Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Əsasnaməsi

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti haqqında
ƏSASNAMƏ

                                  I.ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti (bundan sonra - “ Departament”) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra -“ Nazirlik”) 2004-cü il 10 avqust tarixli 497/Ü nömrəli Əmri ilə yaradılmışdır.
2. Departament xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin, ovun və ovçuluq təsərrüfatlarının təşkili və mühafizəsi, ovçuluq qaydalarına əməl edilməklə Azərbaycan Respublikasının ərazisində, bioloji müxtəlifliyin qorunub saxlanması və sabit inkişafı, bioloji sərvətlərin bərpası, artırılması ( o cümlədən süni yolla) və hesaba alınması, genetik fondun qorunub saxlanılması, xüsusi mühafizə dövlət ov fondundan səmərəli istifadə olunması, ekoloji maarifləndirmə və ekoturizmin təşkili və inkişafı sahəsində fəaliyyəti, həmçinin fəaliyyət zamanı  müvafiq qanunvericiliyin icrasına nəzarəti həyata keçirən orqandır.
3. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı konvensiyaları və beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,   Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini, əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni və bu sahədə olan digər normativ hüquqi aktları rəhbər tutur.
4. Departament öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.
5. Departament fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
6. Departament müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən Dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bank hesabına malikdir.
7. Departament öz fəaliyyətini bilavasitə və Milli Parklar, Dövlət Təbiət Qoruqları, Dövlət Ovçuluq Təsərrüfatları vasitəsilə həyata keçirir.
8. Departament Bakı şəhərinin B.Ağayev 100 A ünvanında yerləşir.

 
 II. DEPARTAMENTİN ƏSAS VƏZİFƏLƏRİ
9. Departamentin əsas vəzifələri aşağıdakılardır.
9.1.Bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması, bərpası və bioloji sərvətlərdən səmərəli istifadə olunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək;
9.2.Bioloji ehtiyatların, xüsusi mühafizə olunan təbiət ərazilərinin, bitki örtüyünün, flora və faunanın bərpasını təşkil etmək;
9.3.Bioloji müxtəlifliyin qorunub saxlanılması və bioloji sərvətlərin davamlı inkişafı, bərpası, artırılması( o cümlədən süni yolla) və hesaba alınmasını təmin etmək;
9.4.Xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin (o cümlədən palçıq vulkanlarının) təbiət komplekslərinin və obyektlərinin mühafizəsinə, bioloji müxtəlifiyin qorunub saxlanılmasına dair təkliflər vermək;
9.5.Təbiət abidələrini (o cümlədən palçıq vulkanlarının) siyahısını tərtib etmək və ondan istifadəni tənzimləmək;
9.6.Dövlət təbiət qoruqlarında və milli parklarda qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazilərin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrını aparmaq;
9.7.        Milli parkların ərazilərində, onların təbiət, tarixi mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarının müəyyənləşdirilməsinə dair təkliflər vermək və fəaliyyətinin tənzimlənməsini həyata keçirmək;
9.8.        Nadir və nəsli kəsilməkdə olan və ya qiymətli heyvan və bitki növlərinin mühafizə edilməsi və bərpa olunması sahəsində tədbirləri təşkil etmək;
9.9.        Vəhşi heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və onlardan səmərəli istifadənin təmin edilməsi üzrə proqram və layihələr işləyib hazırlamaq və həyata keçirmək;
9.10.     Ovçuluq işlərinin və ovçuluq təsərrüfatının aparılmasını və ovçuluq rejiminə əməl edilməklə dövlət ov fondundan səmərəli istifadə olunmasını təşkil etmək, ov yerlərinin ayrılması və vəhşi heyvanların ov obyektlərinə aid edilməsini müəyyənləşdirmək, onun aparılması üçün ov norma və qaydalarını müvafiq təşkilatlarla razılaşdırmaqla hazırlamaq;
9.11.     Ovçuluq təsərrüfatının aparılmasının təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.12.     Ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılmasında iştirak etmək;
9.13.     Ekoturizmin inkişaf etdirilməsinə dair təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;
9.14.     Genetik fondun, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətinin qorunub saxlanılması istiqamətində tədbirləri həyata keçirmək;
9.15.     Xüsusi mühafizə olunan təbiət ərazilərinin və ovçuluq təsərrüfatlarının fəaliyyətinə ümumi rəhbərlik etmək, bu qurumların qanunvericilikdə nəzərdə tutulmuş qaydada işini tənzimləmək və təhlil etmək, həmçinin onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
9.16.     Öz səlahiyyətləri daxilində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında ətraf mühitin və təbii sərvətlərin, o cümlədən torpağın, bioloji müxtəlifliyin, bitki örtüyünün, flora və faunanın, təbiət abidələrinin bərpası, mühafizə və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirmək;
9.17.     Azərbaycan Respublikasında hüquqi, vəzifəli və fiziki şəxslər tərəfindən heyvanlar aləmi haqqında qanunvericiliyə əməl olunmasına, o cümlədən heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
9.18.     Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirrlərini yaymamaq;
9.19.     Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.
 
 III. DEPARTAMENTİN FUNKSİYALARI
10. Departament onun qarşısına qoyulmuş vəzifələr uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
10.1.     Bioloji müxtəlifliyin qorunması, bioloji sərvətlərin artırılması, bərpası və ondan səmərəli istifadə olunması işini təşkil edir.
10.2.     Bioloji müxtəlifliyə təhlükə yarada bilən ekstremal hadisələrin qarşısını almaq istiqamətində müvafiq Milli proqramların hazırlanmasında iştirak edir;
10.3.     Bioloji sərvətlərin introduksiya və reintroduksiya edilməsinə dair təkliflər verir və bu sahədə fəaliyyəti tənzimləyir;
10.4.     Bioloji müxtəlifliyin qorunması, bərpası, artırılması və ondan səmərəli istifadə edilməsi sahəsində sosial-iqtisadi və elmi-texniki inkişafın əlaqələndirilmsi, kompleks təhlilin aparılması və əsas istiqamətləri üzrə müəyyən edilmiş qaydada qısamüddətli və uzun müddətli proqnozlar işləyib hazırlayır;
10.5.     Bioloji müxtəlifliyin mühafizəsi, bərpası və artırılması sahəsində fəaliyyəti təşkil edir;
10.6.     Nadir və nəsli kəsilməkdə olan, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə müxtəlif beynəlxalq sənədlərlə mühafizə olunan heyvan və bitki növlərinin beynəlxalq ticarətinin tənzimlənməsini təşkil edir;
10.7.     Zooloji və bitki kolleksiyalarının dövlət qeydiyyatını aparır;
10.8.     Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində yanğından mühafizə tədbirlərinin həyata keçirilməsində iştirak edir, təbiət komplekslərinin təbii şəraitdə saxlanılmasını təmin edən tədbirlər işləyib hazırlayır  və həyata keçirilməsini təmin edir;
10.9.     Xüsusi mühafizə olunan təbiət ərazilərində elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir və dövlət təbiət qoruqlarında “Təbiət səlnaməsi”nin tərtib olunmasını təşkil edir;
10.10.  Xüsusi mühafizə olunan təbiət ərazilərinin hər biri üçün pasportların hazırlanmasını və müvafiq qaydada dövlət qeydiyyatına alınmasını həyata keçirir;
10.11.  Azərbaycan Respublikasının ərazisində heyvanlar və bitkilər aləminin mühafizəsi, onlardan istifadə edilməsi üzrə qaydalar, təlimatlar və digər normativ aktların hazırlanmasında iştirak edir;
10.12.  Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılmasına və zənginləşdirilməsinə dair rəylər verir;
10.13.  Milli parkların turizm və istirahət(rekreasiya) zonalarında turizm və istirahət üçün təbiətdən istifadənin ayrı-ayrı növlərindən səmərəli istifadəsini təşkil edir;
10.14.  Dövlət ovçuluq kadastrını aparır;
10.15.  Ovçuluq bileti verir,onların qeydiyyatını aparır və təsdiq edir;
10.16.  Ovçuluq təsərrüfatları üçün pasport hazırlayır və dövlət qeydiyyatına almaqla müvafiq qaydada saxlayır;
10.17.  Departament təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan ünvanlanmış məlumatları qəbul edir və daxil olan məlumatların təhlil olunaraq, operativ qaydada aidiyyatı üzrə çatdırılmasını və ya araşdırılmasını həyata keçirir;
10.18.  Xüsusi mühafizə olunan təbiət ərazilərindən, o cümlədən dövlət təbiət qoruqlarından və yasaqlıqlarından, milli parklardan, təbiət parklarından, təbiət abidələrindən, zoololji parklardan, nəbatat bağlarından və dendroloji parklardan, turizm və istirahət(rekreasiya), elmi-tədqiqat və təlim-tərbiyə məqsədləri üçün istifadənin, habelə təbiət obyektlərinin bərpasının müəyyən olunmuş qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət edir;
10.19.  Milli park,dövlət təbiət qoruğu və yasaqlığı ərazilərində mühafizə rejiminə əməl olunmasına nəzarət edir, həmin ərazilərdə bioloji müxtəlifliyin, ətraf mühitin, o cümlədən su obyektlərinin, yerüstü və yeraltı suların, torpağın, bitkilər aləminin( meşə sahələrinin) və vəhşi heyvanların ekoloji vəziyyətinə nəzarət edir;
10.20.  Xüsusi mühafizə olunan təbiət ərazilərində meşələrin suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin saxlanılmaına, onların yanğınlardan, daşqınlardan, zərərvericilərdən və xəstəliklərdən qorunmasına nəzarət edir;
10.21.  Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına dair təkliflər hazırlayır və Nazirliyə təqdim edir;
10.22.  Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirir, habelə həmin sahələrdən elmi-tədqiqat, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm və istirahət (rekreasiya) məqsədləri ilə istifadə edilərkən qanunvericiliyə və qaydalara əməl edilməsinə nəzarət edir;
10.23.  Əhalinin təbiətə, təbii ehtiyatlara qayğıkeş ruhunda maarifləndirilməsi işini təşkil edir və vətəndaşların ekoloji savadlarının artırılmasına köməklik göstərir,habelə əhalinin ətraf mühitin qorunmasında yaxından iştirakı məqsədi ilə müsabiqələr, konfranslar və sərgilər təşkil edir;
10.24.  Vəhşi heyvanların, o cümlədən quşların təbii və süni yolla artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlər planının həyata keçirilməsinə nəzarət edir;
10.25.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün digər funksiyaları həyata keçirir.
 
IV. DEPARTAMENTİN HÜQUQLARI
11. Departament, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1.     Bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması, bərpası və ondan səmərəli istifadə edilməsi, ekoloji monitorinqin keçirilməsi, ekoloji maarifləndirmə, ekoturizmin və istirahətin təşkili ilə əlaqədar milli parklar və dövlət təbiət qoruqlarında həyata keçirilən işlərə dair məlumatlar tələb etmək;
11.2.     Dövlət təbiət qoruqlarında və milli parklarda elmi-tədqiqat və biotexniki iş planlarının yerinə yetirilməsinə nəzarət etmək;
11.3.     Xüsusi mühafizə olunan təbiət ərazilərində bitki və heyvanlar aləminin mühafizəsi istiqamətində aparılan işlərə nəzarəti təmin etmək;
11.4.     Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
11.5.     Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hüquqi və fiziki şəxslərin ovçuluq fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması barədə nazirliyə təkliflər vermək;
11.6.     Bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması və bərpasına dair kompleks proqram və layihələr hazırlanması və həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;
11.7.     Heyvanlar aləmi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri və ovçuluq sahəsində qanunvericiliyin pozuntularının aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;
11.8.     Heyvanlar aləmi haqqında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında və ovçuluq haqqında qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri həyata keçirmək;
11.9.     Heyvanlar aləmi haqqında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında və ovçuluq haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
11.10.  Öz səlahiyyətləri daxilində konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada Departamentin nümayəndəsi qismində iştirak etmək;
11.11.  Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə dövlət İnformasiya-arxiv Fondunun materiallarından müəyyən olunmuş qaydada pulsuz istifadə etmək;
11.12.  Qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq.
 
V. DEPARTAMENTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
12. Departamentə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir;
13. Direktor Departamentə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə  görə şəxsən məsuliyyət daşıyır.
14. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
14.1.     Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2.     Müəyyən edilmiş əməyin ödənilməsi fondu daxilində Departamentin xərclər smetasını və ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
14.3.     Öz səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
14.4.     Departamentin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5.     Departamentin işçiləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir.
14.6.     Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinə müvafiq olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi barədə qərar verir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir.
15. Departamentin kadr, maliyyə-mühasibatlıq və kargüzarlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyatı şöbələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar.
16. Departamentin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan, səlahiyyətləri Nazir tərəfindən müəyyənləşdirilən bir Sektor müdiri-direktor müavini vardır.

VI. DEPARTAMENTİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ
17. Departament qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə yenidən təşkil olunur və ləğv edilir.