən hesabat ili üçün ildə bir dəfə,
müəyyən edilmiş qaydada faydalı qazıntıların hasil edilmiş həcmi haqqında
hesabat balansını qəbul edir;
9.23. Müəyyən edilmiş qaydada təsdiq edilmiş formalar üzrə fəaliyyətinin nəticələri haqqında statistik, operativ və mühasibat hesabatlarını aparır, müəyyən olunmuş qaydada onları Nazirliyə və Respublikanın əlaqədar orqanlarına təqdim edir;
9.24. Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər funksiyaları yerinə yetirir;

IV. İnformasiya-Arxiv Fondunun hüquqları
10. İnformasiya-Arxiv Fondu, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. Tabeçiliyindən və təşkilatı-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla ətraf mühitə dair açıq informasiya mübadiləsini aparmaq;
10.2. Nazirliyin razılığı əsasında beynəlxalq informasiya sistemləri ilə əlaqələrin yaradılmasını təşkil və təmin etmək;
10.3. Fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək;
10.4. Dövlət qeydiyyatına alınmış, aparılan bütün növ işlərin yekun nəticələri əsasında tərtib edilmiş hesabat materiallarının bir nüsxəsinin İnformasiya-Arxiv Fonduna təhvil verilməsini təşkil etmək;
10.5. Öz səlahiyyətləri daxilində Nazirlik tərəfindən müəyyən edilmiş
qaydada hüquqi və fiziki şəxslərə müqavilələr əsasında Dövlət sirri təşkil  edən informasiyalar istisna olmaqla, ətraf mühitə dair informasiyaların satışını təşkil etmək;
10.6. Ətraf mühitin mühafizəsi, təbiətdən və təbii sərvətlərdən istifadə sahəsində xarici və beynəlxalq təşkilatlarla informasiya mübadiləsinə dair Nazirliyə təkliflər vermək;
10.7. Qanunvericiliyə uyğun digər hüquqları həyata keçirmək.

V. İnformasiya-Arxiv Fondunun fəaliyyətinin təşkili
11. İnformasiya-Arxiv Fonduna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir.
12. Rəis İnformasiya-Arxiv Fonduna həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
13. İnformasiya-Arxiv Fondunun kadr, maliyyə-mühasibatlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyəti idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar.
14. İnformasiya-Arxiv Fondunun rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
14.1. İnformasiya-Arxiv Fondunun iş fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində İnformasiya-Arxiv Fondunun strukturunu, ştat cədvəlini və xərclər smetasını hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
14.3. İnformasiya-Arxiv Fondunun nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
14.4.Səlahiyyətləri çərçivəsində İnformasiya-Arxiv Fondunun fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
14.5. İnformasiya-Arxiv Fondunun strukturunda və ştat cədvəlində dəyişikliklər aparılması barədə Nazirliyə təklif verir;
14.6. İnformasiya-Arxiv Fondunun işçilərini lazımi alət, xüsusi mühafizə vasitələri və iş geyimi ilə təmin edir;
15. İnformasiya-Arxiv Fondunun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən, səlahiyyətləri Nazir tərəfindən müəyyənləşdirən bir müavini vardır.

VI.İnformasiya-Arxiv Fondunun yenidən təşkili və ləğv edilməsi
16. İnformasiya-Arxiv Fondu qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Nazirliyin əmri ilə yenidən təşkil olunur və ləğv edilir.