Saytın Xəritəsi

Görülən işlər

2016-cı il ərzində bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi sahəsində görülmüş işlər

 

2016-cı il ərzində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib.

Hazırda, ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni, o cümlədən milli parklar 3,7%-ni təşkil edir.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib, ilkin qiymətləndirmə sənədi hazırlanaraq Niyyət Protokolu imzalanıb. Layihəyə başlanılması üçün Xüsusi Razılaşma və Maliyyə Sazişi ölkədaxili razılaşmadan keçib və Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 61 s nömrəli sərəncamı ilə Maliyyə və Ekologiya və təbii sərvətlər nazirlərinə sözügedən Sazişlərin imzalanması səlahiyyətləri verilib. 2016-cı ilin sentyabrın 7-də isə Azərbaycan və Almaniya arasında “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə maliyyələşdirmə və xüsusi razılaşma sazişləri imzalanıb. Layihənin əsas məqsədi regionda ilk biosfer qoruğunun yaradılması ilə bağlı hazırlıq tədbirlərinin görülməsi, Zaqatala DTQ-nin  infrastrukturunun gücləndirilməsi, təbiətin mühafizə tədbirlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasıdır.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə müvafiq layihə sənədləri hazırlanıb. Nazirlər Kabinetinin 2014-cü 7 iyul tarixli 205 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” layihə sənədi təsdiq edilib. İl ərzində layihə barədə yerli əhali və icmalara məlumat verilməsi məqsədilə bukletlər hazırlanaraq paylanılıb və Qızılağac Dövlət Təbiət Qoruğunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ilkin mərhələdə zəruri avadanlıqlar alınıb.  İki əsas komponentdən ibarət olan bu layihənin birinci komponentinə uyğun olaraq ötən ildə milli parkın sərhədlərinin demarkasiyası və buraxılış-nəzarət infrastrukturunun yaradılması, maddi texniki təchizatın və mühafizə vasitələrinin gücləndirilməsi, milli park heyətinin mühafizə və nəzarət imkanlarının təkmilləşdirilməsi üçün müvafiq işlər həyata keçirilib.

2016-cı il 3 aprel tarixindən Samur –Yalama  Milli Parkının fəaliyyəti üçün müvafiq infrastrukturun tam yaradılması məqsədilə “Samur-Yalama Milli Parkının yaradılması” layihəsinin müddəti 1 il uzadılıb.

Departament tərəfindən “Milli parkların turizm-rekreasiya zonalarından və meşə fondu ərazilərindən istifadənin nümunəvi Qaydaları”, “Milli parkların ərazisində və meşə fondu torpaqlarında bələdçilik xidməti göstərmək istəyən şəxslərin peşəkar fəaliyyətinə dair Təlimat”, “Milli parkların ərazisində və meşə fondu torpaqlarında bələdçilik xidməti göstərmək istəyən şəxslər üçün akkreditasiya qaydaları və şərtləri haqqında Əsasnamə” təsdiq edilib.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 7 oktyabr tarixli 403 nömrəli qərarı ilə Ağgöl Milli Parkının və 2016-cı il 7 oktyabr tarixli 403 nömrəli qərarı ilə isə Altıağac Milli Parkının sanitariya-mühafizə zonaları təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017 - 2020-ci illər üzrə Milli Strategiya Planı” təsdiqlənib.

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə razılaşdırılmış təklif və rəyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2016-cı il 4 avqust tarixli Əmrinə əsasən Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində mövcud olan iri gövdəli və yaşlı on beş ədəd Şərq Çinarı ağacına bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilərək, “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – çox qədim ağacların Siyahısı”na daxil edilib və pasportlaşdırılıb.

2016-cı il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun  pozucularına qarşı 979 ədəd akt və 270 ədəd protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 68366,72 manat məbləğində müəyyən olunub, inzibati qaydada 189538 manat cərimə tətbiq edilib. 28 iş hüquq mühafizə orqanlarına, 130 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib.

O, cümlədən ötən dövr ərzində qanunsuz ovla bağlı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərə qarşı 93 akt və 91 protokol tərtib edilərək, onlardan 79 ədəd ov silahı və 303 ədəd patron götürülüb. Həmin şəxslərə 89950 manat məbləğində cərimə tətbiq edilib və 2727,50 manat iddia qaldırılıb.

İl ərzində milli parkların ərazisinə 3081 nəfəri xarici, 196449 nəfəri yerli vətəndaş olmaqla, ümumilikdə 199530 nəfər turist daxil olub. Bilet satışından daxil olan vəsaitin məbləği 227594,21 manat təşkil edib.

2016-cı il ərzində Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti tərəfindən 96 akt və protokol tərtib edilib, ümumilikdə 49263,5 manat məbləğində iddia və cərimə tətbiq olunub.

2016-cı il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntularına görə bir sıra işçilər barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.