Faydalı Bölmələr

Görülən işlər

2017-ci il ərzində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi

istiqamətində görülən işlər

 

Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. 2017-ci il ərzində əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbir həyata keçirilib.                 

Ekoturizmin inkişafı, ətraf mühit barədə məlumat və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə respublikanın bütün regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda müxtəlif mövzularda, o cümlədən, “Ətraf mühitin mühafizəsində ictimaiyyətin rolu”, “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi”, “Bioloji  müxtəliflik  günü”, “Ekologiyamızı qoruyaq”, “Ekologiya və mədəniyyət, ekoloji etika haqqında”, “5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günüdür”, “Müasir dünyanın ekoloji problemləri”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətləri”,  “Meşələrin və yaşıllıqların qorunması”,“Ətraf mühitin mühafizəsində insan hüquqları”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi - sağlamlığımıza təminatdır”, “Əhalinin içməli su problemləri”, “Yaşıllıqları qorumaq vətənə xidmətdir”, “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında”, “Şəhərimizi təmiz saxlayaq”, “Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təminatıdır”, “Azərbaycanın füsünkar guşələri və xüsusi mühafizə olunan təbiət əraziləri”, “Ekoloji fəlakətin qarşısının alınmasında meşələrin rolu”, “Rodon qazı və onun ətraf mühitə təsiri”, “Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər keçirilib, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilib, Milli Parklara ekoturlar təşkil edilib.

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 07 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası olaraq  ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” mövzusunda seminar-məşğələlər keçirilib, elm adamları, vətəndaş və qeyri-hökumət təşkilatlarının nümayəndələri mükafatlandırılıb, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilib, Türkan-Qala yolunun ətrafında olan aqromeşə massivinin genişləndirilməsi məqsədilə ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə iməcilik keçirilib.

Beynəlxalq ekoloji təqvim günlərində də təhsil müəssisələrində və digər təşkilatlarda ekoloji təbliğat xarakterli kütləvi tədbirlər təşkil olunub, Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində tələbə gənclərin iştirakı ilə “Ətraf mühiti indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda dəyirmi masa, yaşıllıqlara qulluq edilməsi, ərazilərdə abadlaşdırma və təmizlik işləri aparılması məqsədilə iməciliklər keçirilib, əhalinin ətraf mühitin sağlamlaşdırılmasında fəal iştirakı ilə əlaqədar respublika ərazisində çağırış xarakterli tablolar  yerləşdirilib.

Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması ilə əlaqədar Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası (Tehran Konvensiyası-12 avqust 2006-cı il) ratifikasiya olunduqdan sonra 12 avqust tarixində “Xəzər günü”nün qeyd olunması məqsədilə tədbirlər həyata keçirilib. Bununla əlaqədar müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Nazirlikdə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib. Eyni zamanda, belə maarifləndirici tədbirlər regionlarda, digər Xəzərsahili zonalarda təşkil edilib. 

Ölkəmizdə hər il “Beynəlxalq dəniz günü” ilə əlaqədar “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 2017-ci il 30 sentyabr tarixində ETSN əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.

Orta ümumtəhsil müəssisələrində “Ekoloji guşələr”in yaradılması məqsədilə onlara müvafiq plakatlar, kitablar, broşurlar, bukletlər, təbii sərvətləri əks etdirən süxur nümunələri təqdim edilib.

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həmçinin regionlarda ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması məqsədilə ictimai müzakirələr keçirilib.

Ümumilikdə 2017-ci il ərzində ətraf mühit məsələlərini əks etdirən 376 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilib, kütləvi informasiya vasitələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini, həmçinin ətraf mühitin vəziyyətini əks etdirən 3730-dan artıq material dərc olunub, həmçinin televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilib. Vətəndaşlar tərəfindən Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə daxil olmuş 3466 müraciət müvafiq qaydada cavablandırılıb.

2017-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasısahəsində müvafiq işlər davam etdirilib.  Bu istiqamətdə geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciət və sənədlərin qəbulu, CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciət və sənədlərin qəbulu üzrə yeni elektron xidmətin e-xidmet.eco.gov.az da yaradılması və e-gov.az dövlət elektron xidmətlər portalına inteqrasiyası, 3 yeni xidmət üzrə Elektron Xidmətlər portalındakı xidmətlər üzrə ərizə və müqavilə formalarının onlayn rejimdə istifadəçiyə əlçatanlılığı təmin edilib.

 Həmçinin, 3 yeni xidmət üzrə istifadə rahatlığı məqsədi ilə PDF, Word və video təlimat hazırlanıb elektron portalda yerləşdirilib, Samur  Yalama Milli Parkına onlayn bilet satışı təmin edilib, https://e-xidmet.eco.gov.azhttp://eco.gov.az/az elektron portallarında xüsusi mühafizə xidməti tərəfindən təhlükəsizlik yoxlamaları nəticəsində aşkar olunmuş boşluqları aradan qaldırılıb, twinning.eco.gov.az saytı hazırlanaraq Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təhlükəsizlik yoxlanışından keçərək yayımlanıb.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 468 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid daha 3 xidmət - “Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi”, “Ovçuluq biletinin verilməsi”, “Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi” Nazirliyin elektron xidmətlər portalında yerləşdirilib, hazırda Elektron Hökumət Portalına inteqrasiya edilməsi üçün lazımı tədbirlər görülməkdədir.

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən ETSN-nin göstərdiyi xidmətlərə dair müvafiq məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərinin Elektron Reyestri informasiya sisteminə daxil edilib və mütəmadi olaraq yenilənmə aparılır.

Vergilər Nazirliyinin “Avtomatlaşdırılmış vergi informasiya sistemi”ndən (AVİS) istifadə etmək üçün sənədlər işçi qaydada razılaşdırılaraq imzalanıb və AVİS-ə inteqrasiya üçün texniki işlər yekunlaşıb.Eyni zamanda, elektron xidmətlərin təbliği və ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə elektron xidmətləri həyata keçirən əməkdaşlara metodiki köməkliyin göstərilməsi üçün seminar və maarifləndirici tədbirlər keçirilib.