Saytın Xəritəsi

Əsasnamə

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı Departamenti haqqında 
Ə S A S N A M Ə

 

Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
«24 »  dekabr  2002- ci  il  tarixli 
2580/ü nömrəli Əmri ilə təsdiq edilmişdir.

 

    I. ÜMUMİ  MÜDDƏALAR

    1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin Meşələrin İnkişafı Departamenti (bundan sonra – «Departament») Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – «Nazirlik») 23 dekabr 2002-ci il tarixli 2578/ü Əmri ilə yaradılmışdır.
    2. Departament Dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin materiallarının yetişdirilməsinin, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünün, meşə fondu torpaqlarının dövlət uçotunun və meşə kadastırının aparılmasını, meşələrə xidmət işlərini (aralıq istifadə qırmalarını) və digər meşə təsərrüfatı tədbirlərini , o cümlədən fəaliyyət zamanı  meşə qanunvericiliyinin icrasına nəzarəti həyata keçirən orqandır.
    3. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Meşə Məcəlləsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini, əmr, sərəncam və göstərişlərini, bu Əsasnaməni və həmin sahədə olan digər normativ – hüquqi aktları rəhbər tutur. 
    4. Departament öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir. 
    5. Departamentin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.
    6. Departament müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən Dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, bank hesabına malikdir.
    7. Departament öz fəaliyyətini bilavasitə və Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələri, Meşə Tingliyi Müəssisələri, Əlaqələndirmə Mərkəzi, Zərərvericilərə və Xəstəliklərə Qarşı Mübarizə Mərkəzi və Meşəsalma Müəssisələri vasitəsi ilə həyata keçirir və onların işini tənzimləyir, təhlil edir, həmçinin fəaliyyətlərinə nəzarət edir. 
    8. Departament Bakı şəhəri Yasamal r-nu B.Ağayev 100 A ünvanında yerləşir.

                 

       II. DEPARTAMENTİN  ƏSAS  VƏZİFƏLƏRİ

 

    9.  Departamentin əsas vəzifələri aşağıdakılardır:

    9.1. Meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin həyata keçirilməsini təmin etmək və meşələrin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirmək;
    9.2. Meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması, meşələrin torpaq qoruyucu, susaxlayıcı, mühit  tənzimedici, sanitar gigiyenik və digər faydalı funksiyalarının artırılması istiqamətində tədbirlər görmək;
    9.3. Ətraf mühit üçün xüsusi əhəmiyyəti olan elmi, mədəni və rekreasiya məqsədli, təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də Dövlət meşə fondunda yayılmış faunanın növlərinin qorunub mühafizə edilməsini təmin etmək;
    9.4. Meşə təsərrüfatının aparılmasının səmərəliliyinin artırılmasına nail olmaq;
    9.5. Meşə Mühafizəsi və Bərpası Müəssisələri, habelə fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadə olunması qaydalarına, eləcə də Azərbaycan Respublikasının meşə qanunvericiliyinin digər tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək; 
    9.6. Meşə fondunun qorunub mühafizə olunması və bərpasına dair normativ – hüquqi  aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;
    9.7. Meşələrin yanğından və meşə pozuntularından qorunmasını, zərərvericilərdən və xəstəliklərdən mühafizəsini təşkil etmək;
    9.8. Meşələrdən, meşədən kənar ərazilərdən və meşəparklarından, yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici  cinslərdən müsbət və elit ağac və ağaclıqların seleksiya əsasında  seçilməsini, onlardan toxumların  tədarükünü, uçotunu, analiz olunub yoxlanılmasını, eləcə də onların saxlanılmasını, nəqlini və  mübadiləsini təşkil etmək; 
    9.9. Meşəyə göstərilən xidmət işləri zamanı əldə olunan oduncaqdan, yerli meşə xammalından xalq istehlakı malları və digər sənaye məhsulları istehsal olunması barədə Nazirliyə əsaslandırılmış təkliflər vermək; 
    9.10. İkinci dərəcəli meşə məhsullarından istifadəni, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin genişləndirilməsini təşkil etmək;  
    9.11. Meşə təsərrüfatı tədbirlərinin aparılmasına dair statistik və daxili hesabatların vaxtında və dolğun tərtib olunmasını təşkil etmək, Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələri tərəfindən bütün meşə təsərrüfatı tədbirlərinin aparılmasına daxili nəzarəti həyata keçirmək;   
    9.12. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.

 

III. DEPARTAMENTİN  FUNKSİYALARI

     10. Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

    10.1. Meşələrin qorunub mühafizə olunması sahəsində həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi və proqnozlaşdırılması barədə təkliflər hazırlayır və Nazirliyə təqdim edir;
    10.2. Dövlət meşə fondunda meşə zərərvericilərinin və xəstəliklərinin mənbələrinin aşkar edilməsini, meşəpotoloji müayinələrin aparılmasını, zərərvericilərin və xəstəliklərin yayılması barədə vaxtında məlumatların alınmasını və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil edir; 
    10.3. Dövlət meşə fondunun ərazilərində meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin meşə dolayılarında növbəti, nəzarəti, qəfləti və növbədənkənar təftişlərin aparılmasını təşkil edir, eləcə də meşə dolaylarının müəyyən hissəsində nəzarəti yoxlamalar aparır; 
    10.4. Yanğına qarşı, yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq profilaktiki tədbirlərin həyata keçirilməsini təşkil edir;
    10.5. Meşə mühafizə işçilərinin geyim forması, nəqliyyat və rabitə vasitələri, tabel silahı və digər zəruri vasitələrlə təmin olunması barədə Nazirliyə təkliflər verir;
    10.6. Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşə qanunvericiliyinin pozulması hallarının, meşə yanğınlarının, meşə zərərvericilərinin və xəstəliklərinin mənbələrinin, yanğın təhlükəsizliyi qaydalarının pozulmasının uçot  kitablarının  aparılmasını, onların tələb olunan qaydada və dolğun tərtib edilməsini təşkil edir.  
    10.7. Tinglik  təsərrüfatlarında əkin materiallarının seleksiya əsasında seçilmiş yüksək genetik xüsusiyyətlərə malik olan ağac və kol cinslərindən tədarük edilmiş toxumlar hesabına yetişdirilməsinə, genefondun, endemik, relikt ağac və kol cinslərinin qorunub mühafizə edilməsinə və onların areallarının genişləndirilməsinə, meşə bərpa və meşə meliorasiya tədbirlərinin həyata keçirilməsinə dair  təkliflər hazırlayır;
    10.8. Meşəbərpaya və meşə  sahələrinin  artırılmasına dair, respublika və regional əhəmiyyətli proqramların, layihələrin  hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində  həyata keçirilməsini   təşkil  edir; 
    10.9. Meşə təsərrüfatının təşkili planına və texniki layihələr əsasında, meşəbitmə şəraitinə uyğun olaraq müasir texnologiya əsasında meşəbərpa və meşəsalma tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün aşağıdakıları təşkil edir:
    - Ekoloji və iqtisadi cəhətdən meşə təsərrüfatında daha effektli hesab edilən,  tez böyüyən cinslərdən ibarət qısa qırma dövriyyəli plantasiya  tipli  ağaclıqların salınıb yetişdirməsini;      
    -  Meşə fondu torpaqlarından səmərəli istifadəni;  
    -   Meşələrin cins tərkibinin yaxşılaşdırılmasını və məhsuldarlığının yüksəldməsini;     
    -   Respublikanın meşəlik faizinin optimal həddə (20-22 faizə) çatdırılmasını; 
    - Meşələrin mühit yaradıcı, susaxlayıcı, torpaqqoruyucu, sanitar gigiyenik, 
rekreasiya və digər faydalı funksiyalarının  yaxşılaşdırılmasını.
    10.10. Meşəbərpa və yeni meşəsalma işlərinin  qeydiyyat və uçot kitablarının tələb olunan qaydada və vaxtında aparılmasını, onların  düzgün tərtib edilməsini təşkil edir;
    10.11. Azərbaycan Respublikasının hökuməti tərəfindən  təsdiq edilmiş hesablanmış meşəqırma həcminə müvafiq olaraq meşəyə xidmət işlərinin (aralıq istifadə və sanitar qırmalarının) aparılmasını, tədarük edilmiş oduncaqdan səmərəli istifadəni təşkil edir;
    10.12. Hesablanmış meşəqırma həcminə uyğun olaraq meşəyə xidmət işlərinin (aralıq istifadə və sanitar qırmalarının) aparılması üçün Dövlət meşə fondu sahələrinin ayrılıb səmərəli istifadə olunması məqsədi ilə aşağıdakıları təşkil edir:
    -   qırma sahələrinin düzgün seçilib ayrılmasını;
    -   kəsiləcək ağacların düzgün seçilməsini;  
    -    taksassiya hesabatlarının kefiyyətlə aparılmasını;  
    -    texnoloji xəritələrin  tərtib  olunmasını və  texnologiyaya əməl edilməsini.
    10.13. Qırıntı sahələrinin müayinə olunmasını və müvafiq qaydada sənədləşdirilməsini təşkil edir;
    10.14. Respublikanın ərazisində meşə fondunun Dövlət uçotunun və meşə  kadastrının aparılmasını təşkil edir;
    10.15. Dövlət meşə fondu torpaqlarından meşə qanunvericiliyində nəzərdə tutulmuş məqsədlər üçün istifadəyə dair müqavilələrin qeydiyyatını aparır;
    10.16. Meşədən əlavə istifadə (ot biçilməsi,  arı ailələrinin yerləşdirilməsi, yabanı meyvələlərin, göbələklərin, giləmeyvələrin, dərman bitkilərinin və sair məhsulların tədarük edilib toplanması) olunması və yardımçı kənd təsərrüfatı sahələrinin inkişafı üzrə təkliflər hazılayır;
    10.17. Oduncaqdan, ikinci dərəcəli meşə məhsullarından və meşədən əlavə istifadə zamanı tədarük edilmiş, sənaye və yardımçı kənd təsərrüfatı sahələrində istehsal olunan məhsullardan istifadəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənzimləyir; 
    10.18. İkinci dərəcəli meşə məhsullarından (meyvə, göbələk, giləmeyvə və dərman bitkiləri, tökülmüş yarpaq, ayıdöşəyi və s.), ikinci dərəcəli meşə ehtiyatları tədarükündən (kötük, lif, qabıq və s.), meşə sahələrindən əlavə gəlir məqsədi ilə (ot tədarükü, arı ailələrinin yerləşdirilməsi və s.) istifadə olunmasında, habelə meşə sahələrindən təsərrüfat işləri, turizm və istirahət (rekreasiya) məqsədi ilə istifadə edilərkən mövcud qanunvericiliyə və qaydalara əməl edilməsinə nəzarət edir;
    10.19. Meşə fondu  torpaqlarının  zibillənmə,  çirklənmə, bataqlıqlaşma,   su   altında  qalma və yandırılma hallarının qarşısının alınması, yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının artırılması, meşə quruluşunda xüsusi texnoloji layihələrə və planlaşdırılmış meşə təsərrüfatı tədbirlərinə uyğun olaraq meşələrin saxlanması və səmərəli istifadəsi, onların susaxlayıcı, mühit tənzimləyici, sanitar-gigiyenik və digər əhəmiyyətli təbii funksiyalarının gücləndirilməsi məqsədi ilə görülən tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
    10.20. Meşə fondunda rüblük ayırmaların, meşə cığırlarının, sərhədlərin, meşə quruluşu və meşə təsərrüfatı göstəricilərinin tələblərinə əməl edilməsinin vəziyyətinə nəzarət edir;
    10.21. Meşə məxarici, meşəyə xidməti qırmaların aparılması və meşədən əlavə istifadə barədə uçot kitablarının vəziyyətinə, onların doldurulmasında qanunauyğunluğun gözlənilməsinə, meşədən istifadə haqqında hesabatların düzgün aparılmasına nəzarət edir;
    10.22. Meşə fondu sahələrinin   icarəçiləri  tərəfındən   bu sahələrin   icarəyə   verilməsinə   dair müqavilələrin tələblərinə əməl edilməsinə nəzarət edir;
    10.23. Sanitariya və xidməti qırmaların həcminin meşə quruluşu layihəsində nəzərdə tutulmuş həcmlə uyğunluğuna, meşə quruluşu layihələrindən kənara çıxma hallarının əsaslandırılmasına, bu işlərin aparılmasında mövcud təlimatların və qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edir;
    10.24. Meşə fondundan istifadə zamanı meşə fondunun istifadəçiləri tərəfindən meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət edir;
    10.25. Meşə fondundan səmərəli istifadə edilməsi və onun məhsuldarlığının artırılması barədə milli proqramların yerinə yetirilməsinə, habelə istifadə haqlarının vaxtında və düzgün ödənilməsi qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
    10.26. Meşəbərpa və meşələrin inkişaf etdirilməsi məqsədi  ilə  tinglik sahəsində kübrələrin, herbisidlərin və digər kimyəvi vasitələrin işlədilməsinin,  aqromeşəmeliorasiya işlərinin aparılmasının, qoruyucu meşə zolaqlarının inventarlaşması və istismara verilməsi işlərinin müvafiq qaydalara uyğun vaxtında və düzgün həyata keçirilməsinə nəzarət edir;
    10.27. Meşə ziyanvericilərinin və xəstəliklərinin mənbələrinin qeydiyyat kitabının vəziyyətinə, onun aparılmasına, vaxtında və tam doldurulmasına, meşə mühafizəsi haqqında hesabat göstəricilərinin düzgünlüyünə nəzarət edir;
    10.28. Meşə patoloji monitorinqinin aparılması,   meşələrdə   zərərvericilərin   və xəstəliklərin yaranması və yayılması, habelə meşənin digər xoşagəlməz vəziyyəti barədə xəbərdarlıq işinin təşkilinə nəzarət edir;
    10.29. Meşənin sanitar vəziyyətinə, seçmə və sanitar qırma sahələrinin təyin edilməsinin düzgünlüyünə nəzarət edir;
    10.30. Meşələrin xəstəliklər və ziyanvericilərdən mühafızəsi üzrə dövlət proqramlarının yerinə yetirilməsinə nəzarət edir; 
    10.31 Nazirlik tərəfindən ona həvalə olunmuş qanunvericiliyə uyğun digər  funksityaları həyata keçirir.

  

 IV. DEPARTAMENTİN  HÜQUQLARI

    11. Departament, öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

    11.1. Meşə təsərrüfatının aparılması, meşələrin qorunub mühafizə edilməsi, bərpası və artırılması, onlardan istifadə edilməsi, həmçinin meşə fonduna aid olan  binaların, tikililərin və torpaqların  icarəyə verilməsi, eləcə  də meşələrdə turizm  və istirahətin təşkili ilə əlaqədar Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrindən Dövlət meşə fondunda həyata keçirilən işlərə dair məlumatlar tələb etmək; 
    11.2. Dövlət meşə fondunun meşələrində hüquqi və fiziki şəxslərin fəaliyyətləri zamanı meşə qanunvericiliyinin pozulmasının qarşısını almaq məqsədi ilə Nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə müvafiq tapşırıqlar vermək; 
    11.3. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq, inzibati araşdırma aparmaq, inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
    11.4. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hüquqi və fiziki şəxslərin Dövlət meşə fondunda fəaliyyətlərinin, həmçinin Dövlət meşə fondu torpaqlarından istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə Nazirliyə təkliflər vermək; 
    11.5. Yanğın təhlükəsi dövründə, zəruri hesab edilən hallarda vətəndaşların   meşə ərazilərində gəzintilərinə və nəqliyyat vasitələri ilə keçmələrinə, habelə ayrı - ayrı meşə sahələrində fəaliyyət göstərmələrinə qadağalar qoylması barədə Nazirliyə təkliflər vermək;
    11.6. Meşələrin qorunub mühafizə edilməsi, bərpası, artırılması, meşə fondu torpaqlarından məqsədyönlü istifadə olunması və meşə təsərrüfatının aparılması işlərinin həyata keçirilməsi barədə, həmçinin bu işlərin formalaşması, bir formadan digər formaya keçirilməsinin təşkili və ləğv edilməsi barədə rəy vermək və təkliflər hazırlamaq;
    11.7. Meşələrin mühafizəsi və onlardan səmərəli istifadə sahəsində qanunvericiliyin pozuntularının aradan qaldırılmasına dair fiziki və hüuqi şəxslərə tələblər irəli sürmək;
    11.8. Meşə qanunvericiliyinin pozulmasında istifadə olunan əşya, alət, ləvazimatları və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericiliklə müəyyən edilmiş digər hərəkətləri həyata keçirmək;
    11.9. Meşə qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
    11.10. Dövlət meşə fondunun inkişafı ilə əlaqədar müvafiq  layihələrin hazırlanması və həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək; 
    11.11. Nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya -  
Arxiv Fondunun materiallarından müəyyən olunmuş qaydada pulsuz istifadə etmək;
    11.12. Qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq.

 

V. DEPARTAMENTİN  FƏALİYYƏTİNİN  TƏŞKİLİ

    12. Departamentə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən direktor rəhbərlik edir.
    12.1. Direktor Departamentə həvalə edilmiş vəzifə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
    13. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:
    13.1. Departamentin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
    13.2. Müəyyən edilmiş əməyin ödənilməsi fondu daxilində Departamentin xərclər smetasını və ştat cədvəlini hazırlayır, təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
    13.3. Öz səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, onların icrasını təşkil edir və yoxlayır;
    13.4. Departamentin nomenklaturasına daxil olan işçiləri vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür.
    13.5. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır, inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbirlər görür və inzibati tənbehin tətbiq edilməsi barədə qərar verir, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir.».
    14. Departamentin kadr, hüquq, maliyyə – mühasibatlıq və kargüzarlıq xidmətləri Nazirliyin müvafiq qurumlarının funksional tabeliyində fəaliyyət göstərir, öz işlərini Nazirliyin aidiyyəti idarələrinin göstərişləri, qaydaları, təlimatları və digər rəhbər sənədləri əsasında qururlar.
    15. Departamentin Azərbayjan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan, səlahiyyətləri Nazir tərəfindən müəyyənləşdirilən bir direktor müavini vardır.

 

 VI. DEPARTAMENTİN  YENİDƏN  TƏŞKİLİ  VƏ  LƏĞV  EDİLMƏSİ

    16. Departament qanunvericilikdə nəzərdə tutulmuş qaydada, o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin Əmri ilə yenidən təşkil olunur və ləğv edilir.