Saytın Xəritəsi

İllik hesabat

 2015-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  görülmüş işlər 

 

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.

İqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Bununla əlaqədar ölkədə uzun illərdən bəri yığılıb qalan, həllini təcili tələb edən  bir sıra ekoloji problemlər mövcuddur: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının idarə olunması sahəsindəki çatışmazlıqlar.

Ölkədə mövcud olan  ətraf mühit problemlərinin həlli yolları nəzərdən keçirilərək mühüm əhəmiyyət kəsb edən konsepsiyalar qəbul edilib. Bu konsepsiyalarda  iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. 

Azərbaycan hələ 2003-cü ildə davamlı inkişaf üzrə Milli proqram qəbul edib. Minilliyin İnkişaf Məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti və proqramlarına daxil edilərək təhlükəsiz içməli su və sanitariya xidmətləri ilə təmin olunmayan insanların sayını azaltmaq prioritet kimi qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqram sənədlərində bu hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

2015-ci ildə ölkə rəhbəri tərəfindən təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Bu proqramların əsas məqsədi ölkə iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun dinamik inkişafına, əhalinin iqtisadi və sosial tələbatlarının daha dolğun təmin olunmasına, regionların inkişafına, ölkənin iqtisa­di təhlükə­siz­liyinin təmin edilməsinə, ətraf mühitin mühafizəsinə yönəldilən döv­lət əhəmiyyətli inves­tisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçiril­mə­sini təmin etməkdən ibarətdir.

Son illər Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji  problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkədə prioritet olduğunu göstərir. 

Azərbaycanın ümumilikdə 2020-ci ilə kimi prioritet istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlərin milli səviyyədə həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb.

Bununla yanaşı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması ekoloji siyasətin əsas istiqamətləri üzrə məqsədlərə çatmaq vəzifə olaraq qarşıya qoyulub.

Planlaşdırılan hədəflərə nail olmaq məqsədilə qısa və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin  qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin  mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi və s. prinsiplər qəbul edilib.

2015-ci il ərzində ətraf mühitin mühafizəsi sahəsində prioritetlərin müəyyənləşdirilməsi, ekoloji vəziyyətin təhlili və bunun əsasında strategiyanın hazırlanması istiqamətində müvafiq tədbirlər görülüb.

Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunub. Dövlət Proqramının layihəsi hazırlanarkən beynəlxalq, regional və milli səviyyədə əldə edilmiş təcrübədən istifadə olunub, ölkədə həyata keçirilən ekoloji siyasətin nəticələri və təbii resurslardan istifadənin vəziyyəti əksini tapıb.

Dövlət Proqramında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr əks olunub, konkret hədəflər müəyyən olunaraq aidiyyəti dövlət orqanlarının fəaliyyət istiqamətləri göstərilib. Bununla yanaşı layihədə 2016-2020-ci illərdə qarşıya qoyulan hədəflərə çatmaq üçün sahələr üzrə tədbirlər qeyd olunub.

Dövlət Proqramında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən istifadəyə dair qanunvericiliyin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, su, torpaq və atmosferin mühafizəsi və səmərəli istifadə olunması, tullantıların idarə olunması, hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinq xidmətinin modernləşdirilməsi, biomüxtəlifliyin və su bioresurslarının mühafizəsi, meşə ilə örtülü ərazilərin, o cümlədən şəhər və yaşıllıqların artırılması, təbii sərvətlərin axtarışı sahəsində müasir texnologiyanın tətbiqi, vahid ekoloji məlumat bazasının yaradılması və əhalinin ekoloji şüur səviyyəsinin artırılması prioritet istiqamətlər kimi qəbul edilib.

Qeyd olunanlarla bərabər,Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 6.3.3-cü bəndində nəzərdə tutulmuş “Səhralaşma ilə mübarizə üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb.

Milli Fəaliyyət Planının əsas məqsədi səhralaşma, torpaqların deqradasiyası və quraqlıq proseslərinin idarə olunması üçün yerli potensialın gücləndirilməsi və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə şəraitin yaradılmasıdır. Milli Fəaliyyət Planı sözügedən Dövlət Proqramına əsaslanaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək üçün şəraitin yaradılmasına istiqamətlənir.

 Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əhatə etdiyi sahələr üzrə 2016-2018-ci illəri əhatə edən Fəaliyyət Planı hazırlanıb.

Ölkə rəhbərliyinin ekologiya ilə əlaqədar məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində ekoloji siyasətin əsas istiqamətləri üzrə  2015-ci ildə də bir sıra uğurlar əldə olunub.

Belə ki, uğurla icra olunan “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” çərçivəsində 2015-ci ildə 122 mindən artıq əhalisi olan 58 yaşayış məntəqəsində içməli sutəmizləyici qurğularquraşdırılıb. Hazırda 60 mindən çox əhalisi olan 54 yaşayış məntəqəsindəsözügedən qurğular quraşdırılır. Bununla da 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilən əhalinin sayı 625 mini keçib.

Eyni zamanda, meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması sahəsində 2015-ci ildə 10141 ha sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 ha sahədə meşə əkini və səpini aparılıb, 4 310,4 min ədəd ağac əkilib. 2015-ci ildə qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi tədbirləri davam etdirilərək 634 753 ədəd ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib.Ümumiyyətlə son 5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarda iri yaşıllaşdırma layihələri hesabına 3 659 ha ərazidə 4 711 711 ədəd ağac əkilərək, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində 2 700 ha sahədə 1 240 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar əkilmiş zeytun ağaclarının hesabına zeytun bağlarının sahəsi 3 dəfə artıb. Ümumilikdə meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində cəmi 5 milyona yaxın ağac əkilib.

 Bioloji müxtəlifliyin qorunmasısahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb.Qısa müddət ərzində Milli Parka 65 mindən artıq turist səyahət edib.Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb.Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib.IDEA İctimai Birliyinin iştirakı ilə quşların və məməli heyvan növlərinin payız sayğısı aparılaraq, oturaq və köçəri quşların dinamikası barədə qeydə alınanməlumatlar təhlil edilib.

Su bioresurslarının artırılması sahəsində 2015-ci ildə 396,44 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,52 mln. ədəd nərəcinsli, 178,22 min ədəd qızılbalıq körpələri artırılaraq su hövzələrinə buraxılıb.Hazırda Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilən müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilən ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınan kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi istiqamətində 2015-ci ildə Azərbaycanda istehsal olunan 10 avtomat meteostansiya işə salınaraq, 39 AMS hamısı günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunub.  Hal-hazırda Fransa və Finlandiya şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminin, məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sisteminin və 33 avtomat meteoroloji stansiyanın alınaraq qurulması istiqamətində işlər aparılır.Meteoroloji proqnozların özünü doğrultması 94-97 faiz təşkil edib.Hidrometeoroloji proqnozlar müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılır. İlk Avropa Oyunları keçirilən idman obyektlərində müvafiq avadanlıq qurularaq Oyunların yüksək səviyyədə meteoroloji təminatı həyata keçirilib.

Milli monitorinq şəbəkəsinin təkmilləşdirilməsi üçün Bakı şəhərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə 1 ədəd üçüncü nəsil avtomatik stansiyalar kompleksinin və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə 6 ədəd avtomatik portativ cihazın alınaraq qurulması istiqamətində işlər aparılır.Ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 98 108 nümunə üzərində 125 435 analiz edilib.Xəzər dənizinin Azərbaycansektorunda 4 775 nümunə üzərində 52 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb. “Günəşli” yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda da davam etdirilir. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.

Ətraf mühitin mühafizəsi ilə əlaqədar 2015-ci il ərzində 3 132 akt və 983 protokol tərtib olunaraq və 1 640 “məcburi göstəriş” verilib. 910 iş üzrə 1 294 030 manat cərimə tətbiq edilərək, 419 iş üzrə 847 358 manat iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, İcra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Geoloji-kəşfiyyat işləri 58 zonada yerinə yetirilib. Axtarış işləri nəticəsində xammal ehtiyatını yüksək səviyyədə təmin edə biləcək qara, əlvan və nəcib metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb. Eyni zamanda, hidrogeoloji, mühəndis-geoloji və geoekoloji işlər və yeraltı şirin suların axtarışı işləri davam etdirilib, ekzogen geoloji proseslərə məruz qalan sahələr tədqiq olunaraq onların inkişafı, gələcəkdə təhlükə yaranması haqqında əlaqədar təşkilatlar məlumatlandırılıb. Seysmogeodinamik şəraitin mütəmadi olaraq tədqiqi və təhlili əsasında ölkə ərazisində baş verə biləcək geodinamik proseslərin intensivliyi, potensial seysmik risk zonalarının qiymətləndirilməsi barədə regional və lokal monitorinq şəbəkəsinin toplanmış məlumatları əsasında Azərbaycan Respublikası ərazisinin seysmogeodinamik şəraiti haqqında “Xüsusi Bülletenlər” toplusu hazırlanıb.  Bununla yanaşı “Azərbaycan Respublikasının 1:500 000 miqyaslı təbii radioaktivlik xəritəsi” tərtib olunub, “Bakı şəhərinin cənub-şərq kəsiminin seysmik mikrorayonlaşdırılması xəritəsi”nin hazırlanması istiqamətində tədqiqatlar aparılıb.

Geodeziya və Kartoqrafiya fəaliyyəti ilə əlaqədar topoqrafiya-geodeziya işləri üzrə beynəlxalq rəqəmsal xəritə standartlarında Azərbaycan Respublikasının Dövlət Yüksəklik Şəbəkəsi, Dövlət Geodeziya Şəbəkəsi işləri, ölkə ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 1:25 000, 1:50 000, 1:100 000 miqyaslarda rəqəmsal topoqrafik xəritələrin hazırlanması, 2 980 trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, 664 məntəqədə müşahidə, həmçinin topoqrafik planalma, köhnə xəritələrin təzələnməsi, yeni xəritələrin tərtibatı və çapa hazırlanması işləri yerinə yetirilib. Kartoqrafiya işləri üzrə  967  adda  41 660 nüsxə  tematik  xəritə  və  topoxəritə tərtib edilərək nəşr olunub. Azərbaycan  Respublikasının  Milli  Ensiklopediyasına  daxil  olan xəritələrin, əhali, bitki  örtüyü, iqlim, oroqrafiya,  nəqliyyat, iqtisadi rayonlaşdırma, zoocoğrafi, torpaqların ekoloji qiymətləndirilməsi, ümumcoğrafi, Türk dünyası, Azərbaycan Səfəvi dövləti, Dünyanın siyasi, fiziki və  yarımkürələrin fiziki, Bakı  şəhərinin Pirallahı, Xəzər, Suraxanı və  Sabunçu  rayonlarının, Azərbaycanlılara  qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920-ci illər), ermənilərin Abşeron yarımadasında törətdikləri soyqırımlar, Ermənistan tərəfindən işğal olunmuş ərazilər və Azərbaycanlılara  qarşı erməni  təcavüzünün  nəticələri (1948-1953; 1988-1993-cü  illər) xəritələri elektron formatda hazırlanaraq nəşr edilib.