Saytın Xəritəsi

Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi layihəsi

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi layihəsi

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə 2007-2012-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 222 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 400 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.
Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş vəziyyətdə olan Kür və Araz çaylarının suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılmış və monitorinqlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərmişdir. Ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 1000 metrədək məsafədən axan mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilmişdir.
Sutəmizləyici qurğuların layihələndirilməsi və onlarda istifadə olunan texnologiyaların seçilməsində su mənbələrinin çirklilik dərəcəsi, kəndlərdə yaşayan əhalinin sayı, yerlərdə enerji təminatının vəziyyəti və digər parametrlər əsas götürülmüşdür.
Kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilmişdir və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğudan alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Supaylayıcı şəbəkə hər bir kənddə əhalinin sayından və kəndin yerləşmə sxemindən asılı olaraq qurulmuş və hər birində 2 ədəd kran qoyulmuş supaylayıcı məntəqədən və məntəqəni sutəmizləyici qurğu ilə birləşdirən içməli su üçün nəzərdə tutulmuş müxtəlif diametrli boru xətlərindən ibarətdir. 
Kənddə tikilmiş supaylayıcı məntəqələrin bir-birindən məsafəsi 150-300 metr təşkil edir. Bu o deməkdir ki, kənddə yaşayan əhali ən uzağı 150 metr məsafə qət etməklə içməli su götürə bilir. 
2007-2012-ci illər ərzində 156 kənddə quraşdırılmış sutəmizləyici qurğuların 53 ədədini Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmış, 67 ədədini Cənubi Koreya istehsalı olan və osmos texnologiyalı, 98 ədədini isə yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan qurğular təşkil edir. 
Bu müddət ərzində sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı 1381 km uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş, 3198 ədəddən çox supaylayıcı məntəqə tikilmiş və üzlüklə örtülmüşdür. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər 500 metrədək məsafəyə elektrik dirəkləri basdırılaraq elektrik xətti çəkilmişdir. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər 1000 metrədək uzunluğunda boru və elektrik xətləri çəkilmişdir. Yaşayış məntəqələrinin bir neçəsində elektrik transformatoru, elektrik enerjisinin aşağı olması səbəbindən kəndlərin əksəriyyətində elektrik tənzimləyicisi (stabilizator) quraşdırılmışdır. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır.
Sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin layihələndirilməsində kənd icmasının nümayəndələri, kənd ağsaqqalları, bələdiyyələr, icra nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmiş və tərtib olunan işçi və dövlət aktları bütün aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra sutəmizləyici qurğular müvafiq kənd bələdiyyələrinin istismarına verilmişdir. Sutəmizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir.
Ümumiyyətlə, Kür-Araz boyu kəndlər müxtəlif su mənbələrindən istifadə edib (Kür və Araz çayları, drenaj və suvarma kanalları və s.). Bu suların çirklənmə səbəbləri və xarakteri fərqlidir (suvarma kanallarında daha az lilli, lakin mikrobioloji cəhətdən və kimyəvi tərkibinə görə çox çirklidir; drenaj arxlarında pestisidlərin çirklənmədə rolu da böyükdür; və s.). Buna görə də müxtəlif mərhələlərdə müxtəlif xarakterli çirklənmələrə qarşı qurğular quraşdırılıb. I mərhələdə nisbətən kiçik kəndlər, drenaj arxlarından istifadə edən məntəqələr əhatə olunub. Qurğular da bu xüsusiyyətlərə uyğun quraşdırılıb.
Növbəti mərhələdə isə (2008-ci ildə) müəyyən edilmiş yaşayış məntəqələrinin əksəriyyətinin su mənbəyi bilavasitə Kür və Araz çayları olduğu üçün və çaylarda çirklilik dərəcəsinin (bəzi hallarda suda ağır metalların mövcudluğu) daha yüksək olması səbəbindən qərara gəlindi ki, suyun təmizlənməsi sahəsində unikal və ən müasir hesab edilən tərs osmos sistemlərindən istifadə edilsin. Bu səbəbdən Cənubi Koreyanın “Hyudai Wacor Co Inc.” şirkətinin təklifi Tender Komissiyası tərəfindən həm iqtisadi, həm də texnoloji baxımdan ən əlverişli kimi qiymətləndirilmişdir. Belə ki, qeyd olunan şirkət tərəfindən təqdim edilmiş qurğuların dəyəri Almaniya, Fransa və tender prosesində iştirak edən digər dövlətlərin şirkətlərinin təklif etdikləri analoji qurğuların dəyərindən 2-3 dəfə ucuz olmuşdur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, hal-hazırda suyun zərərsizləşdirilməsi prosesində istifadə etdiyimiz ultra fiolet lampalar həmişə əlverişli olmadığı üçün (“Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən Kürdəmir və Ucar rayonlarının bəzi kəndlərində quraşdırılmış sutəmizləyici qurğular da buna misal ola bilər və keçirilmiş laboratoriya analizləri sistemdən çıxan suyun əslində təmiz deyil, əksinə çox çirkli olduğunu müəyyən etmişdir) suyun təmzilənməsi prosesinə əlavə olaraq xlorlama və xlordan azad etmə qurğuları alınaraq quraşdırılmış və bu daha effektiv nəticələr əldə etməyə imkan vermişdir. Bundan başqa, su hövzəsindən götürülən xam suyun bulanıqlığının azaldılması üçün əlavə olaraq 66 kənddə 40-90 m3 həcmində xam su hovuzları da inşa edilmişdir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin quraşdırdığı qurğuların gücündən asılı olaraq su 7-18 mərhələdən ibarət sistemdə təmizlənir. Su mənbədən götürüləndən əhaliyə çatdırılana qədər qapalı sistemdə olur. Yəni dalğıc nasosla su mənbədən ilkin çökdürmə çəninə sonra xam su çəninə, oradan filtirlərə və təmiz su çəninə, son olaraq supaylayıcı şəbəkə vasitəsilə bulaqlara verilənə qədər ətraf mühitlə əlaqəsi olmur. Yəni, təmizləmə və paylama prosesində suya kənar müdaxilə və çirklənmə halları baş vermir. Çünki Nazirliyin quraşdırdığı qurğularda suyun təmizlənərək bulaqlara ötürülməsi 3 avtonom rejimdə həyata keçirilir. 1-ci, nasos vasitəsilə su xam su çəninə vurulur, 2-ci, xam su çənindən su ikinci nasos vasitəsilə filtirlərdən keçməklə təmiz su çəninə ötürülür və nəhayət təmiz su hidrofor nasosla supaylayıcı məntəqələrə vurularaq çətin və mürəkkəb bir prosesdən keçir. Koreya qurğuları qurulmuş 67 kənddə əlavə olaraq 4-cü nasos vasitəsilə su osmos membran filtrlərinə vurulur.
2007-2012-ci illər ərzində Respublikamızın 20 rayonunun 222 kəndində sutəmizləyici qurğuların alınaraq quraşdırılması və supaylayıcı şəbəkənin yaradılması üçün 31564,0 min manat vəsait ayrılmışdır.
Bu vəsaitin 4925 min manatı vergi, rüsum və digər ödəmələr şəklində büdcəyə qaytarılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən sutəmizləyici qurğular bələdiyyələrin istismarına verilsə də, ötən müddət ərzində bələdiyyələr tərəfindən sutəmizləyici qurğuların fəaliyyətinə lazımi qulluq göstərilməməsi, işə məsuliyyətsiz yanaşmaları, o cümlədən sutəmizləyici qurğuların işinə cəlb olunmuş işçilərin əmək haqqının və qurğuların istifadəsi ilə bağlı elektrik enerjisi haqqının ödənilməməsi, qurğuların abad və işlək vəziyyətdə olmasına gündəlik nəzarət edilməməsi bu qurğuların fəaliyyətində fasilələrin yaranmasına gətirib çıxarırdı.
Bu problemlərin həlli ilə bağlı müxtəlif alternativ variantlar təklif edilmiş və 30 iyul 2010-cu il tarixində Nazirlər Kabinetinin 239 s saylı Sərəncamına əsasən qurğuların istismarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır. Bundan sonra qısa müddət ərzində Nazirliyin bu məqsədlə yaradılmış müvafiq qurumu tərəfindən yerlərdə qurğulara xidmət göstərən operatorlarla əmək müqavilələri bağlanaraq işə götürülmüş, qurğuların istismarı zamanı yaranmış elektrik enerjisi sərfi ilə bağlı borcların ödənilməsi və müvafiq bələdiyyələrlə qurğuların istismarı ilə bağlı müqavilələrin bağlanması istiqamətində işlər aparılmış, sutəmizləyici qurğular işlək vəziyyətə gətirilmiş, o cümlədən, filtrlər yeniləri ilə əvəz edilmişdir. Qurğuların istismarına cəlb olunmuş işçilərin əmək haqlarından başqa qeyd edilən işlərə dövlət büdcəsindən vəsait xərclənməmişdir. 
Bundan başqa, Respublikamızda yay mövsümündə baş vermiş daşqınlar nəticəsində 6 rayonun 14 kəndində sutəmizləyici qurğular su altında qalmış, çəkilmiş supaylayıcı şəbəkəyə ciddi zərər dəymişdir. Dövlət büdcəsinə müraciət edilmədən zərər çəkmiş qurğular və bölüşdürücü şəbəkə tam bərpa edilmişdir. 
Nazirliyin yaratdığı idarə tərəfindən qurğuların istismarı təşkil edilmiş, sutəmizləyici qurğular müntəzəm olaraq sərf materialları (dəyişdirilən filtrlər, dezinfeksiyaedici, yuyucu və çökdürücü maddələr və s.) ilə təchiz olunur, sıradan çıxmış hissələr dəyişdirilir, boru xətlərində yaranan nasazlıqlar, qurğuların istismarında yaranan digər problemlər operativ olaraq aradan qaldırılır, onların istismarında işçilərə metodik və texniki yardım göstərilir. 
Qanunvericiliyə müvafiq olaraq İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin də iştirakı ilə keçirilmiş açıq tender nəticəsində İsrailin “Odis Filtering LTD” şirkətinin təklifi Tender Komissiyası tərəfindən həm iqtisadi, həm də texnoloji baxımdan ən əlverişli kimi qiymətləndirilərək həmin şirkətlə müqavilə imzalanmışdır. “Odis Filtering LTD” şirkəti su təmizləyici texnologiyalar sahəsində İsraildə lider və dünyada tanınmış şirkətdir (şirkətin sayt ünvanı-www.odisfiltering.com). 
Tikinti-quraşdırma işləri “Odis Filtering LTD” şirkəti ilə subpodrat müqavilə əsasında yerli şirkətlər tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinın Sərəncamına əsasən ayrılmış 2,0 milyon vəsait avans olaraq bank zəmanəti məktubu əsasında “Odis Filtering LTD” şirkətinə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 10,0 milyon manat vəsaitin 2010-cu il ərzində 6 783,2 min manat ayrılmış hissəsindən “Odis Filtering LTD” şirkətinə akkredit qaydasında ödəniş üçün 1608,3 min manat vəsait açılmış, “Odis Filtering LTD” şirkəti və onun subpodratçı təşkilatına tikinti-quraşdırma işləri üçün 3697,0 min manat, ƏDV-yə 674,1 min manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Baş İdarəsinin Dövlət Ekspertizası və Tikintidə Qiymətqoyma Mərkəzinə layihənin qanunamüvafiq qaydada təsdiqi üçün 50,2 min manat, qurğu və avadanlıqların ƏDV və gömrük rüsumları üçün 752,0 min manat, bank xidmət xərcləri üçün 1,6 min manat ödənilmişdir. Qalan 3216,8 manat vəsait hesabına isə 2011-ci ildə sutəmizləyici qurğuların quraşdırılması işləri davam etdirilir. 
Sərəncamın icrasının davamı məqsədilə 2010-cu il ərzində 16 rayonun (Sabirabad, İmişli, Neftçala, Salyan, Kürdəmir, Biləsuvar, Ağsu, Hacıqabul, Göyçay, Saatlı, Ucar, Zərdab, Yevlax, Füzuli, Beyləqan, Samux) 76 min nəfərdən çox əhalisi olan 34 kəndində yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan modul tipli sutəmizləyici qurğuların gətirilməsi və quraşdırılması işləri başa çatmaq üzrədir. Həmin kəndlərdə 300 kilometrə yaxın boru kəməri çəkilmiş, 800-dən çox supaylayıcı məntəqə inşa edilərək üzlüklə örtülmüşdür. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər elektrik xətti çəkilmiş, ehtiyac olan yerlərdə elektrik dirəkləri basdırılmışdır. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər boru və elektrik xətləri çəkilmişdir. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır.
Yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlamazdan əvvəl bu məqsədlə hazırlanmış layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə, smeta sənədləri isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi ilə razılaşdırılmışdır.