Faydalı Bölmələr

«Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 «Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentnin Sərəncamı

Azərbaycan Respublikasında kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması təbii yem sahələrinin normadan artıq yüklənməsinə, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğramasına və şoranlaşmasına səbəb olur, ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurur.

Ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 22 may 2004-cü il.

№ 222.

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 may 2004-cü il, № 120)


Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 22 may tarixli
__ nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair

Dövlət Proqramı

Giriş

Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Ölkədə adam başına 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin adam başına düşən sahəsi isə daha azdır. Bu baxımdan aqrar sektorun, xüsusilə heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və onların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında 1995-1998-ci illərdə həyata keçirilən torpaq islahatı və onun nəticəsində torpaq üzərində xüsusi mülkiyyətin formalaşması kənd təsərrüfatı məhsullarının istehsalında ciddi irəliləyişlərə nail olmaqla yanaşı, torpaqların səmərəli istifadəsinə, onların münbitliyinin artırılmasına və mühafizəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Eyni zamanda, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mühafizəsi və səmərəli istifadəsi ilə bağlı məsələlərdə öz həllini tapmamış problemlər hələ də qalmaqdadır. Belə ki, maldarlıqla məşğul olan çoxsaylı fermer və digər təsərrüfatların inkişafı əsasən dövlət torpaq fonduna aid olan otlaqların, kənd ətrafı örüşlərin, meşə torpaqlarının və qoruqların nəzarətsiz, normadan artıq istismarı ilə müşayiət olunur.

Ölkədə heyvandarlığın inkişaf etdirilməsini təmin etmək üçün lazım olan yemin strukturunun normativlərə uyğun olmaması, onun tərkibində təbii yemin üstünlük təşkil etməsi otlaqların və biçənəklərin, habelə meşələrin heyvan sürüləri ilə normadan artıq yüklənməsinə səbəb olur. Bu isə öz növbəsində dağətəyi yamacların, çay vadilərinin, suqoruyucu meşə sahələrinin deqradasiyasına, dağıdıcı sellərin güclənməsinə, yeraltı və yerüstü su ehtiyatlarının tədricən tükənməsinə gətirib çıxardır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında otlaqlar və biçənəklər dövlət mülkiyyətində olan torpaq sahələridir. Lakin bu sahələrin istifadəçiləri tərəfindən torpaqların münbitliyinin bərpası ilə bağlı vaxtlı-vaxtında zəruri tədbirlərin həyata keçirilməməsi və onların istismarıda aqrotexniki qaydalara riayət edilməməsi, eləcə də torpaqların mühafizəsi sahəsində mövcud standartların və normativlərin tələblərinə tam əməl olunmaması səbəbindən bir çox yerlərdə torpaq örtüyünün eroziyaya uğraması, şoranlaşması, texnogen pozuntulara məruz qalması, humusun və s. qida maddələrinin torpağın məhsuldar qatından yuyulması, fiziki və mexaniki xassələrinin pisləşməsi halları baş verir. Hazırda Azərbaycan Respublikasında əkin sahələrinin 33,7 faizi, yay otlaqlarının 70 faizi, meşələrin 26 faizi müxtəlif dərəcədə eroziyaya məruz qalmışdır. Kür—Araz ovlağında, Naxçıvan Muxtar Respublikasında, Abşeron yarımadasında, Siyəzən—Sumqayıt massivlərində torpaqların böyük bir hissəsi şoranlaşaraq yararsız hala düşmüşdür.

Azərbaycan Respublikasında otlaqların və biçənəklərin həm təbii yem bazası kimi heyvandarlığın inkişafında, həm də ətraf mühitin qorunub saxlanmasında mühüm rol oynadığını nəzərə alaraq onlardan səmərəli istifadə edilməsi, yararsız hala düşmüş belə torpaq sahələrinin bərpası və mühafizəsinin gücləndirilməsi dövlətin qarşısında duran əsas vəzifələrdəndir. «Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı» (bundan sonra—Dövlət Proqramı) bu sahədə mövcud problemlərin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Dövlət Proqramının məqsədi

Dövlət Proqramı yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmasının qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrindən istifadə mexanizminin təkmilləşdirilməsi və torpaqların münbitliyinin artırılması yolu ilə heyvandarlığın struktur tərkibinin və saxlanılma şəraitinin müasir tələblərə uyğun inkişaf etdirilməsi, yem istehsalının strukturunun təkmilləşdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, ətraf mühitin, təbii landşaft və biomüxtəlifliyin qorunub saxlanılması və dayanıqlı inkişafın təmin edilməsi məqsədi daşıyır. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramında aşağıdakı əsas vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

  • otlaqlardan və biçənəklərdən səmərəli istifadə olunmasını təmin etmək üçün mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
  • otlaqların və biçənəklərin mühafizəsinin, torpaqların şoranlaşmasının qarşısının alınmasının təmin edilməsi;
  • torpaq, su və digər təbii ehtiyatlardan istifadənin səmərəsinin artırılması.

Dövlət Proqramının əsas istiqamətləri

Qarşıya qoyulan məqsəd və əsas vəzifələrdən irəli gələrək Dövlət Proqramında otlaqların və biçənəklərin səmərəli istifadəsi və səhralaşmanın qarşısının alınması üzrə tədbirlərin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur:

  • otlaq, biçənək və örüşlərin ekoloji sağlamlaşdırılması, bu torpaqlarda gedən səhralaşmanın (eroziya, şoranlaşma və s.) qarşısının alınması;
  • heyvandarlıq və yemçilik sahələrində struktur dəyişikliklərinin aparılması və onların intensiv üsulla inkişafına üstünlük verilməsi;
  • ölkənin inzibati rayonları üzrə torpaq-iqlim xüsusiyyətlərinin təhlili, kənd təsərrüfatı məhsullarının istehsalında prioritet sahələrin inkişafının stimullaşdırılması;
  • torpaqların münbitliyinə mənfi təsir edən amillərin aradan qaldırılması;
  • aqrar bölmədə təsərrüfat mexanizmi ünsürlərinin təkmilləşdirilməsi, istehsalın stimullaşdırılmasının və təşkilinin daha səmərəli formalarının və metodlarının tətbiq edilməsi;
  • aqrar bölməyə investisiya qoyuluşunun artırılması;
  • təsərrüfat fəaliyyətində torpaq sahələrinin istifadəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi;
  • külək və su eroziyalarının qarşısını almaq üçün tarlaqoruyucu meşə zolaqlarının salınması və meşə-meliorativ tədbirlərinin aparılması;
  • mövcud suvarma sistemlərinin texniki vəziyyətinin və regionların su ilə təminatının yaxşılaşdırılması;
  • məhsuldarlığını itirən və bərpa tədbirlərinə ehtiyacı olan torpaq sahələrinin istifadədən müvəqqəti çıxarılması;
  • torpaq fondu üzərində dövlət nəzarət sisteminin təkmilləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi;
  • ölkənin ekoloji durumunun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə olunması, ekosistemlərin, təbii landşaftların və biomüxtəlifliyin qorunub saxlanması, qlobal iqlim dəyişmələri və səhralaşma proseslərinin ölkə ərazisinə təsirinin mülayimləşdirilməsi;
  • kənd yerlərinin inkişaf strategiyasının təkmilləşdirilməsi, onun maliyyə-kredit, infrastruktur və sosial təminatının yaxşılaşdırılması;
  • kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslı kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, təsərrüfatçılığın elmi-metodik təminatının yaxşılaşdırılması.
  • Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir.
  • fermer və sahibkarların vəsaitləri;
  • bank kreditləri;
  • dövlət zəmanəti ilə cəlb olunan kreditlər;
  • beynəlxalq təşkilatların və xarici ölkələrin texniki və maliyyə köməyi;
  • xarici investisiyalar;
  • qanunvericiliklə müəyyən edilmiş digər mənbələr.

«Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqram»ının həyata keçirilməsi üzrə əsas

Tədbirlər

Tədbirlərin adı

İcraçılar

İcra müddəti

1. Normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati tədbirlərin həyata keçirilməsi sahəsində

1.1. Heyvandarlığın və əkinçiliyin dayanıqlı inkişafını təmin edən normaların, aqroqaydaların, standartların və digər tənzimləyici normativ sənədlərin təkmilləşdirilməsi

KTN, DTXK, ETSN, SMPDA

2004-2005

1.2. Dövlət mülkiyyətində saxlanılan, fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən torpaq sahələrinin istifadəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi

KTN, DTXK, ETSN, ƏN

2004-2010

1.3. Təbii yem sahələrində fəaliyyəti tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi

KTN, DTXK, ƏN, ETSN, MEA, YİH

2004-2005

1.4. Kənd təsərrüfatı məhsulları istehsalında və emalında tətbiq edilən normativ sənədlərin təkmilləşdirilməsi və məhsulların sertifikatlaşdırılması

İİN, KTN, SMPDA, DSK

2004-2005

1.5. Heyvandarlıq və əkinçilik üzrə mərkəzi, regional və yerli idarəetmə orqanlarının struktur və funksiyalarının təkmilləşdirilməsi

KTN, DTXK, İİN, YİH

2004-2010

1.6. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üzrə özünüidarəetmə orqanlarının və sahibkarların peşə ittifaqlarının yaradılmasının dəstəklənməsi

KTN, İİN, «Azmelsutəsərrüfat» ASC , YİH

2004-2010

1.7. Aqrar bölmədə yetişdirilən məhsulun sığortalanma qaydalarının işlənilməsi və tətbiqi

İİN, VN, KTN, MSTK

2004-2005

2. Torpaq, su və digər təbii ehtiyatların səmərəli istifadə olunması sahəsində

2.1. Kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə bölgüsünün dəqiqləşdirilməsi və onlardan səmərəli istifadə istiqamətlərinin müəyyən edilməsi

KTN, DTXK, ETSN, YİH

2004-2005

2.2. Yay və qış otlaq sahələrində torpaq və geobotaniki tədqiqatların aparılması, torpaqların texniki uçotunun dəqiqləşdirilməsi

DTXK, KTN, ETSN, MEA, YİH

2004-2006

2.3. Torpaqların münbitliyinin bərpası və artırılması üzrə tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi

DTXK, KTN, ETSN, «Azmelsutəsərrüfat» ASC , YİH

2004-2010

2.4. Torpaqların münbitliyinin və məhsuldarlığının yüksəldilməsi üçün müxtəlif gübrə, pestisid, meliorant və digər kimyəvi maddələrdən istifadənin səmərəliliyinin artırılması

KTN, DTXK, «Azmelsutəsərrüfat» ASC , MEA, YİH

2004-2010

2.5. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini təmin edən tədbirlərin həyata keçirilməsi

DTXK, KTN, ETSN, MSTK, YİH

2004-2005

2.6. Ölkənin su ehtiyatları mənbələrinin dəqiqləşdirilməsi, onların yararlılıq dərəcəsinin müəyyən edilməsi

MSTK, ETSN, MEA

2004-2006

2.7. Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı bitkilərinin və ərazilərin xüsusiyyətlərini nəzərə alan suvarma rejiminin hazırlanması

MSTK, KTN, DTXK, ETSN, MEA, YİH

2004-2006

2.8. Təbii yem sahələrinin suya olan tələbatının dəqiqləşdirilməsi və onların su ilə təmin olunmasına dair təkliflərin hazırlanması

MSTK, KTN, DTXK, MEA, YİH

2004-2005

2.9. Sudan səmərəli istifadəni təmin edən suvarma sistemlərinin bərpası və suvarma şəbəkəsinin genişləndirilməsi

«Azmelsutəsərrüfat» ASC, YİH

2004-2010

2.10. Suvarılan torpaqların meliorativ vəziyyətinə və sudan istifadə olunmasına dövlət nəzarətinin gücləndirilməsi

«Azmelsutəsərrüfat» ASC, KTN, DTXK, ETSN, YİH

2004-2010

3. Heyvandarlığın və əkinçiliyin inkişafının dəstəklənməsi sahəsində

3.1. Heyvandarlıq və əkinçilik məhsullarının bazar konyukturasına uyğun fasiləsiz tədarük sisteminin inkişaf etdirilməsi

İİN, KTN, VN, YİH

2004-2010

3.2. Heyvandarlıq və əkinçilik məhsullarının beynəlxalq standartlara uyğun və rəqabət qabiliyyətli olması üçün yüksək texnologiyaların tətbiqinin stimullaşdırılması

İİN, KTN, DGK, MEA, YİH

2004-2010

3.3. Heyvandarlığın və əkinçiliyin texniki təminatının yüksəldilməsi, lizinq mexanizminin tətbiqinin stimullaşdırılması

KTN, İİN, YİH

2004-2010

3.4. Aqrar bölmənin maddi-texniki təminatının yaxşılaşdırılması üçün aqroservis xidmətlərinin yeni iqtisadi sistemə uyğun formalaşması üzrə tədbirlərin həyata keçirilməsi

KTN, İİN, VN, YİH

2004-2010

3.5. Təbii yem sahələrinə təzyiqlərin azaldılmasının təmin edilməsi üçün əkinçilikdə yem istehsalının formalaşdırılmasına dair təkliflərin həyata keçirilməsi

KTN, DTXK, YİH

2004-2010

3.6. Fiziki və hüquqi şəxslər tərəfindən istifadə olunan yay-qış otlaqlarının yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsinin stimullaşdırılması

KTN, DTXK, ETSN, YİH

2004-2010

3.7. Ölkənin torpaq ehtiyatlarının ekoloji vəziyyətini nəzərə alaraq və heyvandarlığın dayanıqlı inkişafını təmin etmək üçün heyvandarlıqda qabaqcıl üsulların tətbiqi (ekstensiv-köçəri və intensiv-tövlə), onların iqtisadi və ekoloji əsaslandırılması

KTN, DTXK, ETSN, MEA, YİH

2004-2005

3.8. Fermerlərin və sahibkarlıq müəssisələrinin maliyyə vəsaitinə olan tələbatının ödənilməsi üçün mikrokreditləşmə institutlarının inkişaf etdirilməsi

İİN, MN, VN

2004-2010

3.9. Heyvandarlıq və əkinçilik məhsullarının marketinq imkanlarının, onların satış-sərgi mərkəzlərinin genişləndirilməsi

İİN, KTN, MN, VN, YİH

2004-2010

3.10. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət himayəsinin gücləndirilməsi

NK, İİN, KTN, YİH

2004-2010

3.11. Fermerlərə və sahibkarlara zəruri hüquqi, iqtisadi, ekoloji və peşə biliklərinin öyrədilməsinə dair məqsədyönlü tədbirlərin həyata keçirilməsi

İİN, KTN, MN, VN, ETSN, TN, MEA, YİH

2004-2010

3.12. Aqrar sahədə elmi tədqiqat işlərinin, kadr hazırlığının və idarəçiliyin yeni iqtisadi münasibətlərə uyğun aparılmasının təmin edilməsi

İİN, KTN, TN, MEA, YİH

2004-2010

4. Ətraf mühitin qorunması və dayanıqlı inkişafının təmin edilməsi sahəsində

4.1. Heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar ətraf mühitə olan təzyiqlərin bölgələr üzrə növ və dərəcəsi müəyyən edilməklə qiymətləndirilməsi

ETSN, KTN, DTXK, MEA, YİH

2004-2006

4.2. Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şoranlaşmaya məruz qalmış ərazi sahələrinin dəqiqləşdirilməsi, xəritələşdirilməsi və bərpa edilməsi

DTXK, KTN, ETSN, MEA, YİH

2004-2006

4.3. Təbii otlaq sahələrinin tutumunun dəqiqləşdirilməsi, onların inzibati ərazilər arasında yenidən bölüşdürülməsi üçün təkliflərin hazırlanması

DTXK, KTN, YİH

2004-2006

4.4. Su və külək eroziyası, torpaqların təkrar şoranlaşması, antropogen təsir nəticəsində ətraf mühitin (torpaq, su, hava, flora və fauna) çirklənməsinin və təsirə məruz qalmasının qarşısının alınmasına dair xüsusi tədbirlərin həyata keçirilməsi

İİN, ETSN, KTN, DTXK, MEA, YİH

2004-2010

4.5. Sürüşmə və kəskin eroziyaya meyilli sahələrin dəqiqləşdirilməsi və onların texniki vasitələrlə (terras, bənd, divar, çoxillik bitkilər və s.) bərkidilməsinə dair tədbirlərin hazırlanması və həyata keçirilməsi

ETSN, DTXK, KTN, MEA, YİH

2004-2010

4.6. Sel sularının qarşısının alınması üçün mühafizə bəndlərinin və digər qoruyucu qurğuların tikintisi

«Azmelsutəsərrüfat» ASC, ETSN, YİH

2004-2010

4.7. Suvarma şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə xüsusi tədbirlərin (kollektor-drenaj şəbəkəsinin yaradılması, meşə zolaqlarının salınması, suvarma rejimi və s.) hazırlanıb həyata keçirilməsi

İİN, «Azmelsutəsərrüfat» ASC , KTN, ETSN

2040-2010

4.8. Heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar bioloji müxtəlifliyin qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi

ETSN, MEA

2004-2010

4.9. Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə saxlanılması üçün şəraitin yaradılması

ETSN, MEA

2004-2010

4.10. Heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar ekosistemlərin, təbii landşaftların, mühafizə olunan ərazilərin və təbiət abidələrinin qorunmasına dair tədbirlərin hazırlanması və həyata keçirilməsi

ETSN, MEA

2004-2010

4.11. Səhralaşma sahəsində monitorinqin keçirilməsi və onun qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

ETSN, MEA

2004-2010

4.12. Heyvandarlıq və əkinçilik fəaliyyəti və kənd təsərrüfatı məhsullarının emalı nəticəsində ətraf mühitə olan təsirlər, onların aradan qaldırılması üzrə xüsusi məlumatların, tövsiyələrin hazırlanması, kurslar, seminarlar, kütləvi informasiya və digər vasitələr ilə fermer və sahibkarların məlumatlandırılması

ETSN, KTN, DTXK, TN, MEA

2004-2010

Akronimlər:

NK—Azərbaycan Respublikasının Nazirlər Kabineti

İİN—Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

ETSN—Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ƏN—Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

MN—Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

VN—Azərbaycan Respublikasının Vergilər Nazirliyi

TN—Azərbaycan Respublikasının Təhsil Nazirliyi

KTN—Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

DGK—Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

DSK—Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

«Azmelsutəsərrüfat» ASC—Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

DTXK—Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

SMPDA—Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

MEA—Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası

YİH—yerli icra hakimiyyəti orqanları