• Bakı
  • Gündüz +5°C,
  • Gecə +1°C
  • Sumqayıt
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Naxçıvan
  • Gündüz +2°C,
  • Gecə -4°C
  • Xankəndi
  • Gündüz -2°C,
  • Gecə -6°C
  • Şuşa
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Xocalı
  • Gündüz -1°C,
  • Gecə -9°C
  • Xocavənd
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Qubadlı
  • Gündüz +2°C,
  • Gecə -6°C
  • Zəngilan
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Laçın
  • Gündüz -2°C,
  • Gecə -10°C
  • Kəlbəcər
  • Gündüz -3°C,
  • Gecə -10°C
  • Daşkəsən
  • Gündüz +1°C,
  • Gecə -7°C
  • Gədəbəy
  • Gündüz +1°C,
  • Gecə -6°C
  • Ağdam
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Cəbrayıl
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Qazax
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Naftalan
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Şəki
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Ağstafa
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Qəbələ
  • Gündüz +2°C,
  • Gecə -3°C
  • Şamaxı
  • Gündüz 0°C,
  • Gecə -3°C
  • Zaqatala
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Xızı
  • Gündüz -2°C,
  • Gecə -8°C
  • Siyəzən
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Şabran
  • Gündüz +4°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +1°C,
  • Gecə -5°C
  • Qusar
  • Gündüz -1°C,
  • Gecə -7°C
  • Xaçmaz
  • Gündüz +3°C,
  • Gecə -1°C
  • Kürdəmir
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Yevlax
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Ağcabədi
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • Ağdaş
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Göyçay
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Bərdə
  • Gündüz +4°C,
  • Gecə -3°C
  • İmişli
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Salyan
  • Gündüz +4°C,
  • Gecə -1°C
  • Beyləqan
  • Gündüz +6°C,
  • Gecə -1°C
  • Saatlı
  • Gündüz +6°C,
  • Gecə +1°C
  • Hacıqabul
  • Gündüz +7°C,
  • Gecə +2°C
  • Masallı
  • Gündüz +5°C,
  • Gecə +2°C
  • Lənkəran
  • Gündüz +4°C,
  • Gecə +1°C
  • Lerik
  • Gündüz 0°C,
  • Gecə -4°C
Faydalı Bölmələr

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin statusu haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 1992-ci il 21 may tarixli qərarına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman qüvvəyə mindiyi andan Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 1 fevral tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi haqqında» Əsasnamə qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay ərzində nazirliklərin, dövlət komitələrinin və baş idarələrin normativ aktlarını nəzərdən keçirib, bu Əsasnamənin tələblərinə uyğunlaşdırmaq barədə təkliflər versin.

4. Əsasnamənin tələblərinə müvafiq olaraq zəruri ekoloji normativ aktlarının hazırlanması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılsın.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 7 sentyabr 1992-ci il

№ 176.

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir

(15 sentyabr 1992-ci il, № 17(870), maddə 759)


Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 7 sentyabr tarixli
176 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında
Əsasnamə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi (bundan sonra — Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi) respublikada təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində dövlət nəzarətini və sahələrarası idarəetməni həyata keçirən üstün səlahiyyətli orqanıdır.

2. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi Respublika Prezidentinə tabedir, öz vəzifələrini mərkəzi və yerli dövlət idarəetmə orqanlarından asılı olmayaraq yerinə yetirir və təbiətdən səmərəli istifadənin və təbiəti mühafizənin təşkilinə görə, təbii ehtiyatların bərpası və qorunması sahəsində vəziyyətə və bu sahədə vahid elmi-texniki siyasət yeridilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının Ali Sovetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təbiəti mühafizə sahəsində iştirak etdiyi beynəlxalq müqavilələri, digər normativ aktları, habelə bu Əsasnaməni rəhbər tutaraq qüvvədə olan qanunvericiliyin düzgün tətbiqini təmin edir.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi və onun vəzifəli şəxsləri özlərinin fəaliyyəti üçün müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

3. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi, Naxçıvan Muxtar Respublikası, şəhər və rayonlararası ekologiya və təbiətdən istifadəyə nəzarət komitələri Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin vahid sistemini təşkil edirlər.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi öz tabeliyində olan təşkilatları və başqa struktur bölmələrini müəyyən edilmiş qaydada yaradır, yenidən təşkil və ləğv edir, onların nizamnamələrini (əsasnamələrini) təsdiq edir.

Azərbaycan Dövlət Ekologiya Komitəsi kiçik, müştərək və digər müəssisələrin təsisçisi ola bilər.

4. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin və onun yerlərdəki orqanlarının öz səlahiyyəti daxilində qəbul etdikləri qərarların respublika nazirlikləri, dövlət komitələri və baş idarələri, birliklər, müəssisələr və təşkilatlar, birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər, tabeliyindən asılı olmayaraq dövlət, kooperativ, ictimai müəssisələr, idarələr və təşkilatlar, habelə vətəndaşlar tərəfindən icrası məcburidir.

Zəruri hallarda Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi Azərbaycan Respublikasının digər nazirlikləri, dövlət komitələri və baş idarələri ilə birlikdə və ya onlarla razılaşdırılmış qərarlar qəbul edir.

5. Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə ilə əlaqədar olan regional və respublikalararası problemlərin həllində Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi başqa dövlətlərin müvafiq təbiəti mühafizə orqanları və təşkilatları ilə qarşılıqlı əlaqə saxlayır.

6. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, yerli icra hakimiyyəti orqanlarının, birliklərin, müəssisələrin, idarələrin və təşkilatların təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində fəaliyyətində onları əvəz etmir. Onlar təbii ehtiyatlardan istifadənin tənzimlənməsi və ətraf mühitin mühafizəsi, təbii ehtiyatların bərpa edilməsi sahəsində özlərinin fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi ilə əlaqələndirməyə borcludurlar.

7. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi öz səlahiyyəti daxilində təbiəti mühafizəyə, təbii ehtiyatlardan istifadəyə nəzarət sahəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin, Azərbaycan Respublikasının Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin, Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsinin, «Azərbalıq» Dövlət Konserninin, «Azərmeşə» İstehsal Birliyinin və başqalarının fəaliyyətini əlaqələndirir.

8. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi ictimai təşkilatlar, əhali ilə qarşılıqlı əlaqə saxlayır, təbiəti mühafizə fəaliyyətində onlara metodik köməklik göstərir və yardım edir, təbiəti mühafizə üzrə ictimai müfəttişlərin işini təşkil edir və bu işə rəhbərlik edir.

9. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi təbiəti mühafizə və təbiətdən istifadə məsələlərində beynəlxalq təşkilatlarla, orqanlar və digər hüquqi şəxslərlə öz səlahiyyəti daxilində və müəyyən edilmiş qaydada əməkdaşlıq edir.

10. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin qərarları onun öz nəşrlərində dərc edilir, bu qərarları geniş miqyasda və təxirə salmadan elan etmək zərurəti olduqda isə kütləvi informasiya vasitələri ilə əhalinin nəzərinə çatdırılır.

II. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin əsas vəzifələri və funksiyaları

11. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin təbiəti mühafizə və təbiətdən istifadə sahəsində əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • Respublikanın təbii ehtiyatlarının: torpaqların, yeraltı və yerüstü suların, atmosfer havasının, bitkilər aləminin (o cümlədən meşələrin) və heyvanlar aləminin (o cümlədən balıqların), faydalı qazıntıların qorunması, onlardan səmərəli istifadə edilməsi və artırılmasına nəzarət;
  • respublikada ətraf mühitin əlverişli sanitar və ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına nəzarət;
  • meşələrin mühafizəsi və onların suqoruyucu, torpaqqoruyucu, otlaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin artırılmasına nəzarət;
  • təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində vahid elmi-texniki siyasətin həyata keçirilməsi.

12. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi ona həvalə edilmiş vəzifələrə uyğun olaraq:

1) təbiəti mühafizənin və təbiətdən istifadənin başlıca olaraq iqtisadi metodlarından geniş istifadə etmək, xalq təsərrüfatının bütün sahələrində ehtiyatları qənaətlə işlədən, aztullantılı və tullantısız texnologiyaların tətbiqini, istehsal tullantılarının təsərrüfat dövriyyəsinə cəlb olunmasını, təbiəti mühafizə və təbiətdən istifadə sahəsində digər elmi-texniki tərəqqi nailiyyətlərinin həyata keçirilməsini həvəsləndirmək əsasında respublikada təbiəti mühafizə fəaliyyətini kompleks idarə edir;

2) təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə, təbii mühit obyektlərinin çirkləndirilməsinə nəzarət üzrə respublika ekoloji normativlərinin, qaydalarının və standartlarının hazırlanmasını dövlət sanitar nəzarəti ilə birlikdə təşkil edir, əlaqədar təşkilatlarla razılaşdırır və onları təsdiq edir, sahə, idarə ekoloji normativlərini, qaydalarını və standartlarını razılaşdırır;

3) təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normalar və standartlar qoyulmasına dair respublikada və xaricdə toplanmış təcrübəni öyrənir və ümumiləşdirir, təbii mühit obyektlərinin çirkləndirilməsinə nəzarət sahəsində metodoloji rəhbərliyi həyata keçirir;

4) təbiətdən istifadə və təbiəti mühafizə tədbirlərinin görülməsi ilə əlaqədar investisiya proseslərinə fəal təsir göstərilməsini təmin edən təkliflərin, habelə təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə dair təkliflərin Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının konsepsiyası və əsas istiqamətləri layihələrinə, təbiəti mühafizə və təbiətdən səmərəli istifadə üzrə məqsədli dövlət proqramlarına, Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafına dair dövlət planlarına daxil edilmək üçün hazırlanmasında iştirak edir;

5) təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində tədbirlər görülməsinin və elmi-tədqiqat işləri aparılmasının cari və perspektiv planlarını nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət və ictimai müəssisə, idarə və təşkilatlarla razılaşdırır;

6) ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) limitlərini, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş normativlər, limitlər daxilində haqqın və bunların pozulmasına görə haqqın məbləğlərini sanitar xidməti orqanları ilə birlikdə müəyyən edir və respublikanın xalq təsərrüfatı obyektlərinə çatdırır, zərərli maddələrin atılması üzrə müəyyən edilmiş normativlər, limitlər daxilində təbii mühitin çirkləndirilməsinə görə haqqı və bunların pozulmasına görə, habelə tullantıların yerləşdirilməsinə, anbara vurulmasına (basdırılmasına) görə cərimə ödənişlərini (o cümlədən xarici valyuta ilə) tutur;

7) ətraf təbii mühitin keyfiyyətinin normalaşdırılması işini təşkil edir, Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsi, başqa nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr və təşkilatlarla birlikdə ətraf mühitə zərərli təsirlərin kəmiyyət və keyfiyyət uçotunu aparır, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə isə çirklənmə mənbələrinin dövlət uçotunu aparır;

8) təbiəti mühafizə qanunvericiliyinin təbiəti mühafizə sahəsində, respublikanın xalq təsərrüfatında təbii ehtiyatlardan və istehsalat tullantılarından səmərəli və kompleks istifadə sahəsində iqtisadi mexanizmin tətbiqi təcrübəsini təhlil edir və ümumiləşdirir, ətraf mühitin mühafizəsi tələblərini nəzərə almaqla təbiəti mühafizə qanunvericiliyinin və təbiətdən istifadənin iqtisadi mexanizminin, təsərrüfat fəaliyyətini iqtisadi stimullaşdırmağın yeni metodlarının təkmilləşdirilməsinə, bu sahədə zəruri iqtisadi eksperimentlər keçirilməsinə dair təklifləri hazırlayır və respublikanın Ali Sovetinə, Nazirlər Kabinetinə təqdim edir;

9) təbiəti mühafizə məqsədləri üçün istifadə edilən avadanlığın, cihazların, avtomatika vasitələrinin və avtomatlaşdırılmış sistemlərin, standart nümunələrin, maddələrin, kimyəvi reaktivlərin istehsalına olan tələbatın müəyyənləşdirilməsində və onların istehsalı üçün dövlət sifarişlərinin formalaşdırılmasında iştirak edir;

10) respublikanın məhsuldar qüvvələrinin və xalq təsərrüfatı sahələrinin inkişafının və yerləşdirilməsinin baş sxemlərinin, təbiəti mühafizə ərazi kompleks sxemlərinin, su, torpaq ehtiyatlarından və başqa təbii ehtiyatlardan kompleks istifadə və onların mühafizəsi sxemlərinin, rayon planlaşdırılması, sənaye qovşaqları sxemlərinin, şəhərlərin və başqa yaşayış məntəqələrinin baş planlarının, müəssisələrin və başqa obyektlərin tikintisinə (yenidən qurulmasına) dair layihələrin, habelə ətraf mühitin və təbii ehtiyatların vəziyyətinə təsir göstərən texnikanın, texnologiyaların, materialların və maddələrin, işləyən istehsal obyektlərinin dövlət müstəqil ekoloji ekspertizasını keçirir, təsərrüfat fəaliyyətinin təbiətə təsirinin ekoloji əsaslandırılmasını və faktik nəticələrini qiymətləndirir.

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsinin ekoloji ekspertizasının rəyləri qətidir, təkrar ekspertizanı Azərbaycan Respublikasının Ali Soveti və Azərbaycan Respublikası Prezidenti təyin edə bilər;

11) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Azərbaycan Respublikasının Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elmlər Akademiyası, Azərbaycan Respublikasının Hidrometeorologiya Komitəsi və başqa əlaqədar orqanlarla birlikdə ətraf mühitin çirklənməsi vəziyyəti və ətraf mühitə zərərli təsirlər, təbii ehtiyatlardan istifadə vəziyyəti haqqında vahid respublika ekoloji informasiya bankını formalaşdırır və idarə edir, bu məsələlər barəsində Azərbaycan Respublikasının Ali Sovetinə, Prezidentinə və digər əlaqədar orqanlara məlumat verir, respublikada ətraf mühitin vəziyyəti, təbii ehtiyatlardan istifadə və təbiəti mühafizə fəaliyyəti haqqında illik məruzələr dərc edir, respublika və regional ekoloji informasiya sistemləri çərçivəsində ekoloji informasiyanı toplayır və mübadilə edir, ekoloji monitorinq işlərinin təşkilində və aparılmasında iştirak edir.

12) respublikada təbiəti mühafizə və təbiətdən istifadə sahəsində insanın yaşayış mühiti kimi biosferin və onun ekoloji sistemlərinin qorunub saxlanmasına yönəldilən vahid elmi-texniki siyasətin əsas istiqamətlərini Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə birlikdə hazırlayır və bu siyasətin həyata keçirilməsini təşkil edir;

13) respublikada qoruq işinə rəhbərilk edir, Azərbaycan Respublikasının Elmlər Akademiyası, xalq deputatları Sovetləri, digər əlaqədar orqanlar ilə birlikdə xüsusi mühafizə olunan ərazilərin və təbii obyektlərin yaradılmasına dair təklifləri hazırlayıb müəyyən edilmiş qaydada təqdim edir;

14) təbii mühitin vəziyyətinə antropogen fəaliyyətin təsirini təhlil edir, təbii ehtiyatların bütün növlərinin təsərrüfat dövriyyəsinə cəlb edilməsi miqyaslarını tənzimləyir və Azərbaycan Respublikasının Elmlər Akademiyası, Respublika Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi, digər əlaqədar orqanlarla birlikdə uzunmüddətli ekoloji proqnozların və dövlət proqramlarının, ərazi kompleks təbiəti mühafizə sxemlərinin, su, torpaq ehtiyatlarından və başqa təbii ehtiyatlardan kompleks istifadə və onların mühafizəsi sxemlərinin hazırlanmasını təşkil edir;

15) ətraf təbii mühitin vəziyyətinə təsir göstərən yeni təhvil verilmiş (yenidən qurulmuş) obyektlərin, habelə təbiəti mühafizə təyinatlı obyektlərin və qurğuların qəbulu və istifadəyə verilməsi üzrə dövlət komissiyalarının işində iştirak edir, təsərrüfat fəaliyyətinin bütün növləri üçün yer seçilməsinə və torpaqlar ayrılmasına dair materialları razılaşdırır;

16) əhalinin təbiətə, təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda tərbiyələndirilməsi işini təşkil edir, vətəndaşların ekoloji savadının yaxşılaşmasına kömək göstərir, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti, Ekoloji İttifaqı, respublika «Bilik» Cəmiyyəti, digər təşkilatlarla birlikdə təbiət haqqında, təbii sərvətlərdən səmərəli istifadə haqqında birliklərin təbliğini və yayılmasını təşkil edir, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər keçirir;

17) təbiəti mühafizə və təbiətdən istifadə sahəsində xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq işində vahid dövlət siyasətinin formalaşdırılmasına dair təkliflər hazırlayır, ekoloji problemlərin həlli ilə əlaqədar olaraq xarici ölkələrlə müqavilələr bağlayır, müəyyən edilmiş qaydada və və öz səlahiyyəti daxilində beynəlxalq əməkdaşlıq üzrə idarələrarası komissiyalar yaradır;

18) respublikada təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində işləri həyata keçirən ali və orta ixtisas məktəbləri, layihə-konstruktor və texnoloji təşkilatlar şəbəkəsinin təkmilləşdirilməsinə və yaradılmasına dair əlaqədar təşkilatlarla razılaşdırılmış təkliflər hazırlayıb Azərbaycan Respublikasının hökumətinə təqdim edir;

19) komitə sistemi işçilərinin ixtisasının artırılmasını təşkil edir, təbiəti mühafizə və təbiətdən istifadə məsələləri üzrə mütəxəssislərin hazırlanması, ixtisasının artırılması sahəsində nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, dövlət və ictimai müəssisə, idarə və təşkilatların işinə metodik köməklik göstərir;

20) Azərbaycan Respublikası Qırmızı kitabının tərtibi üzrə idarələrarası komissiyanın şəxsi tərkibini təsdiq edir;

21) ətraf mühitə zərərli maddələr atılması və tullanması, istehsal ehtiyacları üçün atmosfer havasının işlədilməsi, yanaşı hasil edilən xammal, sənaye, məişət tullantılarından istifadə edilməsi, sudan xüsusi məqsədlər üçün istifadə edilməsi, su quyuları qazılması, geoloji-kəşfiyyat işlərinin aparılmasından ötrü sahələrin ayrılması, heyvanlar aləmindən (o cümlədən balıqlardan) və bitkilər aləmindən (o cümlədən meşədən) istifadə edilməsi, habelə yabanı və dərman bitkilərinin, texniki xammalın və digər təbii törəmələrin yığılması, bunların respublikadan kənara aparılması və respublikaya gətirilməsi üçün müəyyən edilmiş qaydada icazə verir;

22) respublikanın ərazisində ov və balıqçılıq təsərrüfatının idarə edilməsi, heyvanlar aləminin (o cümlədən balıqların) və bitkilər aləminin (o cümlədən meşələrin) mühafizəsi və onlardan səmərəli istifadə edilməsi sahəsində dövlət idarəetməsini həyata keçirir, heyvanlar aləminin (o cümlədən balıqların) və bitkilər aləminin (o cümlədən meşələrin) mühafizəsi, onlardan istifadə edilməsi üzrə qaydaları (o cümlədən ödəmə haqqı), təlimatları və digər normativ aktları hazırlayıb tətbiq edir. Bu aktlar bütün nazirliklər dövlət komitələri, baş idarələr, tabeliyindən asılı olmayaraq bütün müəssisələr, idarələr və təşkilatlar, birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər, habelə vətəndaşlar tərəfindən hökmən icra edilməlidir;

23) aşağıdakılar üzərində dövlət nəzarətini həyata keçirir:

a) ekoloji sistemlərin, təbii genofondun, bioloji tarazlığın, habelə atmosfer havasının çirklənməsi mənbələrinin, yerüstü və yeraltı suların, torpağın, bitkilər aləminin (o cümlədən meşələrin) və bioloji su obyektlərinin, vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə;

b) respublikanın bütün nazirlikləri, dövlət komitələri və baş idarələri, tabeliyindən asılı olmayaraq dövlət, kooperativ və birgə müəssisə, idarə və təşkilatlar, xarici hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən aşağıdakılara əməl edilməsinə;

  • Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə, təbii mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativlərə, qaydalara və standartlara, yerli icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarına, Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin qərar və əmrlərinə, təlimatlarına;
  • təbii ehtiyatlardan istifadə və ətraf təbii mühitin çirkləndirilməsi müqabilində müəyyən edilmiş ödənclərin (o cümlədən xarici valyuta ilə) tutulmasına və təbiəti mühafizə məqsədləri üçün sərf edilməsinə;
  • stasionar və səyyar çirkləndirmə mənbələrindən ətraf təbii mühitə çirkləndirici maddələr atılmasının və tullanmasının xüsusi icazələrlə müəyyən edilmiş limitlərinə və normativlərinə, habelə bu tullantıların azaldılıb müəyyən edilmiş normativlər səviyyəsinə endirilməsi planlarının yerinə yetirilməsi müddətlərinə;
  • ətraf mühitin və təbii ehtiyatların vəziyyətinə təsir göstərən yeni texnika, materiallar, maddələr hazırlanarkən, müəssisələrin və başqa obyektlərin tikintisinə (yenidən qurulmasına) dair layihələr hazırlanarkən ekoloji standartlara və normalara;
  • yeni müəssisələr, qurğular və başqa obyektlər layihələşdirilərkən, tikilərkən, yenidən qurularkən və işə salınarkən, ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan istifadəyə təsir göstərən mövcud texnoloji proseslər və avadanlıq, materiallar və maddələr təkmilləşdirilərkən və yeniləri işə salınarkən ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə tələblərinə;
  • faydalı qazıntılar çıxarılarkən, partlayış işləri aparılarkən, terrikonlar, tullantılar, zibilxanalar yerləşdirilərkən və istismar edilərkən, ətraf mühiti çirklənmədən, zibillənmədən və tükənməkdən mühafizə təbii ehtiyatlardan kompleks istifadə tələblərinə;
  • bitkiqoruyucu vasitələr, onların böyüməsi üçün stimulyatorlar, mineral gübrələr, xalq təsərrüfatında istifadə olunmasına icazə verilən digər kimyəvi maddələr və preparatlar daşınarkən, saxlanarkən və tətbiq edilərkən ətraf mühitin mühafizəsi tələblərinə;
  • faydalı qazıntı yataqlarının işlənməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadə edilməsi sahəsində müəyyən edilmiş normalara və qaydalara, habelə qazıntı karxanalarının rekultivasiyası müddətlərinə və keyfiyyətinə, istifadə edilmək üçün onların xalq təsərrüfatına verilməsi müddətlərinə;
  • balıq ovu qaydaları haqqında qanunvericiliyə və balıq ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, balıqçılığın həvəsləndirilməsi haqqında başqa aktlara;
  • istehsal ehtiyacları üçün təbii ehtiyatların işlənməsi, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə olunması, onların qorunması və bərpa edilməsi sahəsində müəyyən edilmiş qaydalara;
  • su mühafizə obyektlərinin istismarı, su təsərrüfatları sistemlərindən, su anbarlarından və digər hidrotexniki qurğulardan səmərəli istifadə qaydalarına;
  • sənaye obyektlərinin və başqa obyektlərin sudan istifadə normalarına, qaydalarına və rejiminə;

v) respublika nazirlikləri, dövlət komitələri, baş idarələri, tabeliyindən asılı olmayaraq dövlət kooperativ müəssisə, idarə və təşkilatları, birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər, habelə vətəndaşlar tərəfindən aşağıdakıların yerinə yetirilməsinə:

  • ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli və kompleks istifadə, onların qorunub saxlanması və bərpası sahəsində planların və tapşırıqların;
  • ətraf təbii mühitə atılan çirkləndirici maddələrin təmizlənməsi üçün qurğuların, avadanlığın və aparatların qurulmasına və istismara verilməsinə, çirkləndirmə mənbələrinin nəzarət və tənzimləyici cihazlar ilə təchiz edilməsinə dair plan tapşırıqlarının;
  • su obyektlərinin sahilboyu zolaqlarında (zonalarında) su mühafizə tədbirlərinin, habelə suların zərərli təsirlərinə (daşqınlar, su basması, sahillərin dağılması və sair) qarşı mübarizə tədbirlərinin;
  • torpaqları şoranlaşmadan, bataqlaşmadan, istehsalat tullantıları, zəhərli-kimyəvi maddələr və digər kimyəvi maddələr ilə çirklənmədən qorumaq, tikinti zamanı, faydalı qazıntılar çıxarılarkən onları başqa növ korlanmadan qorumaq sahəsində tədbirlər kompleksinin;
  • nəqliyyat vasitələrinin və başqa səyyar vasitələrin və qurğuların ətraf mühitə atdığı zərərli maddələrin azaldılması və bunun qarşısının alınması sahəsində tədbirlərin;
  • qiymətli vətəgə və digər su orqanizmlərinin yaşayış mühitinin çirklənməsinin qarşısının alınması, partlayış, dərinləşdirmə işləri, faydalı qazıntılar hasilatı, sugötürücü qurğuların inşası, boru kəmərləri, kabellər və i.a. çəkilməsi nəticəsində biofaunanın məruz qaldığı digər mənfi təsirlərin aradan qaldırılması sahəsində tədbirlərin;

q) dövlət torpaq, su kadastrlarının, dövlət yerin təki, heyvanlar və bitkilər aləmi kadastrlarının aparılmasına;

ğ) dövlət, kooperativ və ictimai müəssisə, idarə və təşkilatlarda təbii ehtiyatlardan istifadə edilməsinin, təbii mühitə zərərli maddələr, sənaye, məişət tullantıları və başqa tullantılar atılmasının, onların anbara vurulması və basdırılması həcmlərinin ilkin uçotunun aparılmasına;

d) su obyektlərindən səmərəli istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasına, habelə su obyektlərindən məqsədyönlü istifadə olunmasının tənzimlənməsinə, yeraltı sulardan planlı istifadə edilməsinə;

e) təmizləmə qurğularının vəziyyəti və səmərəli işləməsi, çirkab suların atılması qaydasına və şərtlərinə əməl edilməsinə;

ə) Kür, Araz çaylarının hövzələri, habelə Xəzər dənizi hövzəsi üzrə məlumatların təhlili əsasında su təsərrüfatı balanslarının və su ehtiyatlarından kompleks istifadənin və onların mühafizəsinin perspektiv sxemlərinin təşkilinə;

j) hövzələr üzrə su ehtiyatlarından istifadənin ümumi planlarının və su-elektrik stansiyaları, su nəqliyyatı vasitələri və xalq təsərrüfatının digər sahələri tərəfindən yuxarı və aşağı byeflərdə su anbarlarından kompleks istifadə edilməsi qaydalarının hazırlanmasına;

z) meliorasiya tikintisi aparılarkən, faydalı qazıntılar çıxarılarkən, habelə təbii obyektlərin dəyişdirilməsi və landşaftların formalaşdırılması ilə əlaqədar olan başqa təsərrüfat fəaliyyəti zamanı torpaq və meşə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə;

i) torpaq sahiblərinə və torpaq istifadəçilərinə torpaq sahələri hansı məqsədlər üçün verilmişdirsə həmin məqsədlərə müvafiq surətdə istifadə edilməsinə və kolxozlar, sovxozlar və digər kənd təsərrüfatı (dövlət və kooperativ) müəssisə, idarə və təşkilatları tərəfindən torpaqqoruma tədbirlərinin keçirilməsinə, təşkilat-təsərrüfat, aqrotexniki, meliorativ və hidrotexniki, eroziya və yer sürüşməsinə qarşı tədbirlər kompleksinin vaxtında tətbiq edilməsinə, torpaqların eroziyası mənbələrinin təsirini aradan qaldırmaq, qoruyucu meşə örtüklərinin və eroziyaya qarşı hidrotexniki və sahil-bərkitmə qurğularının fəaliyyətini təmin etmək sahəsində tədbirlər görülməsinə;

ı) təbii ehtiyatların hər hansı növlərinin istismarı nəticəsində boşalan torpaqların kənd, meşə və ya balıqçılıq təsərrüfatında istifadə edilmək üçün yararlı vəziyyətə, yaxud bu torpaqların ayrılması şərtlərinə uyğun olaraq regionun ekoloji tarazlığını təmin edən vəziyyətə gətirilməsi, habelə zəruri hallarda göstərilən torpaqların kolxoz və sovxozlara və ya ehtiyata verilməsi haqqında müvafiq orqanlar qarşısında təkliflər irəli sürülməsinə;

y) meşə və kənd təsərrüfatı sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin suqoruyucu, sutənzimləyici, tarlaqoruyucu və digər mühafizə funksiyalarının təmin edilməsinə;

k) dövlət qoruqlarında vəhşi heyvan və quşların qorunub saxlanması və artırılması sahəsində biotexniki tədbirlər görülməsinə;

g) heyvanlar aləminin, dövlət ov fondunun mühafizəsi, ov qaydalarına və ovçuluq təsərrüfatının idarə olunması qaydalarına əməl edilməsinə;

l) yerin təkindən çıxarılan boş süxurların və istehsal tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması üçün yerbəyer edilməsinə;

m) sənaye istehsalatının ekoloji təhlükəsizliyini və təbii ehtiyatların qənaətlə işlədilməsini təmin edən elmi-texniki tərəqqi nailiyyətlərinin tətbiqinə;

i) təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə üzrə dövlət statistika hesabatının aparılmasına və onun düzgünlüyünə;

o) Azərbaycan Respublikasının ərazisində yerləşən, beynəlxalq və respublikalararası əhəmiyyət daşıyan təbii obyektlərin istifadəsi və mühafizəsi, təbiəti mühafizə, nadir və yoxa çıxmaqda olan, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə alınıb-satılması qadağan edilən və ya mühafizəsi beynəlxalq müqavilələrlə tənzimlənən heyvan və bitki növlərinin mühafizəsi haqqında normalara, qaydalara və qanunvericiliyə əməl edilməsi, biosfer qoruqlarının və beynəlxalq əhəmiyyətə malik olan başqa qoruqların rejiminə əməl edilməsinə.

24) Təqdimatlar verir:

a) bank müəssisələrinə — təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə haqqında qanunvericiliyin pozulmasına səbəb olan sənaye obyektlərinin və başqa obyektlərin layihələşdirilməsi, tikilməsi, yenidən qurulması və ya genişləndirilməsi işlərinin maliyyələşdirilməsini dayandırmaq haqqında;

b) Azərbaycan Respublikasının Ali Sovetinə, Prezidentinə və respublikanın Nazirlər Kabinetinə – təbiəti mühafizə qanunvericiliyinin, ekoloji normativlərin və qaydaların, təbiətdən istifadə standartlarının müəssisələr, idarələr və təşkilatlar tərəfindən kobudcasına və müntəzəm surətdə pozulmasına görə onların tabe olduğu nazirliklərin, dövlət komitələrinin və baş idarələrin rəhbərlərini qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək haqqında;

v) müvafiq orqanlara (tabelik qaydasında) və bank idarələrinə – təbiəti mühafizə qanunvericiliyinin, ekoloji normativlərin, qaydaların və standartların pozulmasına, ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə dair planların və tədbirlərin yerinə yetirilməsinə görə dövlət, kooperativ, ictimai və digər təşkilatların, müəssisələrin, idarələrin rəhbər və mühəndis-texnik işçilərini mükafatdan məhrum etmək haqqında.

III. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin hüquqları

13. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsinə aşağıdakı hüquqlar verilir:

1) təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsi məsələləri barəsində nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, dövlət kooperativ müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərlərinin hesabatlarını dinləmək, yol verilmiş kobud pozuntulara görə rəhbərlərin cəzalandırılması haqqında müvafiq təşkilatlar qarşısında məsələ qaldırmaq;

2) təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri üzrə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin, yerli icra hakimiyyətləri orqanlarının hesabatlarını dinləmək haqqında Azərbaycan Respublikası Ali Sovetinə, respublika Prezidentinə və hökumətinə təkliflər vermək;

3) respublikanın ərazisində yerləşən nazirliklərə, baş idarələrə, tabeliyindən asılı olmayaraq müəssisələrə, təşkilatlara, bazalara, gəmilərə, anbarlara, başqa obyektlərə, o cümlədən Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin obyektlərinə maneəsiz daxil olmaq.

Tabeliyindən asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi sisteminin vəzifəli şəxslərini xidmət vəzifələrini yerinə yetirərkən telefon rabitəsi, nəqliyyat vasitələri, zərurət olduqda isə obyektin yoxlanması (inspeksiyası) dövründə xüsusi paltarla təmin etməyə, habelə onlara lazımi kömək göstərməyə borcludurlar;

4) respublikanın təbiətinin çirkləndirilməsi və ehtiyatlardan səmərəsiz istifadə edilməsi nəticəsində dəymiş ziyanın ödənməsi haqqında tabeliyindən və yerindən asılı olmayaraq müəssisələr, birliklər, idarələr, təşkilatlar, birgə müəssisələr, digər hüquqi şəxslər və vətəndaşlar, habelə xarici hüquqi və fiziki şəxslər qarşısında iddialar qaldırmaq, bank idarələri vasitəsilə təbii mühitə dəymiş zərərin ödənilməsi məbləğini bilavasitə, məcburi qaydada tutmaq, tutulmuş məbləği (o cümlədən xarici valyuta şəklində) təbiəti mühafizə fondlarına və xüsusi hesablara köçürmək;

5) ətraf mühiti çirkləndirən və çirkləndirici maddələr atılmasının azaldılması üçün müvafiq tədbirlər görməyən respublika nazirliklərinə, baş idarələrinə, müəssisələrə və birliklərə ehtiyatları qənaətlə işlədən və ekoloji cəhətdən təmiz texnologiyalar hazırlanması barəsində elmi-tədqiqat, layihə-konstruktor təşkilatları ilə müqavilələr bağlamağı və ya istehsalatda tətbiq etmək üçün bu cür texnologiyaları əldə etməyi, habelə monitorinq işlərinin aparılmasında iştirak etməyi bir vəzifə olaraq tapşırmaq;

6) təbiəti mühafizə qanunvericiliyinin pozulasına səbəb olan sənaye obyektlərinin və başqa obyektlərin layihələşdirilməsini və tikilməsini, yenidən qurulmasını və ya genişləndirilməsini, təbii ehtiyatlardan istifadə işlərinin və başqa işlərin aparılmasını qadağan etmək, habelə ətraf mühiti mühafizə normalarını və qaydalarını pozan sənaye müəssisələrinin və başqa müəssisələrin, təşkilatların işini dayandırmaq, istifadə edilməsi təbii obyektlərin çirklənməsinə və ya korlanmasına gətirib çıxaran məhsulun buraxılışını qadağan etmək;

7) öz səlahiyyəti daxilində təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində pozuntulara görə inzibati hüquqpozmalar haqqında materiallara baxmaq, sorğu-sual aparmaq, izahat almaq və günahkar şəxslərə cərimə kəsmək, onlara başqa inzibati tənbeh vermək, lazım gəldikdə işləri günahkarların məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanlarına vermək;

8) faunanın bütün növlərinin, yabanı bitkilərin qanunsuz əldə edilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyana görə tutulası məbləğin hesablanması üçün məzənnəni təsdiq etmək;

9) təbiəti mühafizə və təbiətdən istifadə sahəsində ekoloji normativləri hazırlamaq, təsdiq və tətbiq etmək;

10) təbiəti mühafizə qanunçuluğunun pozulmasında istifadə olunan əşya, alət, mexanizmlər və digər vasitələri, qanunsuz əldə edilmiş məhsulları müsadirə etmək;

11) Xəzər dənizində hərəkət edərkən ətraf mühiti çirkləndirən yerli və xarici gəmiləri saxlamaq və çirklənmənin səbəblərini yoxlamaq;

12) ətraf mühitin vəziyyəti, təbii ehtiyatlardan istifadə, onların bərpası, təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsi haqqında lazımi məlumatı (informasiyanı) və statistika hesabatını, habelə qəza və fövqəladə vəziyyətlər zamanı təcili məlumatları nazirliklərdən, dövlət komitələrindən, baş idarələrdən, müəssisələrdən və başqa təşkilatlardan əvəzsiz olaraq almaq;

13) respublikanın ərazisində olan bütün hüquqi və fiziki şəxslərdən, o cümlədən xarici hüquqi və fiziki şəxslərdən lazımi məlumat və izahat tələb etmək və müəyyən edilmiş formada həmin məlumatları pulsuz almaq;

14) sənaye, məişət tullantılarının və başqa tullantıların basdırılması (anbara vurulması), zərərli maddələrin ətraf mühitə atılması, sudan xüsusi məqsədlər üçün istifadə edilməsi, quyular qazılması, su obyektlərində və sahilboyu zolaqlarda işlərin aparılması, heyvanlar və bitkilər aləmindən istifadə edilməsi, istehsal ehtiyaclarından və elmi-tədqiqat işlərindən ötrü atmosfer havasının işlədilməsi, torpaq sahələrinin ayrılması üçün verilmiş icazələri müəyyən edilmiş qaydada ləğv etmək;

15) təbii mühitin vəziyyətinin müəyyənləşdirilməsi və sağlamlaşdırılması tədbirlərinin hazırlanması üçün elmi-texniki, ekspert və başqa idarələrarası şuralar, qruplar və komissiyalar təşkil etmək, Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin səlahiyyətinə aid olan məsələlər üzrə müşavirələr çağırmaq, Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi və onun yerlərdəki orqanları yanında (əlavə olaraq razılaşdırılmadan) təsərrüfat hesablı elm-istehsalat mərkəzləri və təbiəti mühafizə məsələlərinin həlli üçün digər bölmələr yaratmaq;

16) təbiəti mühafizəyə dair uzunmüddətli proqramların ərazi kompleks sxemlərinin hazırlanması, ekoloji ekspertizanın keçirilməsi və təbii ehtiyatların mühafizəsi, onlardan səmərəli istifadə ilə bağlı olan digər məsələlərin həlli üçün elmi-tədqiqat, layihə-konstruktor təşkilatlarını, ali tədris müəssisələrini, elmi-texniki yaradıcılıq və informasiya mərkəzlərini, digər orqanları və təşkilatları, habelə ayrı-ayrı alimləri və mütəxəssisləri cəlb etmək;

17) obyektlərdə ətraf mühitə çirkləndirici maddələr atılmasına fasiləsiz nəzarət edən vasitələrlə təchiz edilmiş məntəqələrin (postların) yaradılmasını, belə məntəqələrin (postların) işinə və həmin məntəqələr (postlar) tərəfindən Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsinə və onun yerlərdəki orqanlarına daim məlumat verilməsi vasitələrinə nəzarət etməyi, həmin obyektlərin tabe olduğu nazirliklərin, dövlət komitələrinin və baş idarələrin, dövlət və ictimai müəssisələrin, idarələrin və təşkilatların, birgə müəssisələrin, kooperativlərin rəhbərlərindən tələb etmək;

18) respublika Təbiəti Mühafizə Fondu haqqında qüvvədə olan Əsasnaməyə müvafiq surətdə həmin fondu təşkil etmək və ondan istifadə etmək;

19) komitənin və ona tabe olan təşkilatların xüsusi hesablarını açmaq. Həmin hesablar Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin müəyyən etdiyi qaydada təşkil və istifadə edilir;

20) təbiəti mühafizəyə və təbiətdən istifadəyə dair jurnallar, qəzetlər, əsər topluları, informasiya bülletenləri nəşr etmək.

IV. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin strukturu və rəhbərliyi

14. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi öz tabeliyində olan müəssisələrin, idarələrin və təşkilatların planlaşdırma, elm və texnika, əsaslı tikinti, maddi-texniki təchizat, maliyyə və kredit, kadrlar, əmək və əmək haqqı sahəsində, habelə xarici ölkələrlə iqtisadi, elmi-texniki və mədəni əlaqələr sahəsində fəaliyyəti ilə əlaqədar funksiyalarını həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq müqavilələri rəhbər tutur.

15. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi komitənin sədrindən, komitə sədrinin müavinlərindən və komitənin üzvlərindən ibarət tərkibdə təşkil edilir.

Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin sədri tərəfindən təsdiq edilir.

Komitənin zəruri olduqda, lakin ildə azı iki dəfə çağırılan iclaslarında respublikada təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə ilə əlaqədar ən mühüm məsələlər nəzərdən keçirilir.

Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin sədri ilə komitənin üzvləri arasında fikir ayrılıqları yarandıqda sədr öz qərarlarını həyata keçirir, komitənin üzvləri isə özlərinin fikrini Azərbaycan Respublikasının Prezidentinə bildirmək hüququna malikdirlər.

16. Azərbaycan Rsepublikasının Dövlət Ekologiya Komitəsinə Respublika Prezidenti tərəfindən təyin edilən sədr başçılıq edir.

Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin sədri komitəyə həvalə edilmiş vəzifələrin və funksiyaların yerinə yetirilməsi üçün, habelə komitənin müəssisələrinin, idarələrinin və təşkilatlarının işi üçün şəxsi məsuliyyət daşıyır, sədr müavinlərinin və komitənin struktur bölmələrinin məsuliyyət dərəcəsini müəyyən edir.

17. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi sədrinin müavinləri eyni zamanda onların nəzarət etdiyi istiqamətlərdə Azərbaycan Respublikasının təbiəti mühafizə üzrə baş dövlət müfəttişləri, müvafiq şöbələrin rəisləri isə onların müavinləridir.

18. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsində aşağıdakı tərkibdə Ekoloji Şura (Kollegiya) təşkil edilir: komitənin sədri (Şuranın sədri), sədrin müavinləri, habelə Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin digər rəhbər işçiləri. Şuranın üzvlərini, vəzifəyə görə daxil olan şəxslərdən başqa, komitə sədrinin təqdimatı üzrə Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin Ekoloji Şurası onun müntəzəm keçirilən iclaslarında komitənin fəaliyyəti, təbiəti mühafizənin və təbiətdən istifadənin təşkili və təkmilləşdirilməsi, bütün nazirliklər, dövlət komitələri və baş idarələr, dövlət və kooperativ müəssisələri, digər ictimai təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən təbiəti mühafizə qanunvericiliyinə, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində digər normativ aktlara, standartlara, normalara və qaydalara əməl edilməsi üzərində, dövlət nəzarətinin müəyyən edilmiş səlahiyyət daxilində həyata keçirilməsi, qəbul olunmuş qərarların icrasının yoxlanması, kadrların seçilməsi və yerləşdirilməsi, onlara təlim keçilməsi, normativ aktların və başqa sənədlərin layihələrinin hazırlanması ilə əlaqədar olan əsas məsələləri nəzərdən keçirir, təbiəti mühafizəni idarəetmə orqanları rəhbərlərinin hesabatlarını, respublika nazirlikləri, dövlət komitələri və baş idarələri nümayəndələrinin məruzə və məlumatlarını dinləyir.

Ekoloji Şuranın iclasları ayda azı bir dəfə keçirilir.

Ekoloji Şuranın qəbul etdiyi qərarlar bir qayda olaraq Komitənin qərarları və əmrləri ilə həyata keçirilir.

19. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi öz mərkəzi aparatı, yerlərdəki bütün orqanları tərəfindən hökmən icra edilməli olan əmrlər, sərəncamlar, təlimatlar və göstərişlər verir, öz qərarlarının icrasını təşkil edir və yoxlayır.

20. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi yanında elmi-texniki, ekoloji ekspertiza, ekoloji biliklərin təbliği şuraları təşkil edilə bilər. Bu şuraların fəaliyyəti komitənin Ekoloji Şurası tərəfindən təsdiq edilən əsasnamələrlə tənzimlənir. Bu Şuraların sədrləri komitə sədrinin müavinlərindən biri olur.

Şuranın tərkibi və onların barəsində əsasnamələr komitənin sədri tərəfindən təsdiq edilir.

21. Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinə dair iri problemlərin hərtərəfli, dərindən müzakirəsini təmin etmək, bu problemlərin həllinə aid tövsiyələr hazırlamaq üçün Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi yanında alimlər, ictimai xadimlər, ictimaiyyət nümayəndələri, yerli xalq deputatları Sovetlərinin nümayəndələri, nazirliklərin, baş idarələrin, müəssisələrin və təhsil ocaqlarının, mətbuat rəhbərləri və vətəndaşlar sırasından təbiəti mühafizə üzrə İctimai Şura yaradılır.

Göstərilən şuranın şəxsi tərkibi və onun barəsində Əsasnamə Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin sədri tərəfindən təsdiq edilir.

22. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi və onun tabeliyində olan orqanlar Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulmuş başqa vəsait hesabına saxlanılır.

23. Mərkəzi aparat işçilərinin say tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi mərkəzi aparatının və tabeliyində olan təşkilatların strukturu və ştat cədvəli, onun struktur bölmələri və tabeliyində olan təşkilatlar haqqında əsasnamələr Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi sədrinin hüququ var ki, komitənin mərkəzi aparatının ştat cədvəlini rəhbər işçilərin və mütəxəssislərin sayının müəyyən edilmiş normalarını və nisbətlərini nəzərə almadan təsdiq etsin və mərkəzi aparat işçilərinin vəzifə maaşlarını vəzifə maaşları sxemi üzrə orta əmək haqqını nəzərə almadan mərkəzi aparat işçilərinin sayı və əmək haqqı fondu hüdudları daxilində müəyyən etsin. Komitənin mərkəzi aparatının ştatları maliyyə orqanlarında qeydiyyata alınmalıdır.

24. Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi təbiəti mühafizə üzrə ştatdankənar ictimai müfəttişlər və ekspertlər şəbəkəsini təşkil edir, onlar Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsi orqanlarının təsdiq etdiyi əsasnamələr üzrə işləyirlər.

25. Azəbaycan Respublikası Dövlət Ekologiya Komitəsi sisteminin rəhbər və müfəttiş heyəti üçün nümunəvi paltar forması və fərqlənmə nişanları tətbiq edilir. Müəyyən edilmiş qaydada tabel silahının saxlanmasına və gəzdirilməsinə icazə verilir.

26. Azərbaycan Respublikası Dövlət Ekologiya Komitəsinin möhürü vardır. Möhürün üstündə Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Komitənin adı yazılmışdır.