Biomüxtəliflik

Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.
Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti və ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılmışdır.
Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərini, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarını, Berkut dağ meşələrini özünə məskən seçmişdir.  Endemik növlərdən olan Qafqaz tetrasına isə Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında rast gəlinir.  Yaşılbaş ördəyə isə Xəzərin sahilində və sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-nın yüksək dağlıq ərazilərində məşkunlaşmışlar.
Ədəbiyyatda gözəllik simvolu kimi adı çəkilən ceyran başqa məməlilərə nisbətən dünyada çox az yayılmışdır. Növün dünyada əsas arealı Ərəbistan yarımadası, İran, Kiçik Asiya yarımadası, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Monqolustan, Şimal-qərbi Çin və Cənubi Qafqazda isə əsas arealı Azərbaycandır. Azərbaycan ceyranların nisbətən çox yaşadıqları ərazi olmuşdur. Lakin, uzun tarixi dövr ərzində antropogen təsirə məruz qalan bu növlərin sayı kəskin azalmağına baxmayaraq, ölkəmizdə bu növün bərpası istiqamətində aparılan işlər nəticəsində hazırda ceyran populyasiyası Avropa məkanında ən böyük populyasiya hesab edilir.
Bəbir əsasən tropik və subtropik qurşaqların tipik nümayəndəsi olsa da,  Azərbaycanda bu heyvana Talış dağlarının sıx meşələrində, Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında rast gəlinir. Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmişdir. Nəsli kəsilməkdə olan növ kimi bəbir, həmçinin "yox olmaq təhlükəsində olan fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiyanın" 1-ci əlavəsinə salınmışdır.