Saytın Xəritəsi

Nizamnamə

"AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN MİLLİ GEOLOJİ KƏŞFİYYAT XİDMƏTİ HAQQINDA 

N İ Z A M N A M Ə

I. ÜMUMİ MÜDDƏALAR

1. Milli Geoloji Kəşfiyyat Xidməti (sonralar «Geoloji Xidmət» adlanacaq) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (sonralar «Nazirlik» adlanacaq) 5 dekabr 2001-ci il tarixli 185/ü №-li əmri ilə yaradılmış və onun tabeçiliyində olan qurumdur. 
2. Geoloji Xidmət Azərbaycan Respublikası ərazisində yer təkinin geoloji öyrənilməsi (neft və qaz istisna olmaqla), faydalı qazıntı yataqlarının axtarışını, kəşfiyyatını, onların resurs və ehtiyatlarının hesablanmasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitin və digər təbii hadisələrin öyrənilməsini, həmçinin geoloji fəaliyyət zamanı qanunvericiliyin icrasına operativ nəzarəti həyata keçirən hüquqi şəxs statuslu dövlət orqanıdır. 
3. Geoloji Xidmət, ona tapşırılan sahənin idarə edilməsi işinə rəhbərliyi bilavasitə bütün Azərbaycan Respublikası ərazisində həyata keçirir, tabeçiliyində olan ekspedisiya və digər qurumlar onun vahid sisteminə daxildir.
4. Geoloji Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, onun tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirlik haqqında Əsasnaməsini, qərarlarını, sərəncalarını və göstərişlərini və bu Nizamnaməni rəhbər tutur. 
5. Öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir.
6. Geoloji Xidmətin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. 
7. Geoloji Xidmət müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank hesablarına malikdir.
8. Geoloji Xidmət Bakı şəhərində yerləşir.

II. GEOLOJİ XİDMƏTİN ƏSAS VƏZİFƏLƏRİ

2. Geoloji Xidmətin əsas vəzifələri aşağıdakılardır:
2.1. Yer təkinin geoloji öyrənilməsi üzrə sistemləşdirilmiş regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geokimyəvi və tematik tədqiqatlar aparmaq;
2.2. Faydalı qazıntı yataqları (filiz, qeyri-filiz, tikinti materialları, qiymətli daşlar və s.) və yeraltı su mənbələrinin axtaraışı və kəşfiyyatı işləri aparmaq;
2.3. Filizlərin, süxurların, suların və digər geoloji törəmələrin fiziki-mexaniki, kimyəvi və digər xüsusiyyətlərinin laborator tədqiqini aparmaq;
2.4. Təbii və antropogen fəaliyyət nəticəsində yer səthində baş verən ekzogen geoloji prosesləri öyrənmək və monitorinqini təşkil etmək, onların ətraf mühitə təsirini qiymətləndirmək və təbiətə təcili yardım məqsədli tədbirlər planının hazırlanması üzrə geoekoloji tədqiqatlar aparmaq;
2.5. Respublika ərazisində torpağın, yer təkinin, faydalı qazıntıların mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək;
2.6. Öz səlahiyyətləri daxilində ölkə ərazisində yer təkinin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı dövlət proqramlarının müvafiq qaydada yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
2.7. Geoloji fəaliyyətə dövlət nəzarətini həyata keçirmək;
2.8. Yer təkinin dərinlik quruluşunu və seysmohidrogeodinamik şəraitini öyrənmək məqsədi ilə geoloji-geofiziki tədqiqatlar kompleksini aparmaq;
2.9. Geoloji-kəşfiyyat və faydalı qazıntı yataqlarının istismarı işlərində topogeodeziya xidmətini yerinə yetirmək;
2.10. Təcrübi geoloji-sənaye sahələri yaratmaq.

III. GEOLOJİ XİDMƏTİN FUNKSİYALARI

3. Geoloji Xidmət onun qarşısına qoyulan vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 
3.1. Mineral-xammal bazasının inkişafı ilə əlaqədar respublika ərazisi və ayrı-ayrı geoloji-iqtisadi rayonlar üzrə mineral-xammal resurslarının perspektiv proqnozlarını, yeraltı su ehtiyatlarının kompleks istifadəsi və müzakirəsi sxemlərini hazırlayır;
3.2. Geoloji-istehsalat proqramlarında nəzərdə tutulan geoloji tapşırıqların təsdiq olunan layihə-smeta sənədlərinə müvafiq surətdə ardıcıl, səmərəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin edir;
3.3. Regionun, ərazinin, geoloji strukturların perspektivliyinin və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqlarının müəyyən edilməsi məqsədi ilə müxtəlif istiqamətli tematik xarakterli proqnoz-metallogenik tədqiqatlar aparır;
3.4. Yeraltı suların rejim və balans elementlərini, çirklənməsini, ehtiyatların tükənməsini, ekzogen geoloji prosesləri, seysmohidrogeodinamik və radiasiya şəraitini öyrənir, ətraf mühitin təbii proseslərdən mühafizəsi məqsədi ilə seysmohidrogeodinamik, radiasiya və ekzogen geoloji proseslərin regional və məxsusi şəbəkələr üzrə monitorinq sistemini yaradır, təkmilləşdirir və həyata keçirir;
3.5. Geoloji-istehsalat proqramlarının yerinə yetirilməsi, eləcə də geoekoloji monitorinq işləri zamanı əldə olunan xüsusi və ümumi informasiyanı müəyyən edilmiş qaydada Nazirliyə və aidiyyatı d orqanlarına çatdırır;
3.6. Axtarış və kəşfiyyat işləri nəticəsində hesablanmış faydalı qazıntı ehtiyatlarının (kateqoriyalar üzrə) istismarının məqsədəuyğunluğunu əsaslandıran texniki-iqtisadi mülahizə, məruzə və əsaslandırma layihələrinin tərtibi məqsədi ilə geoloji-tədqiqat işlərinin nəticələrini Nazirliyin müvafiq şöbəsinə təqdim edir;
3.7. Faydalı qazıntı ehtiyatlarının və yeraltı suların balans və balansdankənar ehtiyatlarını, proqnoz resurslarını hesablayır, ekspertiza və təsdiq üçün Nazirliyə təqdim edir; 
3.8. Geoloji planalma, axtarış, kəşfiyyat, tematik işlərin nəticələri haqqında illik və yekun geoloji hesabatları hazırlayır və Nazirliyə təqdim edir;
3.9. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və «Su məcəlləsi» ilə müəyyən edilmiş qaydada yeraltı suların mühafizə zonalarında yerləşən torpaq sahələrinin fiziki və hüquqi şəxslərinə istifadəsinə verilməsini razılaşdırır; 
3.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi qorunan su obyektlərinin bütövlükdə və qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılması barədə təqdimat verir; 
3.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyən edilmiş qaydada hər bir su obyekti üçün ekoloji su buraxılışı və suların bərpa edilmədən götürülməsinin həcmini müəyyən edir;
3.12. Yerüstü və yeraltı tikinti-quraşdırma işləri aparılacaq sahələrin mühəndis-geoloji və hidrogeoloji şəraitinin öyrənilməsi üzrə işlər aparır; 
3.13. Ekzogen geoloji proseslərə məruz qalmış ərazilərin mühəndis-geoloji şəraiti haqqında rəy verir;
3.14. Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işlərində elmin və texnikanın nailiyyətlərindən istifadə edir; 
3.15. Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqları və yeraltı su mənbələrinin axtarışı və kəşfiyyatı metodikasının, geoloji-kəşfiyyat texnikasının təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
3.16. Fiziki və hüquqi şəxslərin sifarişinə əsasən onların maliyyə vəsaiti hesabına geoloji-kəşfiyyat, topogeodeziya, markşeyder işlərini, nümunələrin fiziki-kimyəvi təhlili və s. yerinə yetirir; 
3.17. Xarici müəssisələr və şirkətlərlə birlikdə qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində, habelə başqa dövlətlərin ərazisində geoloji-kəşfiyyat işlərini aparır; 
3.18. Fövqəladə geoloji şəraiti və geoloji fəlakət zonalarını müəyyən edir və bu sahədə müvafiq dövlət tədbirlərini həyata keçirir; 
3.19. Mineraloji və paleontoloji kolleksiyaları yaradır, zənginləşdirir və mübadiləsini həyata keçirir;
3.20. Rayon planlaşdırılmasının sxemi və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş plan və məhəlli planlaşdırma layihələrinin, sənaye qovşaqlarının, kurort və istirahət zonalarının, seysmik mikrorayonlaşdırma və mühafizə zonalarının, ərazi və yaşayış məntəqələrinin təhlükəli geoloji və digər analoji proseslərdən mühafizə qaydalarını hazırlayır və təsdiq üçün Nazirliyə təqdim edir;
3.21. İstismar quyularının qazılması və yeraltı sulardan istifadə qaydalarına, o cümlədən ekoloji tələblərə uyğun olaraq yeraltı təbii suların istifadəçilərə verilməsi, istifadəçilərdən geri qəbul edilməsi və təkrar istifadəçilərə verilməsi qaydalarına və şərtlərinə əməl edilməsinə nəzarət edir
3.22. Ekzogen geoloji proseslərə qarşı tədbirlər görülməsinə nəzarət edir;
3.23. Ekoloji baxımdan yeraltı su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, onların çirklənmədən, tükənmədən qorunmasına, habelə yeraltı suların planlı istifadə edilməsinə nəzarət edir;
3.24. Nazirlik tərəfindən müəyyən edilmiş siyahı üzrə dövlət sirri təşkil edən geoloji məlumatlardan qanunvericiliyin tələblərinə uyğun istifadəni təmin edir;
3.25. Nazirliyin digər icra strukturları ilə qarşılıqlı informasiya və əlaqə münasibətlərinin təşkili və təmin edilməsi üzrə öhdəlikləri və göstərişləri yerinə yetirir; 
3.26. Mövcud qanunvericiliyə uyğun olaraq onun qarşısına qoyulan digər funksiyaları yerinə yetirir.

IV. GEOLOJİ XİDMƏTİN HÜQUQLARI

4.1. Nazirliyin razılığı ilə xarici müəssisələr və şirkətlərlə birlikdə ölkə ərazisində, habelə başqa dövlətlərin ərazisində geoloji-kəşfiyyat işlərini aparmaq; 
4.2. Nazirliyin tapşırığı ilə beynəlxalq, məhəlli, milli və yerli səviyyədə proqramlar, layihələr və başqa sənədlər hazırlamaq, aidiyyatı üzrə təqdim etmək və ya həyata keçirmək; 
4.3. Yer təkinin geoloji öyrənilməsi, faydalı qazıntı yataqları və yeraltı su mənbələrinin axtarışı və kəşfiyyatı metodikasını, geoloji-kəşfiyyat texnikası və texnologiyasını təkmilləşdirmək; 
4.4. Təcrübi geoloji-sənaye sahələrinin fəaliyyətini tənzimləmək və nəzarət etmək; 
4.5. Səlahiyyətləri daxilində tabeçiliyində olan təşkilatlardan müəyyən olunmuş qaydada arayış və hesabatlar tələb etmək; 
4.6. Geoloji-kəşfiyyat işlərində tətbiq olunan xərc və smeta normaları ilə faktiki iş normaları və xərclər arasında uyğunsuzluq aşkar edilərsə, onların təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq; 
4.7. Geoloji-istehsalat proqramlarının yerinə yetirilməsi üçün yeni struktur vahidlərin yaradılması və ya mövcud struktur vahidlərin dəyişdirilməsi haqqında təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;
4.8. Nazirlik tərəfindən müəyyən edilmiş qaydada müqavilələr əsasında geoloji-kəşfiyyat və bu sahədə digər xidmətlər göstərmək;
4.9. Geoloji, texniki-istehsalat və iqtisadi fəaliyyət məsələlərinə, yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin hesabatlarına baxmaq, geoloji-kəşfiyyat işlərində geologiya elminin və təcrübəsinin ən yeni nailiyyətlərini istehsalata tətbiq etmək, geoloji-kəşfiyyat işlərinin metodikasını, texnika və texnologiyanı təkmilləşdirmək məqsədilə Milli Geoloji Kəşfiyyat Xidmətinin yüksək ixtisaslı mütəxəssislərini cəlb etməklə İstehsalat Texniki Şura yaratmaq; 
4.10. Səlahiyyətli nümayəndələr vasitəsilə Nazirliyin Elmi-Texniki Şurası və Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyanın iclasında iştirak etmək;
4.11. Yer təkinin geoloji öyrənilməsi və mineral-xammal ehtiyatlarından səmərəli istifadə üzrə bilikləri təbliğ etmək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər keçirmək üçün Nazirliyə təkliflər vermək; 
4.12. Nazirliyin tapşırığı ilə mühüm əhəmiyyət kəsb edən faydalı qazıntı yataqları, beynəlxalq marağa səbəb olan geoloji sahələr və obyektlər üzrə informasiya toplularının hazırlanması, investisiyaların cəlb olunması və beynəlxalq layihələrin icrası məqsədi ilə təşkil edilən müxtəlif təyinatlı toplantılarda öz səlahiyyətli nümayəndələri vasitəsilə iştirak etmək;
4.13. Yer təkinin mühafizəsi və ondan səmərəli istifadə sahəsində qanunvericiliyin pozulmasının aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;
4.14. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
4.15. Yer təkinin mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri həyata keçirmək;
4.16. Yerin təki haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
4.17. Yer təkinin geoloji öyrənilməsi sahəsində vahid informasiya sisteminin formalaşdırmasında iştirak etmək;
4.18. Yer təkinin geoloji öyrənilməsi və istifadəsi ilə əlaqədar proqramların, informasiya toplularının, hesabatların və s. hazırlanması məqsədi ilə Nazirliyin tabeliyində olan «Ətraf mühit və təbii sərvətlər üzrə İnformasiya-Arxiv Fondu»nun materiallarından müəyyən edilmiş qaydada pulsuz istifadə etmək.

V. GEOLOJİ XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

5.1. Geoloji Xidmətə Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir; 
5.2. Rəis Geoloji Xidmətə həvalə edilmiş vəzifələrin və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır; 
5.3. Geoloji Xidmət qarşısına qoyulmuş vəzifə və funksiyaları tabeçiliyində olan struktur təşkilatları və digər qurumları vasitəsi ilə yerinə yetirir və onların fəaliyyətinə rəhbərlik edir; 
5.4. Geoloji Xidmətin Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad olunan geoloji və ümumi məsələlər üzrə müavinləri vardır; 
5.5. Geoloji Xidmətin rəisi aşağıdakı səlahiyyətlərə malikdir: 
- Geoloji Xidmətin mərkəzi aparatının və tabe təşkilatlarının fəaliyətini təşkil edir və əlaqələndirir; 
- Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Geoloji Xidmətinmərkəzi aparatının və tabe təşkilatlarının strukturu, ştat cədvəlini, xərclər smetalarını təsdiq üçün Nazirliyə təqdim edir; 
- Səlahiyyətləri çərçivəsində Geoloji Xidmətin mərkəzi aparatının və tabeliyində olan müəssisə və təşkilatların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 
- Geoloji Xidmətin mərkəzi aparatının şöbələrinin və tabeçiliyində olan struktur qurumların funksional təyinatı ilə əlaqədar təkliflər verir, say tərkibi və zərurət olduqda həmin strukturda dəyişikliklər aparılması barədə Nazirliyə təkliflər verir; 
- Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənişlərin miqdarını kollektiv müqavilələrlə və əmək müqavilələri ilə müəyyən edərək rəsmiləşdirir və Nazirlik tərəfindən təsdiq edilmiş bu Nizamnamə ilə tənzimləyir;
- Faydalı qazıntı yataqlarının kəşfçilərinin həfəsləndirilməsi məqsədi ilə pul mükafatlırının müəyyən olunması, ödənilməsi və Fəxri adların verilməsi barədə təkliflər hazırlayır və Nazirliyə təqdim edir; 
- İş və istirahət vaxtı, əmək haqqı məsələləri, əmək intizamı və əmək münasibətlərinə aid olan digər məsələləri qüvvədə olan əmək qanunvericiliyinə uyğun nizamlayır;
- Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi barədə qərar verir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir;
- İstehsalat Texniki Şuraya rəhbərlik edir və onun fəaliyyətini tənzimləyir.
5.6. Geoloji Xidmət və onun tabe qurumlarının kadr-kargüzarlıq, hüquq, maliyyə və mühasibat xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin müvafiq idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar;
5.7. Geoloji Xidmət Nazirliyin digər müəssisə və struktur vahidləri ilə öz münasibətlərini müqavilələr əsasında qurur;
5.8. Nazirliyin müəssisə və struktur vahidləri ilə bağlanmış müqavilələrin icrası zamanı yaranan mübahisələr və digər anlaşılmazlıqlar Nazirlik tərəfindən müəyyən olunmuş qaydada həll olunur; 
5.9. Geoloji Xidmətin yenidən təşkili (birləşməsi, bölünməsi, ayrılması, çevrilməsi) və ya ləğvi Nazirinin əmri ilə həyata keçirilir; 
5.10. Bu Nizamnamə 6 nüsxədən ibarətdir və bir nüsxəsi Nazirliyin hüquq xidmətinin işlərində saxlanılır.