Faydalı Bölmələr

Əsəsnamə

Əsəsnamə
Ana səhifə Ekoturzim Flora Fauna Görüntülər Əsasnamə Qaydalar Ələqə


    

 Azərbaycan Respublikası Prezidentinin

2008-ci il «19» noyabr tarixli

19 nömrəli Fərmanı ilə təsdiq

edilmişdir.

 

Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Şahdağ Milli Parkı (bundan sonra – Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, bio müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərindəAzərbaycan Respublikası Prezidentinin 2006-ci il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamına uygun olaraq yaradılmışdır.

1.2. Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin  fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.

1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər.  

1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl olunma şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.  

1.7. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan  başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslər arasında bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilə bilər.

1.8. Xüsusi mühafizəni təmin etmək üçün Milli Parka bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.    

1.9. Milli Park dövlət büdcəsi, büdcədənkənar vəsaitlər, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələri hesabına maliyyələşdirilir. 

1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir

1.11. Milli Parkın pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır.

Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində  dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.

1.12. Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.   

1.13. Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunan möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.

 

                             II. Milli Parkın yaradılmasının məqsədləri

 

2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;

2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;

2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

2.1.4. əhalini ekoloji maarifləndirmək;        

2.1.5. ekoloji monitorinqi həyata keçirmək; 

2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

 

                   III. Milli Parkın xüsusi mühafizə rejiminin   xüsusiyyətləri

 

3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

3.1.3. turizm və rekreasiya zonaları;

3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar;

3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

3.2. Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.3. Milli Parkın turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, idman, həvəskar balıq ovu və s.) yol verilir.

3.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar,mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.

3.5. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:

3.5.1. təbiət komplekslərinəə tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

3.5.2. geoloci kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.3. hidroloci rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;

3.5.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;

3.5.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;

3.5.7. dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;

3.5.8.  meşələrdə əsas istifadə qırıntısı; 

3.5.9. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.   

3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən  fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

3.7. Milli Parkın mühafizəsi, onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və azad edilən Milli Parkın direktoru və mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.     

3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı hüquqları vardır: 

3.8.1. Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, əldə olunmuş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; 

3.8 2. Milli Parkın ərazisində və onun mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fiziki və hüquqi şəxslərin fəaliyyətini dayandırmaq;      

3.8.3. Milli Parkın ərazisində və onun mühafizə zonasında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək; 

3.8.4. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək;    

3.8.5. Milli Parkın ərazisində  və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək;

         

 

                 IV. Milli Parkın elmi tədqiqat fəaliyyəti

 

4.1. Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədi ilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.

4.2. Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır.      

4.3. Milli Parkda elmi tədqiqatlar kənar elmi təşkilatların və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi ilə də aparıla bilər. 

4.4. Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədi ilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.   

4.5. Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.

4.6. Milli Parkın  elmi əsərlər çap etdirmək hüququ vardır.

4.7. Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:

4.7.1. heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtilə müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytar-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək; 

4.7.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

4.7.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədi ilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;

4.7.4. zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;

4.7.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədi ilə həmin dəyişikliklərin səbəbini öyrənmək;

4.7.6. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;

4.7.7. Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.

4.8. Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.

4.9. Milli Parkın aparacağı elmi-tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və sair tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Milli Parkla bu sahədə əməkdaşlığı  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi tədqiqat idarələri və ali məktəblər ilə həyata keçirilir.

 

V. Milli Parkın təsərrüfat fəaliyyəti

 

5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.

5.2. Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayrı-ayrı fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə verilməsi yolu ilə həyata keçirilə bilər.

5.3. Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağladıgı və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilə bilər.

         

VI. Milli Parkın mühafizəsinə, qorunmasına

və istifadəsinə dövlət nəzarəti

 

    Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

VII. Milli Parkın fəaliyyətinin təşkili

 

7.1. Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

7.2. Milli Parka direktor rəhbərlik edir.

7.3. Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

7.4.1. Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;

7.4.2. təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;

7.4.3. Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;

7.4.4. Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görür;

7.4.5. Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir;

7.4.6. Milli Parkın maddi-texniki təminatını təşkil edir;

7.4.7. Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;

7.4.8. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir.

7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alanmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

7.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

7.7. Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflərə Milli Park tərəfindən baxılır.

7.8. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

7.9. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadagandır.

7.10. Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

7.12 Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən  xüsusi geyim forması daşımaq,  Azərbaycan Respublikasının qanunvericiliyinə uygun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir