• Bakı
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Sumqayıt
  • Gündüz +18°C,
  • Gecə +8°C
  • Naxçıvan
  • Gündüz +21°C,
  • Gecə +4°C
  • Xankəndi
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Şuşa
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Xocalı
  • Gündüz +11°C,
  • Gecə +5°C
  • Xocavənd
  • Gündüz +10°C,
  • Gecə +5°C
  • Qubadlı
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Zəngilan
  • Gündüz +12°C,
  • Gecə +6°C
  • Laçın
  • Gündüz +7°C,
  • Gecə +1°C
  • Kəlbəcər
  • Gündüz +8°C,
  • Gecə +2°C
  • Daşkəsən
  • Gündüz +10°C,
  • Gecə +2°C
  • Gədəbəy
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Ağdam
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Cəbrayıl
  • Gündüz +15°C,
  • Gecə +3°C
  • Füzuli
  • Gündüz +16°C,
  • Gecə +4°C
  • Gəncə
  • Gündüz +21°C,
  • Gecə +7°C
  • Qazax
  • Gündüz +19°C,
  • Gecə +6°C
  • Naftalan
  • Gündüz +20°C,
  • Gecə +7°C
  • Şəki
  • Gündüz +22°C,
  • Gecə +8°C
  • Ağstafa
  • Gündüz +18°C,
  • Gecə +6°C
  • Qəbələ
  • Gündüz +17°C,
  • Gecə +5°C
  • Şamaxı
  • Gündüz +13°C,
  • Gecə +3°C
  • Zaqatala
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Xızı
  • Gündüz +13°C,
  • Gecə +1°C
  • Siyəzən
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Şabran
  • Gündüz +20°C,
  • Gecə +7°C
  • Quba
  • Gündüz +15°C,
  • Gecə +5°C
  • Qusar
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Xaçmaz
  • Gündüz +19°C,
  • Gecə +7°C
  • Kürdəmir
  • Gündüz +23°C,
  • Gecə +7°C
  • Yevlax
  • Gündüz +22°C,
  • Gecə +7°C
  • Ağcabədi
  • Gündüz +22°C,
  • Gecə +6°C
  • Ağdaş
  • Gündüz +23°C,
  • Gecə +6°C
  • Göyçay
  • Gündüz +21°C,
  • Gecə +7°C
  • Bərdə
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • İmişli
  • Gündüz +24°C,
  • Gecə +7°C
  • Salyan
  • Gündüz +22°C,
  • Gecə +8°C
  • Beyləqan
  • Gündüz +20°C,
  • Gecə +6°C
  • Saatlı
  • Gündüz +23°C,
  • Gecə +7°C
  • Hacıqabul
  • Gündüz +22°C,
  • Gecə +8°C
  • Masallı
  • Gündüz +19°C,
  • Gecə +6°C
  • Lənkəran
  • Gündüz +19°C,
  • Gecə +6°C
  • Lerik
  • Gündüz +10°C,
  • Gecə +3°C
Saytın Xəritəsi

Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (AzərETBTİ)

 

Az1008, Azərbaycan, Bakı, Dəmirçizadə küç., 16

Tel.: (99412) 496 2280; Tel/Faks: (99412) 496 3037; Mobil: (994 50) 324 5562

E-mail: azfiri@azeurotel.com

 

Tarixən Azərbaycanda ilk elmi mərkəz olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (Azərbaycan ETBTİ, AzərETBTİ) 1912-ci ildə yaradılmışdır. Akademik A.N.Derjavin tərəfindən yaradılan və rəhbərlik edilən Azərbaycanın bu ilk elmi-tədqiqat mərkəzi Bakı İxtioloji Laboratoriyası adlanırdı. 2017-ci ilin noyabr ayında AzərETBTİ-nin 105 illiyi tamam olmuşdur. İnstitut fəaliyyətdə olduğu müddətdə tarixi və şərəfli bir yol keçmişdir. AzərETBTİ-nin keçdiyi tarixi inkişaf yolunu aşağıdakı dövrlərə bölmək olar:

1. Bakı İxtioloji Laboratoriyasının əsasının qoyulması və onun formalaşması dövrü (1912-1922-ci illər);

 2. Cənubi Xəzərdə balıqçılıq təsərrüfatı tədqiqatlarının intensiv inkişafı və Bakı İxtioloji Laboratoriyasının yenidən təşkili dövrü (1922-1940-cı illər);

3. Bakı İxtioloji Laboratoriyasının fəaliyyətinin İkinci Dünya Müharibəsi dövrü (1941-1945-ci illər)

4. Mərkəzi Elmi-Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun (METNBTİ) tərkibində Azərbaycan filialı olduğu dövr (1954-1989-cu illər);

5. Xəzər Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutun (XəzərETBTİ, KaspNİRX) tərkibində Azərbaycan filialı olduğu dövr (1989-1992-ci illər);

6. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu müstəqil statusunun alması dövrü (1992-2001-ci illər);

7. 2001-ci il may tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra AzərETBTİ-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tərkibində olduğu müasir dövr.

Azərbaycan ETBTİ Kür-Xəzər hövzəsinin ən qiymətli balıqlarının (nərəkimilər, qızılbalıq və s.), eləcə də Azərbaycanın çaylarında yaşayan balıqların ətraflı tədqiqi ilə məşğul olmuş, ardıcıl olaraq onların say dinamikasında, eləcə də Xəzərdə baş verən hidroloji, hidrobioloji, hidrokimyəvi və s. dəyişiklikləri izləmiş, onların yaxşılaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış əməli təkliflər hazırlayıb həyata keçirmişdir. Xüsusilə nərəcinsli balıqların süni artırılması sahəsində dünya təcrübəsində ilk dəfə olaraq İnstitutun əməkdaşları tərəfindən orijinal metod işlənib hazırlanmışdır ki, hazırda fəaliyyət göstərən dünyanın bütün nərə balıqartırma zavodlarında bu metoddan istifadə olunur. 

İnstitut əməkdaşlarının apardığı tədqiqatlar əsasında Xəzər dənizinin qiymətli vətəgə balıqlarının ehtiyatının artırılması, mühafizəsi və səmərəli istifadə olunması istiqamətində bir sıra tədbirlər (Xəzərdə yeni balıq ovu qaydaları, dənizdə nərəcinsli balıqların ovunun qadağan olunması, balıq ovu aparılan vaxtın və ərazilərin məhdudlaşdırılması, qiymətli balıqların limit əsasında ovlanması, su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması, dənizdə dayanan torlarla siyənək və digər balıqların ovunun dayandırılması, neft və qaz yataqlarının axtarışı məqsədilə partlayıcı maddələrdən istifadə olunmasının ləğv edilməsi və s.) hazırlanıb həyata keçirilmişdir.

Xəzər dənizində yaşayan nərə cinsli balıqların ehtiyatının mütləq sayının müəyyən edilməsi, müxtəlif yaş qruplarında təbii yolla məhv olma əmsallarının təyin edilməsi balıqçılıq tədqiqatları tarixində ilk dəfə olaraq İnstitut əməkdaşları tərəfindən aparılmışdır. Uzunburun balığının timsalında nərə cinsli balıqların ehtiyatının hesablanması üzrə İnstitut əməkdaşlarının işləyib hazırladıqları və bu gün də öz 

əhəmiyyətini itirməyən orijinal metod klassik tədqiqatlar nümunəsi kimi təkrar nəşr olunmuşdur və bütün xəzəryanı dövlətlər tərəfindən istifadə olunur. İnstitutun apardığı tədqiqatlarda qızılbalıq, nərə və çəki cinsli balıqların süni artırılması üzrə metodların işlənib hazırlanması həmişə diqqət mərkəzində olmuş və bu sahədə metodiki vəsaitlər nəşr olunmuşdur. Eləcə də əmtəə balıqçılığı üzrə təcrübələrin aparılması, tezböyüyən yeni hibrid formaların alınması və onların təsərrüfat miqyasında yetişdirilməsinin biotexnologiyasının hazırlanması İnstitut əməkdaşlarının xidməti sayəsində mümkün olmuşdur.

AzərETBTİ ətraf mühitin və su bioresursların vəziyyətinin tədqiqatları üzrə ixtisaslaşır:

  • Nərə cinsli balıqların ovlanmasının tənzimlənməsi və onların ehtiyatının qiymətləndirilməsi;
  • Vətəgə ixtiologiyası;
  • Balıq ehtiyatlarının artırılması;
  • Əmtəə balıqçılığı;
  • Balıqların (nərəkimilər, çəkikimilər, siyənəklər) yem bazasının qiymətləndirilməsi (makrozoobentos, plankton) və qidalanması;
  • Su orqanizmlərinin yaşayış şəraitinin hidrokimyası;
  • Hidrobiontların ekotoksikoloji testləşdirilməsi;
  • Xəzər hövzəsində nərəkimilərin, kilkələrin və başqa vətəgə əhəmiyyətli obyektlərin bioloji müxtəlifliyinin qorunması və vətəgə ehtiyatlarının bərpası çərçivəsində aparılan Xəzər dənizinin Su Bioresursları Komissiyasının işində iştirakı.
  •  

Azərbaycan ETBTİ-nin personalı yüksək ixtisaslı, Xəzərin Azərbaycan sektorunda müxtəlif ekoloji layihələrində iştirak etmiş və kifayət qədər beynəlxalq iş təcrübəsinə malik olan ixtioloq, hidrobioloq, kimyaçı və toksikoloq alim-mütəxəssislərdən ibarətdir. Su bioloji resursların öyrənilməsi həm çöl (dəniz, daxili hövzələr), həm də laboratoriya şəraitində həyata keçirilir. Tədqiqat işləri həmçinin İnstitutun Yalama-6 (Yalama-Xudat zonası) və Nərimanabad-2 (Sara yarımadası) məntəqələrində yerləşən sahil müşahidə stansiyalarında aparılır. İnstitutun dənizdə tədqiqat işləri aparmaq üçün cihaz və kompüterlərlə təchiz edilmiş laboratoriyaları (hidrobioloji, hidrokimyəvi, meteoroloji) və dəniz nümunələrini götürmək üçün (1000 m-ə qədər dərinlik) tələb olunan bütün avadanlığı olan “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi (DGPS, exolot, sonar) vardır. “Əlif Hacıyev”, nərə cinsli balıqların (ixtioloji) tral çəkilişlərini aparmaq imkanına malik olan yeganə Azərbaycan elmi-tədqiqat gəmisidir. İnstitutun elmi-tədqiqat işlərinin əsas həcmi dənizdə və ya çöl şəraitində yerinə yetirilir.

İnstitutda aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri bunlardır:

  1. Xəzərin Azərbaycan sektorunda mühüm vətəgə balıqlarının (nərə cinsli, qızılbalıqlar, çəki cinsli balıqlar və siyənəkkimilər) ehtiyatının vəziyyəti və onların mümkün olan ovu barədə proqnozların işlənib hazırlanması;
  2. Kür çayında nərə cinsli və digər balıqların təbii çoxalmasının müasir vəziyyəti və onların yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması;
  3. Atma və dayanan torlar vasitəsilə siyənək və çəki cinsli balıqların ovu zamanı tora düşən nərə cinsli balıqların, xüsusən onların körpələrinin hesabının aparılması və bu sahədə əməli təkliflərin hazırlanması;
  4. Kür çayında, Kürağzı ərazidə, eləcə də Orta Xəzərin qərb sahillərində balıqların yem  bazasının vəziyyətinin qiymətləndirilməsi, onları yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin hazırlanması;
  5. Orta və Cənubi Xəzərin biotopuna antropogen amillərin təsiri şəraitində trofik strukturun formalaşdırılmasının qiymətləndirilməsi, yeni sakinlərinin təsir xüsusiyyətlərinin öyrənilməsi, Xəzər dənizi biosenozunun yaxşılaşdırmaq istiqamətində əməli təkliflərin və tədbirlərin işlənib hazırlanması;
    1. Qiymətli vətəgə balıqlarının süni artırılması biotexnologiyasının təkmilləşdirilməsi və yenidən işlənməsi, nərə balıqartırma zavodlarının səmərəliliyinin yüksəltməsi, əmtəə akvakulturasının inkişafı üzrə tədbirlərin işlənib hazırlanması;
    2. Kökünün kəsilməsi təhlükəsi olan qiymətli balıq növlərinin (kür qızılbalığı, qaya balığı və b.) ehtiyatının bərpa olunması üzrə tədbirlərin hazırlanması.

     

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu 1992-ci ildən başlayaraq Azərbaycan Respublikası Xəzər dənizinin Su Bioresursları Komissiyasının işində iştirak edir. Komissiyada Xəzəryanı ölkələr arasında Xəzər bioresurslarının (o cümlədən, nərəkimilərin) Ümumi Yol Verilən Ovlanma Həddi (ÜYVOH) razılaşdırılır. İnstitut Xəzəryanı ölkələrin dövlətlərarası proqramı çərçivəsində nərəcinsli balıqların, kilkələrin və digər qiymətli balıq növlərinin vətəgə ovlanmasının analizinin, yayılmasının, miqdarının, populyasiyaların keyfiyyət tərkibinin qiymətləndirilməsini aparır. 1992-ci ildən başlayaraq İnstitut tərəfindən göstərilən istiqamətlərdə aparılan tədqiqat işlərinin nəticələri hər il dövlətlərarası Xəzər dənizinin Su Bioresursları Komissiyasına təqdim olunur, nərə balıqlarının ovu üzrə Azərbaycan Respublikasına ayrılan kvotanın həcmi müəyyən olunarkən bu tədqiqatlar əsas götürülür və Xəzərdə nərə balıqları ehtiyatının formalaşmasında ölkəmizin xidmətləri nəzərə alınır. Həmçinin,  Komissiyanın işi çərçivəsində dəniz bioresurslarının davamlı istifadə edilməsi, qorunması və birgə idarə edilməsi üçün Xəzəryanı ölkələrin Regional Proqramı üzrə tədbirlər planı yerinə yetirilir.

     

    İnstitut 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nəzdində fəaliyyət göstərərək, yeni inkişaf mərhələsinə daxil olmuş və aşağıdakı mühüm elmi nəticələr əldə etmişdir:

    Nadir və kökünün kəsilməsi təhlükəsi olan Kür qaya balığının və qızılbalığının dənizdə ehtiyatının bərpa olunması və genofondunun qorunub saxlanılması üçün yeni ekoloji şəraitdə onların süni artırılması biotexnikasının təkmilləşdirilməsi aparılmış, tədbirlər planı işlənib hazırlanmışdır. Kür qızılbalığının vətəgə qayıdışı əmsalının artırılması üçün yaşı bir il olan körpələrin Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodunda dəniz qəfəslərdə 6 ay ərzində böyüdülmə biotexnologiyası işlənilmişdir;

    Kür nərə balıqartırma zavodlarında törədici nərə balığından təkrar istifadəsi üçün, biomüxtəlifliyin qorunması və zavod şəraitində ehtiyat törədici fondunun yaradılması elmi cəhətdən əsaslandırılmışdır;

    Kür çayının aşağı axarında Şimal-Şərq Bankə qəsəbəsində çayın mənsəbinə doğru və dənizin Kürətrafı Nord-Ost Qoltuğ və Züyd-Ost Qoltuğ akvatoriyalarında təbii kürüləmə və süni artırılma yolu ilə alınmış nərə cinsli balıq körpələrinin növ tərkibinin və sayının öyrənilməsi əsasında müasir şəraitdə nərə cinsli balıqların vətəgəyə qayıdış əmsalı müəyyən edilmişdir, nərəcinsli balıqlarının süni artırılması biotexnoloqiyasının təkmilləşdirilməsi və yenidən işlənməsi, süni nərə balıqartırma zavodlarının səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər planı işlənib hazırlanmışdır;

    Nərə cinsli törədici balıqların və körpələrinin balıqartırma prosesində ümumi fizioloji vəziyyətinin, körpə balıqların adaptiv imkanları və genotoksik vəziyyətinin öyrənilməsi əsasında Kür nərə balıqartırma zavodlarında süni böyüdülmə biotexnologiyasının optimal rejimləri müəyyən edilmişdir;

    Nərə cinsli balıqların genofondunun qorunub saxlanması və onların süni yetişdirilmə imkanlarının genişləndirilməsi, törədici ana balıq fondunun (sürüsünün) yaradılması məqsədi ilə, balıqartırma zavodu şəraitində nərə balıqlarının müxtəlif növlərinin yetişdirilməsi biotexnikasının nəzəri və praktiki əsasları işlənib hazırlanmışdır.

    Son illər ərzində İnstitutun fəaliyyətini əks etdirən bir sıra monoqrafiyalar, dərs vəsaitləri, jurnallarda məqalələr nəşr edilmişdir. Hər il İnstitut əməkdaşlarının respublikada və beynəlxalq elmi jurnallarda ixtiologiyanın və hidrobiologiyanın aktual problemlərinə dair elmi məqalə və tezisləri nəşr olunur, beynəlxalq konfranslarda çıxışları edilir. İnstitutun əməkdaşları bir çox beynəlxalq və respublika əhəmiyyətli proqram və layihələrin hazırlanmasında iştirak edirlər. Hazırda İnstitut balıqçılıq təsərrüfatı və hidrobiologiya üzrə beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlıq işlərini davam etdirir.

     

    İnstitutun göstərdiyi xidmətlər aşağıdakılardır:

    • Balıq ehtiyatlarına vurulmuş ziyanın qiymətləndirilməsi;
    • Dənizdə ətraf mühitin kompleks monitorinqinin aparılması;
    • Dənizin bioloji məhsuldarlığının formalaşdırılmasını səciyyələndirən ətraf mühitin abiotik (hidroloji və hidrokimyəvi) göstəricilərinin təhlili;
    • İxtiofaunanın, bentos makrofaunasının və zooplanktonun taksonomiyasının analizi;
    • Orta və Cənubi Xəzərdə mnemiopsis populyasiyasının monitorinqi və onun dəniz biotasına təsirinin qiymətləndirilməsi;
    • Biota birliklərinin ekoloji qiymətləndirilməsi, ekosistem analizi;
    • Dəniz orqanizmləri üzərində sənaye-kimyəvi reagentlərin bioloji testləşdirilməsi;
    • Heyvan toxumalarının patomorfoloji və ekotoksikoloji qiymətləndirilməsi;
    • Araz və Kür çaylarında nərə cinsli balıqların mümkün vətəgə qayıdışı miqdarının və təbii kürütökmənin səmərəliliyinin qiymətləndirilməsi;
    • Xəzərdəki bioloji obyektlərin vəziyyəti və digər ekoloji parametrlər üzrə informasiyalar şərhinin təqdim edilməsi;
    • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ).

     

    Xəzər dənizində nərəkimilərin ehtiyatının qiymətləndirilməsi məqsədilə dəniz ekspedisiyaları təşkil edilir, Orta və Cənubi Xəzərin Azərbaycana aid sularında nərəkimilərin və digər növ balıqların ehtiyatı, yem bazası, məskunlaşdığı mühit öyrənilir. Xəzər dənizində nərəkimilərin, qızılbalıqkimilərin, siyənəkkimilərin və çəkikimilərin ehtiyatı, populyasiya dinamikası qiymətləndirilir, vətəgə əhəmiyyətli balıq növlərinin ov normaları müəyyən edilir. Bioloji dayanıqlı həddə olan balıq ehtiyatlarının xüsusi çəkisi müəyyən edilir.

     

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun fəaliyyətinin son dövrü ərzində (2001-2018-ci illər) Xəzərdə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində ekoloji layihələrə (D-222, Yalama, 2002, LUKOİL; Qoşa qardaş, 2004, bp, AETC; Alov, 2004, bp, AETC; Zığ-Hövsan, Rosneft-ACEP, 2007; D-222, Yalama, 2004-2005, 2007-2009, LUKOİL; Abşeron, ABX-2, 2010-2012, TOTAL), Sənqaçal buxtası ixtiofaunasının monitorinqi (2001-2017, ERT, Akvamilyo Caspian, Azecolab, bp), dəniz bioresurslarına zərərin ekspert qiymətləndirilməsinə (D-222, Yalama, 2009, LUKOİL; Abşeron, ABX-2, 2012, TOTAL; ACG-Shakh-Deniz, WF-1, 2012-2013, URS, bp; Shakh-Deniz-2, 2014-2015, AECOM, bp; Absheron-230, 2015-2016, AECOM, bp; ACG-Shakh-Deniz, Absheron-230, 2018, AECOM, bp; və digər layihələrə) cəlb olunur. Neft-qaz  layihələri üzrə müxtəlif şirkətlər tərəfindən nəzərdə tutulan ixtioloji tədqiqatların razılaşdırılması və yerinə yetirilməsi İnstitutun iştirakı ilə aparılır və onun rəyi nəzərə alınır.

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun fəaliyyətinin son dövrü ərzində (2001-2018-ci illər) texniki əməkdaşlıq, idarəetmə, balıqçılıq (nərə) təsərrüfatının davamlı inkişafı, Xəzərin bioloji müxtəlifliyinin və onun ekosisteminin invaziv növlərdən qorunması məsələlərini əhatə edən beynəlxalq təşkilatlarının (EU, TACIS, CEP-UNDP, CaspECO, Xəzər dənizinin Su Bioresursları Komissiyası) strateji və regional proqramlarında iştirak edir, o cümlədən: Xəzərin Trans-Diaqnostik Analizi (2000-2004, CEP-UNDP), Xəzərdə mnemiopsisin monitorinqi (2001-2004, CEP-UNDP), Xəzər üzrə Milli Fəaliyyət Planı (2004-2006, CEP-UNDP), Cənubi Xəzərdə Beroe Ovata və Mnemiopsis Leidyi monitorinqi (2005-2006, CEP-UNDP), Xəzərin bioloji müxtəlifliyi üzrə məlumat bazasının yaradılması (2006-2007, CEP-UNDP), Ekosistem yanaşma əsasında Xəzər dənizinin Bioloji resurslarının İdarə edilməsi (2010-2012, UNDP-CaspECO), Bioloji Müxtəliflik üzrə Milli Hesabatın və Milli Fəaliyyət Planının hazırlanması (2013-2014), Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair ikinci Milli Strategiya və Fəaliyyət Planının (2016-2020) hazırlanması (2013-2015, UNDP), İUCN-nin Nərə balıqları Komitəsinin iclaslarında (2013-2017, İUCN, CİTES), Mərkəzi Asiya və Qafqazda kiçik miqyaslı balıqçılıq və akvakulturanın davamlı inkişafı üçün FAO-nun layihələrində (2016-2017, FAO) və digər layihələrdə iştirak edir.

    Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli 1472 nömrəli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (nərə cinsli balıq növləri üzrə) “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”sı üzrə Azərbaycan Respublikasının elmi orqanı təyin edilmişdir (2006-2018).

     

    İnstitut 2010-cu ildə Azərbaycan Respublikası tərəfindən imzalanmış və FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən “FİSHDEV–CA” (Mərkəzi Asiyada Balıqçılıq Təsərrüfatı və Akvakulturanın İnkişafı) Regional Proqramı üzrə əlaqələndirici işlərini aparır. “FİSHDEV–CA” Regional Proqramın əsas məqsədi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) yaradılması olmuşdur. Buna görə 2009-cu ilin əvvəlində CACFish-in yaradılması üzrə İcraçı Komitə təsis edilmiş, İstitutun direktoru Azərbaycan Respublikası üzrə əlaqələndirici qismində təyin edilmiş və beynəlxalq görüşlər və müzakirələrə başlanmışdır. CACFish Komissiyasına dair Saziş Milli Məclisin 2012-ci il 2 noyabr tarixli 453-IVQ nömrəli Qanunu əsasında təsdiq edilmişdir və bununla da 2014-cü ildə Azərbaycan FAO nəzdində regional “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın (CACFish) üzvü olmuşdur. 2014-cü ilin iyun ayında “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 3-cü Sessiyasının Bakı şəhərində təşkil edilməsi və müvafiq olaraq təşkilati tədbirlərinin həyata keçirilməsində İnstitut fəal iştirak etmişdir. İnstitut Azərbaycan üzrə CACFish-in fəaliyyətini koordinasiya edərək Komissiyanın sessiyalarında və texniki məsləhətçi komitəsinin işində fəal iştirak edir (2011-2018, CACFish-FAO). Bunun nəticəsində 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası FAO və regionun bir sıra ölkələri ilə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı sahəsində qarşılıqlı şəkildə uğurlu əməkdaşlıq aparır. Komissiyanın təsisinə dair keçirilən beynəlxalq görüşlərdə, seminarlarda, elmi-praktiki konfranslarda Azərbaycan, FAO və region ölkələrinin mütəxəssisləri balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafı ilə bağlı müxtəlif problemlərin müzakirəsində və onların həll edilməsi istiqamətində birgə səylər göstərirlər. Komissiya çərçivəsində region ölkələrinə, o cümlədən Azərbaycana, yaxın gələcəkdə balıqçılıq təsərrüfatı və akvakulturanın inkişafına yönəldiləcək inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin və maliyyə dəstəyinin cəlb olunması da nəzərdə tutulur. FAO ilə Azərbaycan Hökuməti arasında 2010-2012-ci və 2013-2016-cı, 2017-2020-ci illər illər üçün hazırlanmış balıqçılıq təsərrüfatı və akvakultura üzrə Milli Ortamüddətli Prioritetlər Çərçivə Sənədinin hazırlanması və həyata keçirilməsində İnstitut fəal iştirak edir.

     

    Azərbaycanda balıqçılıq üzrə mövcud hüquqi və siyasət çərçivəsi sürətlə inkişaf edən akvakultura sektorunun gələcək hüquqi və siyasət çərçivəsinin beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluğunun təmin edilməsi üçün 2011-ci ilin əvvəlindən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu FAO ilə əməkdaşlıq aparılır. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən və FAO-nun texniki dəstəyi ilə hazırlanan və təkmilləşdirilmiş “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən hazırlanmış “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 avqust tarixli 262 s nömrəli sərəncamına əsasən Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən hazırlanmış aşağıda göstərilən normativ hüquqi sənədlər Nazirlər Kabineti tərəfindən 2016-2017-ci illərdə qəbul edilmişdir: Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları (№202; 12.05.2017), Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası (№203; 12.05.2017), Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları (№204; 12.05.2017), Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydaları (№205; 12.05.2017), Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası (№218; 23.05.2017), Balıq və digər su bioresursları ovunun Qaydaları (№243; 02.06.2017), Akvakulturanın həyata keçirilməsi Qaydası (№256; 14.06.2017), Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası (№334; 23.08.2017).

     

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu 2017-ci il 21-23 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyasının işində fəal iştirak etmişdir. İnstitut Azərbaycanın həmin Komissiyada 2 il ərzində (2017-2018) sədrlik fəaliyyəti çərçivəsində xəzəryanı ölkələrlə beynəlxalq əməkdaşlıq üzrə əlaqələndirici işlərini aparır.

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu BMT-nin Biomüxtəliflik Konvensiyasının “Ekoloji və ya Bioloji Əhəmiyyətli Dəniz Əraziləri” layihəsində (EBSA, CBD, UNDP, 2017-2020) Xəzər dənizinin həssas ekosistemlərinin qiymətləndirilməsi və idarəedilməsi üzrə milli layihələrini hazırlamışdır.

    “Azərbaycan Respublikasının “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi ilə əlaqədar Könüllü Hesabatının “Məqsəd 14. Dayanıqlı inkişaf üçün okeanları, dənizləri və dəniz resurslarını qorumaq və onlardan dayanıqlı şəkildə istifadə etmək” bölməsinə dair Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən hazırlanmış məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 aprel tarixli 17/1999-22 nömrəli tapşırığına əsasən, “Azərbaycan Respublikasının “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi ilə əlaqədar atdığı ilkin addımlar haqqında Könüllü Hesabatı”na daxil edilib.

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu 2016-2020-ci illər üzrə Azərbaycan Respublikası üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramı (FAO) tərəfindən milli ekspertlərin iştirakı ilə Ölkə Proqram Çərçivəsi üçün balıqçılıq və akvakulturanın inkişafına dair milli prioritetlərin, məqsədlərin və vəzifələrin müəyyən edilməsində iştirak etmişdir.

     

    Akvakultura sahəsinin gələcək hüquqi və siyasət çərçivəsi, idarəetmə infrastrukturunun təkmilləşdirilməsi, akvakulturanın inkişafı üçün beynəlxalq təcrübə və elmə əsaslanan innovativ texnologiyalarının tətbiqi üzərində Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən işlər aparılır. Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının və güzəştlərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

    “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 256 saylı 14.06.2017-ci il  tarixli qərarının icrası ilə əlaqədar olaraq 2017-ci ildə respublikamızın əksər rayonlarında akvakultura subyektləri ilə görüşlər keçirilmiş, “Balıqçılıq haqqında” Qanuna və bu sahədə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş digər müvafiq qərarlara əsasən, ölkəmizdə balıqçılıq sahəsində, balıq və dıgər su bioresurslarının mühafizəsi, ovu, artırılması, akvakultura fəaliyyətinin uçota götürülməsi, bu sahə üzrə dövlət tənzimlənməsi, idarə edilməsi və nəzarət funksiyaları ilə əlaqədar  vətəndaşlara  məlumatlar verilmiş və müzakirələr aparılmışdır, akvakultura subyektləri qeydiyyata alınmışdır. İnstitut tərəfindən hazırlanmış Ərizəçinin müraciət forması, bioloji-texnoloji əsaslandırmanın və digər sənədlərin nümunəvi formaları Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

     

    Balıqçılıq sahəsinə aid yeganə İnstitut kimi Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu özünün illik, beşillik elmi-tədqiqat işlərinin planını və Elmi Şuranın tərkibini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırır. Hər il İnstitutun elmi-tədqiqat işlərinin planı və Yekun Hesabatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qeydiyyat Mərkəzi tərəfindən qəbul edilir və qeydiyyata alınır. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun yerinə yetirdiyi elmi-tədqiqat işləri balıqçılıq üzrə beynəlxalq qurumlar tərəfindən (Xəzər dənizinin Su Bioresursları Komissiyası, CITES, CEP-UNDP, FAO, AIOC və başqa  konsorsiumlar, “bp” və başqa neft şirkətləri) keyfiyyətinə, həcminə və mahiyyətinə görə şərhsiz qəbul olunur və həmişə yüksək qiymətləndirilir.

     

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun Elmi Şurasına kifayət qədər nüfuzlu və tanınmış alim və mütəxəssislər daxildir:

     

    Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun

    Elmi Şurasının tərkibi

     

    Soyadı, adı,

    atasının adı

    Elmi Şurada vəzifəsi

    Elmi dərəcəsi və elmi adı

    İxtisas şifri və ixtisası

    İş yeri və vəzifəsi

    1

    Axundov Mehman Maqsud oğlu

    sədr

    biologiya üzrə elmlər doktoru, professor

    03.00.13 – insan və heyvan fiziologiyası

    ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, direktor

    2

    Zərbəliyeva Tamara Sultanovna

    sədr müavini

    biologiya üzrə fəlsəfə doktoru

    03.00.18 – hidrobiologiya

    ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu,  elmi işlər üzrə direktor müavini

    3

    Nadirov Səlamət Nurağa oğlu

    elmi katib

    biologiya üzrə fəlsəfə doktoru

    03.00.16 – ekologiya

    ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, elmi katib

    4

    Qasımov Rafiq Yunis-Əli oğlu

    üzv

    biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü

    03.00.13 – insan və heyvan fiziologiyası

    AMEA Fiziologiya İnstitutu, laboratoriya müdiri

    5

    Nəcəfov Canbaxış Əli oğlu

    üzv

    biologiya üzrə elmlər doktoru, professor

    03.00.08 – zoologiya

     

    Bakı Dövlət Universiteti, Zoologiya kafedrasının müdiri, professor

    6

    Hacıyev Rauf   Vahid oğlu

    üzv

    biologiya üzrə elmlər doktoru, professor

    03.00.08 – zoologiya;

    03.00.13 – insan və heyvan fiziologiyası

    Bakı Dövlət Universiteti, Zoologiya kafedrası, professor

    7

    Bağırov Rauf Mömin oğlu

    üzv

    biologiya üzrə elmlər doktoru

    03.00.18 – hidrobiologiya

    ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

    8

    Mehdiyev Arif

    üzv

    biologiya üzrə elmlər doktoru, professor

    03.00.13 – insan və heyvan fiziologiyası

    AMEA Fiziologiya İnstitutu, laboratoriya müdiri

    9

    Mustafayev Namiq Canəli oğlu

    üzv

    biologiya üzrə fəlsəfə doktoru, dosent

    2401.01 –  zoologiya

    AMEA Zoologiya İnstitutu, böyük elmi işçi

    10

    Cəfərova Elnarə Eldar qızı

    üzv

    biologiya üzrə fəlsəfə doktoru, dosent

    2401.01 – zoologiya

    ETSN, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

    11

    Məmmədov Elçin Vaqif oğlu

    üzv

    biologiya üzrə fəlsəfə doktoru

    03.00.08 – zoologiya

    ETSN,  Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

    12

    Süleymanov Süleyman         Şakir oğlu

    üzv

    biologiya üzrə fəlsəfə doktoru, dosent

    03.00.08 – zoologiya

    ETSN,  Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi

    13

    Hüseynova Gülarə Həmid qızı

    üzv

    biologiya üzrə fəlsəfə doktoru

    03.00.08 – zoologiya;

    03.00.13 – insan və heyvan fiziologiyası

    ETSN,  Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, böyük elmi işçi